Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:45

Rasim Balayev: '...O boyda adam məndən üzr istədi'


R.Balayev
R.Balayev

AzadlıqRadiosu 2 avqust – Milli Kino Günündə xalq artisti Rasim Balayevlə söhbət edib.

- Rasim bəy, kino gününüz mübarək!

- Sağ olun.

- Bu günü hansı ovqatda, hansı gözləntilərlə qarşılayırsınız?

- Gözlənti belədir ki... Azərbaycan kinosu çətin günlərini keçirir. Bilmirəm, o qədər səbəb var. Elə bil, o estafet qırıldı. Köhnə kino işçiləri dünyasını dəyişdi, qalanlar da bir neçə nəfərdir, onlar da xəstəliklə mübarizə aparır. Yeni nəsil də belə çox... Bir-iki nəfər yetişib. O ənənəni davam etdirə bilmirlər. Maliyyə çətinlikləri vardı, onu da ayırdılar. Amma əsas budur ki, bu gün Azərbaycan tamaşaçıları filmlərin çoxuna kinoteatrda baxa bilmirlər, seriallara baxırlar. Mən müxtəlif insanlarla görüşürəm, çox narazıdırlar, yeni filmlər onları təmin etmir, həmişə də deyirlər: «Heyf deyil o köhnə kinolar»... Bu, bizim kimi köhnə nəslə xoşdur ki, köhnə filmləri xatırlayırlar. Amma bir tərəfdən də pisdir ki, bəs niyə yeni filmlərimiz yoxdur? Buna da zaman lazımdır, bəlkə. Yəqin, haçansa yetişəcək. İstedadlı adamlar var, hər dövrün öz sənətkarı var. Amma müxtəlif səbəblərdən yubanır, formasiya dəyişdi, bir neçə il film çəkilmədi... İndi qırılmış zəncirin ucunu tapıb onun dalıyca getmək lazımdır. Bunun da zamana ehtiyacı var. Əminəm ki, illər keçəcək, zaman öz sənətkarlarını yetişdirəcək.

- Kinoda sayları çox az da olsa, yeni nəsil yetişməkdədir, zəif addımlarla da olsa, beynəlxalq festivallara çıxırlar, mükafatlar alırlar. Məsələn, son illərin uğurlu işlərindən biri «Nar bağı» sayılır. Baxmısınızmı?

- Baxmamışam.

- Siz özünüz nə vaxt axırıncı dəfə kinoteatra getmisiniz, filmə baxmısınız, ya hansısa rejissor Sizi premyerasına dəvət edib?

- Yadıma gəlmir.

- Niyə getmirsiniz? Maraqlı deyil, ya filmlərdən yaxşı mənada böyük gözləntiniz yoxdur?

- O da var, bir az səhhətimdə problemlər də var. İnsan ağrıyanda yadına heç nə düşmür. Elə təkliflər də olmayıb, dəvətlər də olmayıb. Həm də bir neçə kinoteatr fəaliyyət göstərir, orda da Amerika filmləri göstərilir. Bizimkiləri də bir seans göstərib çıxarırlar, tamam başqa, kommersiya filmləri göstərirlər. Dediyim odur ki, vaxtilə yaxşı-pis, filmlərimizin hamısına kinoteatrda baxırdıq. Bu gün prokat sistemi yoxdur, sonra... Mən politoloq, sosioloq deyiləm, ancaq burda internetin, telefonun da payı var. İndi istənilən filmə internetdə baxmaq olar. Onda tamaşaçı kinoteatra niyə getsin? Amma Avropada hələ də kinoteatrda filmə baxırlar. Deməli, biz elə film çəkməliyik ki, ona gedib baxsınlar. Onun üçün də çox böyük ustalıq lazımdır. Çox təəssüf ki, o, hələ bizdə yoxdur.

2 avqust Azərbaycanda "Kino Günü"dür...
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00

- Rasim bəy, dediniz ki, maliyyə ayrıldı kinoya, amma nəticə yoxdur. Bəlkə gəncləri kinonu öyrənmək üçün Avropaya, ABŞ-a göndərmək gərək idi?

