Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:27

Ramiz Mehdiyev: 'Artıq proseslər dözülməz həddə çatıb'


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

«Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb».

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cəbhə xəttindəki gərginliyi AZƏRTAC-a şərh edərkən belə deyib. O, fikrinə bu cür davam edib:

«Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər».

«SARKISIAN HAKİMİYYƏTİNİN ÖMRÜNÜ UZATMAĞA ÇALIŞIR»

R.Mehdiyev son hadisələri isə belə şərh edib:

***Buna da bax-Rusiya Azərbaycan və Ermənistanı sabitliyə çağırır [Video]

«Görünür, Serzh Sarkisian dinc azərbaycanlı əhaliyə qarşı davamlı şəkildə qanlı cinayətləri sanksiyalaşdırmaqla bir tərəfdən daxildə ona qarşı olan təzyiqləri neytrallaşdırmağa və hakimiyyətinin ömrünü uzatmağa, digər tərəfdənsə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı əhalidə vahimə, psixoloji gərginlik yaratmağa çalışır».

Prezident Administrasiyasının rəhbərinin qənaətincə, bu, uzun illərdir Ermənistanın «cinayətkar rejiminin» dinc azərbaycanlı əhaliyə qarşı terror və soyqırımı siyasətinin davamıdır.

«TƏSİRLİ ADDIM ATMAYIBLAR»

R.Mehdiyev münaqişənin nizamlanmasıyla məşğul olan ATƏT-i də tənqid edib. O, beynəlxalq birliyin, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmadıqlarını vurğulayıb.

***Buna da bax-R.Mirqədirov: 'Elə bil, yeni genişmiqyaslı toqquşmaya hazırlıq gedir'

«Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur», - deyə Prezident Administrasiyasının rəhbəri əlavə edib.

R.Mehdiyev Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağını, torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini də bildirib:

«Azərbaycan ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, prezident tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər».

XATIRLATMA

Müdafiə Nazirliyinin açıqlamasına görə, iyulun 4-də Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu zaman iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev yeganə yüksəkvəzifəli şəxsdir ki, cəbhə xəttində baş verənlərlə bağlı danışıb. Prezident və vitse-prezident hadisəylə bağlı sosial şəbəkədə münasibətlərini açıqlayıblar.

XS
SM
MD
LG