Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:56

Qəzet redaktorları dövlət yardımının dayandırılmasından nə deyirlər?


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsi ilə bağlı yeni şərtləri açıqlayıb.

“Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər”, – qurumun saytında yerləşdirilən məlumatda qeyd edilir.

Redaktor Mahir Rüstəmli: “Niyə belə bir ayrıseçkilik olmalıydı?”

Şərtlər narazılıqla qarşılanıb. Bu səbəbdən çap versiyasını tamam dayandırmağı düşünənlər də var, yeni şərtlərə ayaqlaşmağa cəhd edənlər də. Narazılardan biri də “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlidir. Məsələ bundadır ki, Fond idman qəzetlərinin maliyyələşdirilməsini də dayandırır. Hər halda, müsabiqənin şərtləri ilə bağlı elanda idman qəzetləri haqda heç nə yazılmır.

Mahir Rüstəmli
Mahir Rüstəmli

Mahir Rüstəmli qurumla əlaqə saxlasa da, konkret izahat ala bilmədiyini deyir. Odur ki, prezidentə müraciət etməyə hazırlaşır. O, idman mətbuatına olan ayrıseçkiliklə bağlı açıqlama verilməsini və ya bu məsələyə yenidən baxılmasını istəyir:

“Elanda qeyd olunub ki, müsabiqəyə ancaq ictimai-siyasi qəzetlər buraxılacaq. Bu şərt varsa, bizim ora layihə göndərmək, müsabiqədə iştirak etmək hüququmuz əlimizdən alınır. Buna görə də hamıda narahatlıq yaranıb. Niyə belə bir ayrıseçkilik olmalıydı? İndiyə qədər olmayıbsa, indi bunu zəruri edən səbəb nədir?”

Qəzet 2013-cü ildən bu müsabiqəyə qatılaraq ildə 60 min manat alıb. Bu müddətdə və bu məbləğlə qəzetin tirajını artırmaq mümkün idimi? Mahir Rüstəmli cavab verir ki, bu yöndə irəliləyiş mümkünsüzdür. O bunu abunə sisteminin darmadağın, yayım sisteminin bərbad olması ilə izah edir:

“Bu gün fevralın 1-idir. Mən 2 gün sonra işçilərin maaşını verməliyəm, amma mən yayım firmalarından hələ dekabrın pulunu ala bilməmişəm. Bu vəziyyətdə necə inkişafdan danışmaq olar? Və ya qəzet kağızının tonu 1000 dollardır, metal təbəqə, qəzet istehsalı üçün zəruri boyalar xaricdən gətirilir. Bu xərclər üst-üstə yığılanda inkişafdan danışmaq olmur”.

Aydın Quliyev: “Fondun qərarını müzakirə etmək bizə düşməz”

“Bakı xəbər” qəzetinin redaktoru Aydın Quliyev Fondun qərarına təəccüblənmədiyini söyləyir. O dediyinə əlavə edir: “Fondun qərarını müzakirə etmək bizə düşməz”. Redaktor qurumun son 7-8 ildə artıq 3-cü dəfədir ki, “şərtləri təkmilləşdirdiyini”, hər dəfə tirajla bağlı tələbin artırıldığını deyir.

Aydın Quliyev
Aydın Quliyev

Buna görə də Aydın Quliyev artıq fevralın 1-dən şərtlərə uyğunlaşmağa çalışdıqlarını bildirir:

“Həm qəzetin tirajını, həm də satış səviyyəsini qoyulan tələblərə uyğunlaşdırmaq üçün bütün gücümüzü işə salmışıq. Kollektivin qərarı belədir ki, aprelin əvvəlinə qədər – yəni yeni şərtlərin qüvvəyə mindiyi vaxtadək – çapımızı davam etdirək. Biz maliyyə ala bilərik. Çünki Mətbuat Şurasından xəbərdarlıq almamışıq. Son 3 ildə gündəlik çap edilmişik. Gündəlik tirajın 5 min, yayımın 2 min olması şərtini isə növbəti iki ayda görüləcək işlərdən sonra mümkün hesab edirik. Bizim üçün hər nə qədər çətin də olsa”, – redaktor deyir.