- Göndərmək lazımdır. Mən 1994-95-ci illərdə Türkiyədə bir-iki filmə çəkildim. Onda türk filmləri çox zəif idi. Bu gün arada baxıram, görürəm gözəl filmlər çəkirlər, lap elə seriallar da. İndi onların içində aşağı səviyyəli filmlər var. Amma baxıb görürəm ki, artıq rejissura, operator işi, aktyor oyunu mükəmməlləşib. Eşitdiyimə görə, bir sıra gəncləri Almaniyaya, Amerikaya göndəriblər. Onlar da bu gün Türkiyə kinosunu inkişaf etdirirlər. Bu təcrübədən biz də istifadə etməliyik. Vaxtilə Moskvada Kinematoqrafiya İnstitutu vardı. Ora, az qala, bütün dünyadan tələbə gəlirdi. Bu gün ora Azərbaycandan heç kim getmir, sovet vaxtı bizə yer ayırırdılar, bizim operatorlar, rejissorlar orda oxuyub gəlirdilər. İndi toyçəkənlər film çəkir, rejissor sənətindən bixəbərlər film çəkir... Ustalıq, professionallıq olmalıdır, təhsil də öz yerində.

- Bu gün Azərbaycanda, bir çox sahələrdə olduğu kimi, kinoda da parçalanma var. Şərti deyək: hökumətyönlü, hökumətin diqqət verdiyi bir düşərgə və hökumətin diqqətindən kənarda qalanlar, bəlkə bəzən də müxalif kimi qəbul olunanlar. Bu durum bir peşəkar kimi Sizi incidirmi?

- Nə ikiyə bölünmə? Nə mənada deyirsiniz?

- Məsələn, bu gün Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Kinematoqrafiya İttifaqında birləşənlərə münasibət...

- Onlar hamısı birləşəcək. Çünki bir balaca ölkədə iki ittifaq ola bilməz. O boyda Rusiyada bir kinoittifaq var və yaxud Amerikada bir kinogildiya. Azərbaycanda da haçansa birləşib bir dənə olacaq. Hansı olacaq bilmirəm.

- Haçansa birləşənə qədər insanların ömrü gedir, rejissorlar film çəkə bilmir, aktyorlar oynaya bilmir və s...

- Kinoittifaqın kino çəkdirmək səlahiyyəti yoxdur. Kino çəkdirmək səlahiyyəti Mədəniyyət Nazirliyinin kino şöbəsindədir, sonra başqa-başqa insanlardadır. Kinoittifaq, sadəcə, fikir söyləyə bilir. Heç vaxt kino çəkmək səlahiyyəti olmayıb. Amma yönləndirmək, məsləhət, təklif vermək üçün kinoittifaq var.

«Öz dilimdə kino»nun bu günü
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

- Bəzi kinoşünaslar son illər filmlərin zəif alınmasını həm də Mədəniyyət Nazirliyinin qoyduğu qadağalarla əsaslandırmağa çalışırlar. Məsələn, filmin sonu bədbin bitə bilməz, tamaşaçıya depressiv ovqat aşılamamalıdır, intiharlardan qaçmaq lazımdır və s. Yaradıcılıq məsələsinə nazirliyin bu dərəcədə qarışmasına sənətkar kimi necə baxırsınız?

- Əlbəttə, qarışa bilər. Yaradıcılıq məsələsinə qarışmasan, xaos olar. Bax, bugünkü kimi. Qarışmırlar da televiziyaların işinə. Görürsünüz nə gündədir Azərbaycan televiziyası? Əttökən, heç kim baxmayan verilişlər baş alıb gedir. Azca ağlı olan adam onlara baxmır. Mütləq koordinasiya, sistem olmalıdır. Kino da televiziya vasitəsilə bütün evlərə girir, camaat ibrət götürməlidir. Hamı ağlına gələni danışmamalı, çəkməməlidir. Düzdür, qoruq-qaytaq, həmişə demişik pisdir, ancaq ölçü daxilində nəzarət lazımdır.

- Amma vaxtilə yüksəkvəzifəli bir məmurun müdaxiləsi nəticəsində Siz «Nəsimi» filmindən kənarda qala bilərdiniz. Ali Sovetin ovaxtkı sədri Qurban Xəlilov rejissor Həsən Seyidbəyliyə heç kimin tanımadığı gənc aktyoru Nəsimi obrazına çəkməmək üçün bir neçə dəfə təkid edib. O, təcrübəli aktyorun çəkilməsini istəyib.

