Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:34

Rafael Cəbrayılov daha deputat deyil


R.Cəbrayılov
R.Cəbrayılov

Bu gün, oktyabrın 2-də Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilib.

Onun məsələsinə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında baxılıb.

Qurumdan verilən məlumata görə, Məzahir Pənahovun ( MSK sədri ) sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Milli Məclisinin deputatı R.Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, R.Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciəti olub. Milli Məclis də, öz növbəsində, onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Həmin müraciəti MSK üzvləri səsə qoyaraq qəbul ediblər.

Baş prokuror: 'MSK-nın qərarından sonra Rafael Cəbrayılovla bağlı...'

«Mərkəzi Seçki Komissiyasının deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq. Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər».

APA-nın məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov deyib.

Z.Qaralov qeyd edib ki, hazırda iddia ərizəsinə mülki qaydada baxılır: «Məhkəmədə onun dələduzluq və ya digər cinayət törətməsi müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq».

***

“Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur".

APA-nın məlumatına görə, bunu deputat Rafael Cəbrayılov sentyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Təranə Fətəliyevaya Almaniyaya getmək üçün təminat məktubu verib:

“Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onların arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi".

Rafael Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib:

"Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün (sentyabrın 30-da) Bakıya gəlmişəm. Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərara gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim. Şəxsi qərarımdır. Sizə söz verirəm ki, bütün problemlər həllini tapacaq".

O, artıq istirahət etmək istədiyini bildirib.

O, yenidən parlament seçkilərində iştirak edib-etməcəyi haqqında bunları deyib: "Allah Kərimdir. Hələ seçkilərə bir il müddət var".

Rafael Cəbrayılovun bu açıqlamasına, hərəlik, Təranə Fətəliyevadan münasibət almaq mümkün olmayıb.

«101 ildə parlamentin praktikasında birinci dəfədir belə şey olur»

«Bu hadisə çox xoşagəlməz, gözlənilməz hadisədir. 101 ildə parlamentin praktikasında birinci dəfədir belə şey olur», - deputat, yazıçı, redaktor Aqil Abbas həmkarı Rafael Cəbrayılovun deputat mandatından imtinası haqda xəbər haqda danışarkən deyir.

Amma bununla belə, o, bunu «parlamentin adına ləkə» kimi dəyərləndirilməsi ilə razılaşmır: «Bir nəfərin səhv hərəkətini parlamentin adına yazmaq düz deyil. Milli Məclisdə 120 deputat var. Onun bir-ikisinin səhvini bütün dövlətin adına çıxmaq olmaz».

Hərçənd, A.Abbas parlamentdə belə xoşagəlməz hadisələrin əvvəllər də olduğunu etiraf edir: «Dəfələrlə belə məsələlər olub. Birinci dəfə deyil ki... Deputatların səhvləri olub. Onları ya parlament deputatlıqdan uzaqlaşdırıb, ya özləri istefa ərizəsi yazıb. Amma bir hadisəni parlamentin adına yazmaq düz deyil, axı. Parlamentdə ləyaqətli insanlar da var, gözəl qanunlar qəbul edirlər».

Gülər Əhmədova haqda MSK-nın qərarı bu cür çıxarıldı
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

«Gülər Əhmədova qalmaqalından… qat-qat ağırdır»

«Bu, rüsvayçı hadisədir. Bu, Azərbaycan xalqına və parlamentinə qarşı misilsiz hörmətsizlikdir. De-yure, gerçək olmasa belə, xalqın verdiyi mandatı girov qoymaq, onunla aşağılayıcı şəkildə davranmaq rüsvayçılıqdır. Bu hadisə rüsvayçılığına görə heç də Gülər Əhmədova qalmaqalından geri qalmır. Bəlkə də ondan qat-qat ağırdır», – keçmiş deputat Gültəkin Hacıbəyli deputat Rafael Cəbrayılovun parlamentdən istefası haqda xəbəri şərh edərkən söyləyir.

Bundan öncə yerli media Milli Məclis üzvünün borc müqabilində deputat mandatını girov qoyduğunu yazırdı.

R.Cəbrayılov bir neçə gün öncə AzadlıqRadiosunun əməkdaşı ilə söhbətdə deyilənləri təkzib etmiş, xaricdə olduğunu deyərək Azərbaycana qayıtdıqdan sonra geniş danışacağını bildirmişdi. Hazırda onun telefonuna zəng çatmadığı üçün haqqında söylənilən iddialara münasibət almaq mümkün deyil.

G.Hacıbəyli cəmiyyətin bu hadisəyə «susqun» reaksiyasına heyrətləndiyini deyir: «Cəmiyyət təəssüf ki, «mandat alveri» qalmaqalında verdiyi həmin təpkini vermədi. Görünür, hakimiyyət ilk dəfə anladı ki, bu hadisə nə vaxtsa ciddi fəsadlar doğura bilər. Açığı, ilk dəfədir hakimiyyətin belə operativ, düzgün reaksiyasını görürəm. Yəni, Rafael Cəbrayılov deputat mandatından imtina etməyə məcbur edildi. Halbuki, Gülər Əhmədova qalmaqalında hakimiyyət uzun zaman dirəniş göstərdi, qərar verməyə tələsmədi. Ancaq sərt reaksiyadan sonra addım atdı».

Onun iddiasına görə, hakimiyyəti buna məcbur edən parlament üzvlərindən böyük əksəriyyətinin bizneslə məşğul olmasıdır və bu addımla yerdə qalanlara siqnal verdi: «Bunu təqdir edirəm. Amma təqdir etmədiyim hal odur ki, Rafael Cəbrayılov biznes qalmaqalları ilə gündəmə gələn yeganə deputat deyil. Çox ümid edirəm ki, digərləri də analoji addımları atacaqlar. Yaxın zamanlarda başqa istefalar da verilməlidir».

+++

«Rafael Cəbrayılovun istefa ərizəsi, hələlik, Mərkəzi Seçki Komissiyasına daxil olmayıb», - MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli AzadlıqRadiosuna deyib. O bildirib ki, müraciət daxil olduqdan sonra MSK qanunvericiliyin tələbinə uyğun olaraq ona baxacaq.

+++

Milli Məclisin sədri Oqtay Əsədov deputat Rafael Cəbrayılovun mandatından imtina etməsinə dair müraciətinə baxılmasını istəyib.

APA-nın xəbərinə görə, spiker Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib.

Xəbərdə qeyd edildiyinə görə, O.Əsədov S.Mirzəyevə tapşırıb ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilsin.

+++

Milli Məclisin deputatı Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyi bildirilir.

APA-nın xəbərinə görə, bunu sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli vurğulayıb ki, deputatın mandatdan məhrum olunması ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

Onun deməsinə görə, parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və həmin qurumda qərar qəbul edəcək.

R.Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı iddialar yayılıb. İddialara görə, R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputatın borcu vaxtında ödəyə bilmədiyi vurğulanır. Onun borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputat vəsiqəsinin əslini girov qoyduğu iddia edilir. R.Cəbrayılovun özü, hələlik, müxtəlif mətbu orqanlarında yer alan bu iddialara münasibət bildirməyib.

XS
SM
MD
LG