Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:25

Fitrə zəkatı üçün 15 manat bahadır?- Hacı Şahinin cavabı


Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli

►“İstərsən arpayla ver, istərsən xurmayla”

Azərbaycanda Ramazan bayramı iyulun 6 və 7-də qeyd olunacaq. Bundan bir gün öncə isə fitrə zəkatı çıxarılmalıdır. Evdən çıxarılmalı fitrə nə qədər olmalıdır?

"Məşədi Dadaş" məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli AzadlıqRadiosuna deyib:

– 3 kiloqram arpa, buğda, un, kişmiş, xurma və s. ərzaqların qiyməti hesablanaraq adambaşına çıxarılır. Bunu bazardakı qiymətlərlə tənzimləmək olar. Qafqaz Müsəlmanları İdarəsi orta hesabla 10 manat müəyyən edib.

– Yəni məsələn, 3 kilo kişmişin pulu hesablanmalıdır?

– 3 kilo kişmişin, buğdanın, arpanın...

– Amma Qafqaz Müsəlmanları İdarəsinin bu hesablaması, yəni adambaşına 10-15 manat fitrə zəkatı çıxarılması haqda fətvanı etirazla qarşılayanlar da var. Onların qənaətincə, bu, çox böyük rəqəmdir. Tutalım, 4 nəfərlik ailə təxminən 40-60 manat arasında fitrə çıxarmalıdır, bu da orta azərbaycanlı ailəsi üçün az pul deyil. Belə deyək, bəlkə də, bu, kiminsə elə bayram süfrəsinin puludur.

– Yox, insanlar bunu özləri sərbəst tənzimləyə bilərlər. Bazara baxsınlar, arpa ucuzdursa, fitrə zəkatını 5 manat çıxara bilər, biz orta hesabla 10-15 manat deyirik. Şəriətin hökmü budur ki, adambaşına, bayaq sadaladığım ərzaq növlərinin 3 kiloqramının pulu çıxarılmalıdır. Hər kəs bunu sərbəst tənzimləyə bilər. Sadəcə, bəzən rəqəm tələb edirlər ki, nə qədər verilməlidir, onda bu rəqəm deyilir. Amma az da verə bilərsən, çox da.

– Hiss edirsən ki, adamlar bəzən də fitrə zəkatını az verməkdən narahat olurlar, bəzən də sanki günaha batacaqlarmış kimi QMİ-nin səsləndirdiyi rəqəmdən qırağa çıxmaq istəmirlər.

– Günahdan söhbət getmir. Burda dəqiq rəqəm, sadəcə, o yönələn suallara cavab olaraq verilir. Məsələn, o sadalanan ərzaqlardan birini bazardan kilosunu 30 qəpiyə də almaq olar, onda adambaşına fitrə 1 manata da başa gələr. Hər halda, fitrə zəkatının mahiyyəti odur ki, yoxsullara yardım olsun, onların bayram süfrəsinə bu, bir yardımdır. Ona görə imkanı çatan fitrə zəkatını nə qədər çox versə, o qədər yaxşıdır, amma imkanı çatmayan ən minimum məbləği ödəyə bilər. Ona görə də şəriətdə müxtəlif ərzaq növləri müəyyənləşdirilib: arpadan tutmuş xurmaya qədər, bunların qiyməti də fərqlidir. Hər kəs imkanına görə, fərqli fitrə zəkatı çıxarmalıdır.

– Yeri gəlmişkən, nə zaman çıxarılmalıdır?

– Bayram axşamı çıxarılmalıdır. İyulun 6-ı bayramdırsa, 5-i axşam çıxarılır. Adambaşına verilməlidir, amma yenə də imkanı çatan verməlidir. İmkanı çatmayan verməyə də bilər. İmkanı olmayanın boynuna düşmür fitrə zəkatı vermək, onun üçün vacib deyil.

– Və bir məsələ də, fitrə zəkatı kimə verilməlidir? Bəzən insanlar yaxınlıqda imkansız olanı qırmamaq, onun könlünə toxunmamaq üçün fitrə zəkatını vermir, tanımadığı birinə, bəlkə də bir dələduza verirlər.

– Ona görə də vacib deyil fitrə zəkatı adıyla yardım edəsən. İkincisi, əlbəttə yaxşı olar ki, qohumda-qonşuda, yaxında ehtiyacı olanlara bayram payı kimi verəsən, vacib deyil deyəsən: “Bu, fitrə zəkatıdır”. Həm də, fitrə zəkatı qəbul etmək ayıb deyil, dinimizin vacib buyurduğu əməldir, öhdəliyimizi yerinə yetiririk, kiminsə boynuna minnət qoya bilmərik ki, “sənə fitrə zəkatı verdim”.

– Bəlkə bu iş məscidlər vasitəsilə yerinə yetirilsin? Bu halda bəlkə o yardım daha çox ünvanına çatar?

– Bizim məsciddə belə təcrübə var, elan edirik ki, istəyən bizə verə bilər, biz də imkanı olmayana çatdırırıq.

Buna da bax: Maşınsatan: Diz çöküb yalvardıq, mağazamızı sığortalamadılar

XS
SM
MD
LG