Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:35

Həbsdəki məmurlardan kim neçə milyon verib?


Manat
Manat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş məmurlarından bir neçəsi onların üzərində olan maddi ziyanı ödəyib. Nazirlik bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub təqdim edib.

Nazirlik Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynov, «Aztelekom» MMC-nin keçmiş sədri Məhəmməd Məmmədov da daxil olmaqla, «rabitə işi» üzrə təqsirləndirilən 11 nəfərin məhkəməsi iyunun 14-də davam etdirilib. Bu prosesdə məhkəmə istintaqı yekunlaşıb, prokuror təqsirləndirilən şəxslərə cəza da istəyib. Hazırda vəkillərin müdafiə çıxışı mərhələsidir.

***Buna da bax-Eldar Mahmudovun qohumundan 10 milyon alındı

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, nazirlikdən arayışlar daxil olub. Həmin sənədlərdə göstərilib ki, Beytulla Hüseynovun qohumları onun üzərində olan 10 milyon 200 min manatlıq ziyanı mayın 30-da tam ödəyib.

İttihama görə, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin tabeliyində olan qurumlarda, o cümlədən telefon qovşaqlarının təmiri, yeni avadanlıqların alınması zamanı xərclər şişirdilib. Bu şişirtmə nəticəsində təkcə Beytulla Hüseynov tərəfindən 10 milyondan artıq dövlət vəsaitinin mənimsənildiyi iddia olunur.

BAŞ MÜHASİB 567 MİN MANAT ÖDƏYİB

Təqsirləndirilən şəxslərdən Beytulla Hüseynovun işçisi olmuş Anar Mustafayev də ziyanı ödəyib. «Bakı Telefon Rabitə» İB-nin baş mühasibi olmuş Anar Mustafayevin qohumları iyunun 7-də 567 min manatlıq köçürmə ediblər. İttihama görə, qiymətlərin şişirdilməsi nəticəsində Mustafayevə bu qədər pul çatıb.

***Buna da bax-Keçmiş nazir ifadəsində Eldar Mahmudov barədə nə deyib?

Nazirliyin arayışlarında qeyd olunub ki, adları çəkilən şəxslərə qarşı artıq mülki iddiası yoxdur.

Hərçənd, məhkəmədə ifadələrində Beytulla Hüseynov və Anar Mustafayev dəymiş ziyanla bağlı ittihamda göstərilən rəqəmlərlə razılaşmamışdılar.

Daha sonra hakim təqsirləndirilən şəxslərin vəkillərinə müdafiə çıxışı üçün söz verib.

Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev, Namazalı Məmmədov və Qəmbər Bəybalayevin vəkilləri çıxışa hazır olmadıqlarını deyiblər.

Hakim vəkillərə bildirib ki, sonuncu dəfə onlara iki gün vaxt verib. Məhkəmə iyunun 16-da davam edəcək.

VİDADİ ZEYNALOVUN 4 MİLYON BORCU QALIB

Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı isə jurnalistlərə bildirib ki, onun müvəkkili də üzərində olan ziyandan 2 milyon manat ödəyib.

***Buna da bax-'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

İttihama görə, Vidadi Zeynalov dövlətə 7 milyon 335 min manat ziyan vurub. Bundan əvvəl də Zeynalovun müəyyən qədər ödədiyini deyən vəkilin sözlərinə görə, onun üzərində 4 milyon 220 min manat ziyan qalıb.

Vidadi Zeynalov özü və müdafiəçiləri dəfələrlə məhkəmədə vəsatət qaldırıblar ki, onun əmlaklarının üzərindən həbs götürülsün, satıb qalan ziyanı da ödəsinlər.

«Rabitə işi» üzrə məhkəmədə prokuror Beytulla Hüseynova 15 il, Vidadi Zeynalova 14 il, Anar Mustafayevə 8 il həbs cəzası verilməsini təklif edib.

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

XS
SM
MD
LG