Bahəddin Həzi: “Yaradıcılıq azadlığı olmayan yerdə”

Fond şərtləri elan etdiyi vaxtda “Bizim yol” qəzeti çap versiyasını dayandırdığını, onlayn fəaliyyət göstərəcəyini bəyan edib. Qəzetin redaktoru Bahəddin Həzinin sözlərinə görə, normal qəzetin çıxması üçün 3 komponent birləşməlidir: yaradıcılıq, istehsalat, kommersiya:

“Yaradıcılıq azadlığı olmayan yerdə, istehsalata sərmayə yatırmaq imkanları olmayan yerdə normal qəzet çıxarmaq mümkün deyil. Sadəcə “dövlətdən yardım alırıq deyə qəzet çap etmək” yanaşması doğru deyil. Bizim qərar sırf Fondun şərtləri ilə bağlı olmasa da, deməliyəm ki, həmin şərtlər çox çətindir. İndiki qəzet bazarında 5 min tirajla çıxmaq mənə real gəlmir. Qəzetlərin metrostansiyalarda satışı yığışdırılıb, “Azərmətbuatyayım”-ın qəzet köşkləri azaldılıb, yeni köşklərdəsə qəzetdən başqa nə desən satırlar. Bu şərtlər daxilində normal qəzet çıxarmaq mümkün deyil”.

Rövşən Hacıbəyli: “İstədiklərinə çatdılar, tənqidçi media sıradan çıxarılıb”

Artıq uzun zamandır çapını dayandırmış “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli qəzetlərin dövlət səviyyəsində maliyyələşdirilməsini ilk gündən tənqid edənlərdən olub.

O da, tərəfdarları da qəzetlərin fəaliyyət göstərə bilməsi üçün azad mühit yaradılmasını, basqı olmamasını təklif ediblər:

“Ancaq bunlar mətbuatı susdurmaq yolunu tutdular və KİV-ə Dəstək Fondu yaratdılar. Fondun vasitəsilə də bütün mətbuatı nəzarət altına aldılar. Təbii ki, dövlət dəstəyi alan mətbuatın dövlət səviyyəsindəki kriminal hallardan, korrupsiyadan, rüşvətdən yazmağa cəsarəti çatmazdı. Fond yaradılanda dedilər ki, qəzetlərin müstəqilliyi artsın, kimdənsə asılı olmasınlar. Zaman bizim dediyimizi sübut etdi ki, həmin qurum mətbuatı basqı altında saxlamaq, nəzarət etmək üçün yaradılmışdı. Belə bir mətbuatın yaşaması da mümkün deyildi”.

Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli

Onun sözlərinə görə, tənqidçi media sıradan çıxarılıb və meydanda hökumətyönlü media qalıb, onları dövlət büdcəsindən maliyyələşdirməksə səmərəsizdir:

“Düşündülər ki, faydası olmayan yerə pul xərclənir, ona görə şərt qoyublar ki, qəzetlər 5 min tirajla çıxsın. Elə tiraj yoxdur, onların tirajı heç minə çatmırdı. Satış firmalarından birindən mənə dedilər ki, KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyəşdirdiyi bir qəzetə satışdan 3 manat pul verilib. Təsəvvür edirsiniz? Belə qəzeti saxlamağın faydası yoxdur. Üstəlik də istəklərinə çatıblar, susqun jurnalistika yaradıblar. Ona görə üstündən xətt çəkdilər. Saxlayacaqları qəzetlər isə özlərinin qəzetləridir”.

Köşə yazarı Elnur Astanbəyli isə sosial mediada yazır: “Azadlıq” qəzeti bağlananda etiraz etmək lazım idi. Tənqidçilər susdurulanda tərifçilərə də ehtiyac qalmır”.

Fondun izahati

AzadlıqRadiosu Fonddan açıqlama ala bilməyib. Qurum üzvlərinin çoxu tədbirdə olduqlarını bildiriblər.

Fondun saytında yerləşdirilən məlumatda isə icraçı direktoru Vüqar Səfərliyə istinadla yazılır ki, dünyada internet media resursları sürətlə inkişaf etdiyi və çap mediası problemlə üzləşdiyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərə ehtiyac yaranıb.

Onun sözlərinə görə, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

Redaktor Aydın Quliyevsə ümid edir ki, struktur islahatları zamanı işçilərin ixtisara düşməməsi tələbini gündəmə gətirən prezident qəzetçiləri də işsiz qoymayacaq: “Apreldən çapını dayandıran qəzetlər onlayn versiyasını davam etdirə biləcək və Vüqar Səfərlinin açıqlamasına görə yaxın gələcəkdə həmin qəzetlərin onlayn versiyasının maliyyələşdirilməsi üzərində düşünülür”.

Ölkəyə neft pulları gəlməyə başlayanda hökumət QHT-lər kimi KİV-ə də dövlət dəstəyi göstərilməsi haqda qərar verdi, Fond yaradıldı. Fond hər il onlarla qəzetə maliyyə yardımı göstərdi. Bundan başqa, son illər çox sayda jurnalistə mənzil paylanıb.

O zaman beynəlxalq və yerli müşahidəçilər bu addımı tənqid edir, KİV-in nəzarət altına alınması, müstəqil medianın susdurulması kimi dəyərləndirsə də, hakimiyyət razılaşmırdı.

XS
SM
MD
LG