Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:03

Jurnalistin yaxınları istintaqdan narazıdır


Yaxınları Rasim Əliyevin məzarı başında
Yaxınları Rasim Əliyevin məzarı başında

►“Həkimlərin vaxt, Rasim Əliyevə göstərilən tibbi xidmətlər barədə onun valideynlərinə dediklərilə, mətbuata söylədikləri arasında kəskin fərqlər var”

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə AzadlıqRadiosuna zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, dekabrın 7-də mərhumun valideynlərilə birlikdə Bakı Şəhər Prokurorluğunda olublar. Orada onlara istintaqın yekunlaşdığı elan olunub, bu barədə protokol tərtib edilib.

Zərərçəkmişlər və onların nümayəndəsi gələn həftə cinayət işinin materialları ilə tanış olacaq. Prosedura görə, iş materialları ilə əvvəlcə təqsirləndirilən şəxslər və onların vəkilləri, daha sonra zərərçəkmiş tərəf tanış olur.

Buna da bax: Ölən neftçilərin ailələrinə 15 min manat verilir

“BİRBAŞA ZİDDİYYƏTLƏR VAR”

Əsabəli Mustafayev iş materialları ilə tanışlıqdan sonra prokurorluq qarşısında yeni vəsatətlər qaldırılacağını istisna etmir:

"Bizim ifadələrdən, rəylərdən xəbərimiz yoxdur. Oxuyandan sonra bütün hallar barədə fikirlərimizi, iradlarımızı göstərəcəyik".

Cavid Hüseynov
Cavid Hüseynov

Vəkilin sözlərinə görə, istintaq tamamlanmamışdan az öncə Rasim Əliyevin valideynlərinin həkimlərlə üzləşdirilməsi barədə vəsatət qaldırıblar. Lakin vəsatət təmin olunmayıb:

"Vəsatətin təmin olunmaması barədə qərarı belə əsaslandırdılar ki, "işin nəticəsinə təsir göstərən ziddiyyətlər yoxdur". Halbuki, birbaşa təsir göstərən ziddiyyətlər var. Həkimlərin vaxt, Rasim Əliyevə göstərilən tibbi xidmətlər barədə onun valideynlərinə dediklərilə mətbuata söylədikləri arasında kəskin fərqlər var. Bundan başqa, valideynlərə gecə saat 1-in yarısında zəng olunub ki, “Rasimin vəziyyəti pisləşib, gəlin, əməliyyat olunur”. Amma mətbuata açıqlamada deyiblər ki, Rasim Əliyev axşam saat 20.00 radələrində əməliyyat olunub. Halbuki, həmin vaxt Rasim Əliyev jurnalistlərə müsahibə verirmiş..."

Vəkil güman edir ki, təxminən yanvar ayının sonunda ittiham aktı təsdiqlənib, iş materialları məhkəməyə göndəriləcək.

Buna da bax: Yeni vergi qaydaları ev alıb-satanlara sərf edirmi?

“HƏKİM SƏHLƏNKARLIĞI DA AZ ROL OYNAMAYIB”

Mərhum jurnalistin atası Məmmədəli Əliyev də AzadlıqRadiosuna deyib ki, istintaqdan müəyyən narazılıqları var:

"Düzdür, hələ iş materiallarında yazılanlardan xəbərimiz yoxdur. Bizə dedilər ki, gələn həftə 48 saat ərzində tanış ola biləcəyik. Yəqin ki, ifadələri, rəyləri oxuyandan sonra daha dəqiq bir söz demək mümkün olacaq. Amma, bütövlükdə, istintaqın gedişində bəzi məqamlar bizi qane etmədi. Məsələn, vəsatətlərimizin əksəriyyəti təmin olunmadı. Qalanları da qismən təmin edildi. Biz ziddiyyətlərin üstünün açılması üçün həkimlərlə üzləşmə tələb edirdik, bu da olmadı".

Məmmədəli Əliyev hesab edir ki, oğlunun ölümündə həkim məsuliyyətsizliyi, səhlənkarlıq da az rol oynamayıb. Ona görə də istintaq qarşısında həkimlərin də cinayət məsuliyyətinə cəlb olunması məsələsini qaldırıb:

"Prokurorluqda da dedim ki, Rasimin ölümündə birmənalı şəkildə həkimlərin də günahı var. Əvvəlcə səhlənkarlıq, sonra da məsuliyyətsizlik eləyiblər, düzgün müayinə aparmayıblar. Təəssüf ki, istintaq bizim bu barədə vəsatətimizi təmin etmədi. Bundan başqa, hesab edirik ki, Cavid Hüseynova ittiham verilən maddə yüngüldür. Onun təkcə cinayəti bilib xəbər verməməkdə ittiham olunması düzgün deyil. Amma bu barədə vəsatətimiz də nəticəsiz qaldı".

Xatırladaq ki, jurnalist Rasim Əliyev Facebook sosial şəbəkəsində "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid edən status yazdıqdan sonra avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, avqustun 9-a keçən gecə xəstəxanada dünyasını dəyişib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub ki, onların arasında Cavid Hüseynov da var.

XS
SM
MD
LG