Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:44

Qırğızıstanda fəal övladın ana adını daşımasına nail olub... ölümlə hədələnir


Altın Kapalova
Altın Kapalova

Qırğızıstanlı feminist fəal və tənha ana Altın Kapalova uşaqlara ata əvəzinə ana adının verilə bilməsi tələbi ilə kampaniya keçirdiyi üçün ölümlə hədələndiyini deyir.

Qırğızıstanda hələ də rus qaydası ilə ad və soyaddan əlavə ata adından (rusca “otçestvo” kimi bilinən – tərc.) da istifadə edilir.

Kapalovanın apardığı kampaniya Qırğızıstan Konstitusiya Məhkəməsinin presedenti olmayan qərarı ilə nəticələnib. Məhkəmə iki həftə öncə yetkin vətəndaşların ata adını ana adı ilə əvəzləməsinə icazə verən qərar çıxarıb.

Kapalova ana adlarının qanuniləşdirilməsi kampaniyasına 2020-ci ilin sonlarında başlayıb. O zaman özünün üç övladının adını dəyişərək onlara atalarının əvəzinə öz ad və soyadını verməyə çalışıb.

Kapalova qərarını izah edərkən deyib ki, uşaqlarının ataları onların həyatında olmayıb, heç vaxt onlara maddi və mənəvi dəstək verməyib, üstəlik, icazə formalarını imzalamamaqla tez-tez qanunla bağlı problemlər yaradıb.

Məhkəmə yollarında

Kapalova bir neçə məhkəməyə müraciət edərək mövcud qanunlara etiraz edib. Ali Məhkəmə daha aşağı instansiya məhkəməsinin Kapalovanın uşaqlarına öz adını verməsinə əngəlləyən qərarını qüvvədə saxlayıb.

Ancaq iyunun 30-da Konstitusiya Məhkəməsi Qırğızıstanın Ailə Vəziyyəti haqda Qanununun diskriminasiya yaradan və qeyri-konstitusion olması haqda qərar çıxarıb.

Məhkəmənin qərarına görə, yaşı 18-dən yuxarı hər bir vətəndaş istədiyi halda ata adını ana adı ilə əvəz edə bilər.

Amma məhkəmənin qərarına görə uşaqlara hələ də doğulanda ata adı verilməlidir. Məhkəmə bunu uşaqların patriarxal qırğız cəmiyyətində bullinqə məruz qala biləcəyi ilə izah edib.

“Ailə məsələsi”

39-yaşlı Kapalova məhkəmənin qərarını özünün qismən zəfəri görür. O, uşaqların doğulandan ana adlarını ala bilməsindən ötrü kampaniyasını davam etdirəcəyinə söz verib.

Eyni zamanda Bişkekdə feminist incəsənət muzeyi işlədən Kapalova deyir ki, bu məsələ ondan ötrü “aktivizm” deyil, özü və uşaqlarına toxunan “ailə məsələsidir”.

Kapalova məhkəmə qərarından sonra ölüm hədələri və Qırğızıstandan qovulması çağırışları ilə üzləşdiyini deyir.

"Heç yerə getmirəm. Bunu ancaq arzulamaq olar”, – o deyir.

Məhkəmənin ana adlarını qanuniləşdirmək haqda qərarı ictimai rəyin parçalanmasına səbəb olub. Bəziləri bu qərarı gender bərabərliyi yönündə irəliyə doğru bir addım kimi dəyərləndirirlər. Digərləri isə Qərb təbliğatı və ənənəvi qırğız dəyərlərinə zidd hal kimi görürlər.

Bir çox qadın internetdə bu qərarın uşaqları ilə bağlı mühüm qərarlar verərkən maneələrlə üzləşən tənha analar üçün qələbə olduğunu yazıb. Çox zaman uşaqları xəstəxanaya aparmaq, yaxud onların məktəbini dəyişməkdən ötrü onların həyatında olmayan atanın razılıq məktubu tələb edilir.

Qırğızıstanda bir çox qadın övladlarını keçmiş ərlərindən çox az, yaxud heç yardım almadan tək böyüdür.

“Hətta bir şəxs belə sistemi dəyişə bilər”

"Siz göstərdiniz ki, hətta bir şəxs belə sistemi dəyişə bilər”,Leila Salimova adlı istifadəçi Kapalovanı alqışlayıb.

"Radikal feministə bax…. Sənin uşaqlarının halına acıyıram”,Aişa Şarapova adlı başqa bir istifadəçi narazılığını bildirib.

"Bu cür adamlar keçmişdəki kimi Sibirə sürgün edilməlidir”, – daha bir sosial media istifadəçisi yazıb.

Yazar Oljobay Şakir deyib ki, məhkəmə qərarı əslində, insanların bugünkü həyatının reallığını göstərir: "Cəmiyyətimizdə valideynlik borcunu yerinə yetirməyən, uşaqları təhqir edən çox sayda kişi var. Bu təkcə qadınlarla bağlı bir şey deyil, həm də uşaqlarla bağlıdır. Sadəcə, müəyyən ənənələrimiz olub deyə, insanlara istədikləri soyadı götürməyi qadağan etməməliyik”, – o, AzadlıqRadiosuna deyib.

XS
SM
MD
LG