Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:58

Başqa ölkələr də Qərbin Belarusa qarşı sanksiyalarına qoşulur


Avropa İttifaqı bildirir ki, yeddi qeyri-ittifaq olkəsi də Belarus aviaşirkətlərinin təyyarələrinə qoyulan qadağana qoşulub.

Bu qadağana görə Belarus təyyarələrinə həmin ölkələrin hava məkanından və hava limanlarından istifadə icazəsi verilmir.

Avropa İttifaqı bu qadağanı Belarus hakimiyyətinin Ryanair təyyarəsini məcburi qaydada Minskə endirməsinə və sərnişinlərin arasında olan müxalifət jurnalistini həbs etməsinə görə qoyub.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell iyunun 21-də deyib ki, qadağan qərarına ittifaq üzvlüyünə Qərbi Balkanlardan namizəd olan dörd ölkə - Albaniya, Monteneqro, Şimali Makedoniya və Serbiya, habelə İslandiya, Lixtenşteyn və Norveç də qoşulacaq.

Bu qadağan qərarı Ryanair təyyarəsinin mayın 23-də Minskə endirilməsinə görə iyunun 4-də Avropa İttifaqının 27 üzvü tərəfindən qəbul olunub.

Bu qərar Belarus təyyarələrinin ittifaqın hava məkanına və hava limanlarına daxil olmasını qadağan edir.

Borrell qeyri-ittifaq ölkələrinin bu həmrəylik addımını alqışlayıb.

Dövlət səviyyəsində “təyyarəqaçırma”

Əksər ölkələr Alyaksandr Lukaşenka hökumətinin sərnişin təyyarəsini endirməsini və dissident jurnalist Raman Prataseviçi və onun rusiyalı yoldaşını həbs etməsini “dövlət təyyarə girovçuluğu” kimi qiymətləndiriblər.

Borrelin bəyanatı ilə eyni gündə Avropa İttifaqı, ABŞ, Britaniya və Kanada Lukaşenka hökumətinə və Belarus iqtisadiyyatına yeni və daha ağır sanksiyalar elan ediblər.

Sanksiyalar Lukaşenkanın yaxın çevrəsinə və ailə üzvlərinə də şamil edilir.

Bu şəxslərə Avropa İttifaqı ölkələrinə səfər etmək qadağan edilir və onların Avropadakı aktivləri dondurulur.

Bu qərarla Belarusun potaş gübrəsi ixracatına, habelə neft və neft emalı məhsullarına qadağan qoyulur.

Lukaşenkanın oğlu Viktarın yoldaşı Liliya Lukaşenkaya da sanksiyalar qoyulub
Lukaşenkanın oğlu Viktarın yoldaşı Liliya Lukaşenkaya da sanksiyalar qoyulub

Minsk sanksiyaları “iqtisadi müharibə” adlandırır

Minsk iyunun 22-də bildirib ki, sözü gedən sanksiyalar Belarus vətəndaşlarının durumuna mənfi təsir göstərəcək və hökumət sanksiyalara qarşılıqlı cavab addımları atmalı olacaq.

Belarus XİN-in bəyanatında deyilir ki, Avropa İttifaqı “bilərəkdən və məqsədli şəkildə guya “rejimin maliyyə kanallarını qurutmaq” üçün əhalimizə qarşı destruktiv əməllərini davam etdirir”.

Minskin bəyanatında Avropa İttifaqının sanksiyaları “iqtisadi müharibə” adlandırılır.

Borrell deyib ki, sözü gedən sanksiyalar bu həftənin sonunda ittifaq ölkələri liderlərinin sammitində təsdiq olunmalıdır.

Avropa İttifaqı, ABŞ və başqa ölkələr bundan əvvəl də Belarus hökumətinin müxalifət üzərinə qəddar hücumlarına görə Minskə sanksiyalar elan ediblər.

Avropa İttifaqı, ABŞ və digər Qərb ölkələri Lukaşenkanın legitimliyini tanımadıqlarını bildiriblər.

XS
SM
MD
LG