Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:58

Qazaxıstanda etirazlar niyə böyüdü


Qazaxıstanda etirazların xəritəsi
Qazaxıstanda etirazların xəritəsi

Nazarbayevin ailəsi və dostlarının inanılmaz sərvəti, dəbdəbəli həyatı haqda informasiyalar yayıldığı bir dönəmdə bir çox sakinlərin dolanışığı çətindir. Siyasi sistem isə əhalini çıxdaş etməkdədir...

Qazaxıstanda gərginlik illərdi qaynayırdı, amma heç kəsin ağlına gəlməzdi ki, yanvarın 2-də Janaozen şəhərində onlarlar etirazçının küçəyə çıxması ölkədə kütləvi nümayişlərə, baş nazirin istefasına gətirəcək, etirazçılar hökumət binalarına girəcək, polisi, əsgərləri tərksilah edəcəklər.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır ki, Janaozendə maye qazın iki dəfə bahalanması əhalidə illərlə yığılmış məyusluğu alovlandırdı. Hökumət korrupsiyası, təbii resurslarla zəngin ölkədə pis iqtisadi şərait, azad və ədalətli seçki keçirilməməsi əhalinin səbr kasasını daşdırdı.

2016-cı ildən başlanan etirazlar

2016-cı ilin yazında Qazaxıstanda minlərlə insan torpaq özəlləşdirilməsi islahatlarına qarşı çıxıblar. Onda torpağın özəlliklə çinlilər olmaqla əcnəbilərə satılacağı haqda şayiələr yayılmışdı.

Ancaq etirazçıların tələb siyahısındakı məsələlərdən biri milli valyuta tengenin devalvasiyasından öncə xarici valyutada kredit götürmüş şəxslərin borc yükünün azaldılması ilə bağlı idi.

2015-ci ilin sonunda bir dolların 182 tengedən 340-a qalxması inflyasiyanı yüksəltdi. 2016-cı ilin yazında əhali etiraza çıxdı.

O zaman hökumət torpaq islahatı təklifini geri çəkdi, borcluların yükünü azaltmaqdan ötrü banklarla işlədi, maaşları, sosial müavinətləri qaldırdı.

Amma bütün bunlar əhalinin problemlərinin həllinə cüzi təsir göstərdi.

Tokayevin islahat cəhdləri

2019-cu ilin martında Qazaxıstanın ilk və o vaxtdan yeganə prezidenti Nursultan Nazarbayev istefa verərək, dostu və tərəfdarı Kasım Jomart Tokayevi varisi seçdi.

Tokayevin ilk addımlarından biri paytaxt Astananı Nur-Sultan adlandırmaq oldu. O, Nazarbayevin qızı Dariqanı ölkədə ikinci vəzifəyə, Senatın spikeri postuna gətirdi.

Bu addımlar da qazaxıstanlıların çoxunu qəzəbləndirdi. 2019-cu ilin 9 iyun erkən prezident seçkisindən əvvəl və sonra etirazlar baş verdi.

Üstəlik, Tokayevin dəyişiklik vədinə baxmayaraq, Nazarbayev Təhlükəsizlik Şurasının katibi kimi ölkə siyasətində əsas rolunu saxladı.

Müəllif Tokayevin istənilən islahat cəhdinin əhalinin ümidlərini doğrultmadığını yazır. Koronavirus pandemiyası isə hakimiyyətə etiraz nümayişlərinin qarşısını almaq fürsəti verdi.

Rusiyalı deputatlar Qazaxıstanda reklamların yalnız qazax dilində olmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Siyasi qadağalar

Qazaxıstan parlamentinin aşağı palatası Məclisə 2021-ci ilin 10 yanvar seçkilərindən əvvəl və sonra da etirazlar oldu. Qeyri-demokratik keçmiş seçkilərin nəticələrinə görə, eyni hökumətyönlü partiyalar qanunverici orqana keçdi. Müxalifət partiyalarının seçkiyə getməsinə imkan verilmədi.

Senat üzvlərinin seçilməsində isə seçicilər ümumiyyətlə iştirak etmir.

O zaman Qazaxıstanda leksikona “ketlinq” termini daxil oldu. Polisin etirazçıları mühasirəyə alaraq həmin əraziyə heç kəsin girib-çıxmasına icazə verməməsinə “ketlinq” deyilir. Bəzən saatlarla çəkən bu taktikanın məqsədi etirazçıların planlarnı pozmaqdır.

İctimai yürüşlərlə bağlı yeni qanun isə hakim orqanlardan icazə alınmasını məcburi etdi. Hökumətin siyasətinə qarşı nümayiş planlaşdıranlara bir qayda olaraq icazə verilmirdi.

Hakimiyyət eyni zamanda fəallara, yürüş təşkilatçılarına qarşı qabaqlayıcı reydlər keçirdilər, sosial şəbəkələr vasitəsilə elan olunan nümayişlərdən öncə, ta aksiya müddəti bitənədək onları naməlum ittihamlarla saxladılar.

Yarımçıq güzəştlər

Bu arada bəzi sosial müavinətlər qaldırılsa da, adamlar tələblərinin hamısını əldə edə bilmirdilər. ötən il ölkədə hər şeyin bahalanması son 20 ilin ən böyük fəhlə etirazları və tətillərinə səbəb oldu.

Tətilçilərə müəyyən güzəştlər olunsa da, tələbləri tam yerinə yetirilmədiyindən tətili davam etdirdilər.

Nazarbayev istefa verəndə Qazaxıstanın yeni eraya daxil olacağı, əhalinin siyasətdə daha böyük rol oynayacağına, həyat səviyyəsinin yüksələcəyinə ümidlər yaranmışdı.

Üç il keçməsinə baxmayaraq, Tokayevin idarəçiliyi altında bunlar baş vermədi, sonucda məyus xalq kütləvi etirazlara çıxdı.

“Şal ket”

Nazarbayevin ailəsi və dostlarının inanılmaz sərvəti, dəbdəbəli həyatı haqda informasiyalar yayıldığı bir dönəmdə bir çox sakinlərin dolanışığı çətindir. Siyasi sistem isə əhalini çıxdaş etməkdədir. Bəzi müxalifət qrupları qeydiyyata alına bilmir.

Janaozendə hökumət bəzi məmurları etitrazçılarla görüşə göndərsə də, onlar nifrətlə qarşılanıblar. 2021-ci il etirazlarında da oxşar hal yaşanmışdı. İki hökumətyönlü partiyadan rəsmilər tətil edən neftçilərlə görüşdə onlara deyiblər ki, “biz sizin seçdiyiniz deputatlarıq”. Fəhlələr isə belə cavab veriblər: “Sizi bu postlara təyin ediblər – sizi xalq seçməyib”.

Son illər Qazaxıstanda “Şal ket”, yəni “rədd ol, qoca” sözləri tez-tez eşidilirdi. Bu sözlər həm Nazarbayevə, həm də onun yaratdığı sərt rejimə aid edilir.

Brüs Panyer Qazaxıstanda indiyədək görünməyən etirazların xalqın hökumətə etimadsızlığının göstəricisi olduğunu yazır.

“Görünən odur ki, rəsmilərin qazaxıstanlılara verdiyi yarımçıq vədlər, etdiyi cüzi güzəştlər bu dəfə işə yaramayacaq”, – müəllif yazır.

XS
SM
MD
LG