- Amma bununla belə, o boyda adam sonradan məndən üzr istədi. İndi kimsə üzrxahlıq edər? O boyda vəzifə sahibi? Mən təsəvvür etmirəm... Qurban Xəlilovun da təqsiri olmayıb. O soruşub ki, kimi çəkirsən? Rejissor cavab verib ki, bir cavan oğlanı. O da deyib: «Sən nə danışırsan? UNESCO Nəsimi ili elan edib, ora təcrübəli aktyor lazımdır». Qurban Xəlilov düşmənim kimi deməyib, yəni deyib ki, bura eksperiment yeri deyil. Həsən Seyidbəyli bunu mənə danışmamışdı. Üç-dörd gündən sonra rejissor Ali Sovet sədrinə deyib ki, icazə verin çəkim. Onda Qurban Xəlilov cavab verib ki, özün bil, məsuliyyət sənin boynundadır. O bilmirdi mən kiməm. Seyidbəyli tanıyırdı məni, mənimlə iki aylıq məşqdən sonra əmin olmuşdu ki, mən bu rolu oynaya bilərəm. O istəyirdi Nəsimini yeni sima oynasın, hamının tanıdığı aktyor oynamasın. Qurban Xəlilov filmə baxandan sonra gəldi yanıma ki, «oğlum, mən səndən üzr istəyirəm». Mən də məəttəl qaldım. Dedi ki, «mən əvvəl sənin çəkilməyini istəmirdim, ancaq afərin, yaxşı oynamısan». Çox tərifli sözlər dedi mənə. Mən də qurudum qaldım. Mən kiməm ki, Ali Sovetin sədri, o boyda adam məndən üzr istədi.

- «Nəsimi» filminə qədər Siz əsəb sarsıntısı keçirmişdiniz, xəstəxanada müalicə alırdınız, daha sonrakı filmlərdə atdan yıxılmısınız, hətta «Dədə Qorqud» filmində meydançada təkbətək qalmışınız, yəni təhlükəli səhnələrdə oynamısınız... İndi də səhhətinizdə problemlər var, bəlkə də bunlar o stresslərin, kənardan rahat görünən, amma min bir əziyyət hesabına başa gələn filmlərin nəticəsidir?

- Bəli, atdan yıxılmışam, belimdə yırtıq var. «Dədə Qorqud»da da yıxılmışam, «Babək»də də. Məşqlərdə yıxılmışam. İki ay məşq etmişik, at sürmək, qılınc oynatmaq öyrənmişik, üzgüçülüyə getmişik. İki ay rejimdə qalmışıq. Səhhətimdəki problemlərin hamısı ondandır.

- Bu qədər qurbana dəyərmi sənət?

- Yəqin ki... Belə uyğun söz var: «Sənət qurban tələb edir». Bizim də həyatımız buna bağlı olub. Bəlkə şofer olsam, yolda öləcəkdim? Bu da taledir. Hələ şükür ki, sağ qalmışam. Bəli, filmlərdə keçirdiyim psixoloji sarsıntılar, o axtarışlar, keçirilən əsəblər, başqa səbəblər insan yaşlaşanda özünü büruzə verir. Bu qədər psixoloji rollar oynamışam. Elə film olub ki, ağlamışam. Elə-belə ağlamaq olmur. Hamısı psixologiyana təsir edir, həm «Nəsimi»də, həm «Dədə Qorqud»da, həm «Cavid»də, həm də «Babək»də, hamısında. Hamısı sinir sisteminə təsir göstərir. O hissi keçirməlisən. Sonra izləri qalır.

- «Babək» filmində Babəkin oğluyla vidalaşmasına baxanda çoxları təsirlənir, kövrəlir, Azərbaycan kinosunda yaddaqalan səhnələrdəndir. Çətiniydimi onu oynamaq?

- Oynadım da. Allah özü kömək etdi mənə...

- Siz də o fikirdəsiz ki, 40 il kölə yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır?

- Təbii...

- Onda bir də bayramınız mübarək.

- Sağ olun.

XS
SM
MD
LG