Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:18

'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'


İlqar Məmmədov
İlqar Məmmədov

Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Stefan SchennachCezar Florin Preda Azərbaycanda bir sıra rəsmilər, müxalifət liderləri, vətəndaş cəmiyyətinin fəalları və hüquq müdafiəçiləri ilə görüşüblər.

Görüşə qatılanlardan biri Müsavat Partiyasının başqanı Arif Hacılıdır. O, AzadlıqRadiosu-na açıqlamasında məruzəçilərlə demokratiya və insan haqları mövzusunda, xüsusən, ölkədə siyasi məhbuslar problemi, seçki hüquqlarının “tapdalanması”, söz və ifadə, eləcə də sərbəst toplaşmaq azadlığını “məhdudlaşdırılması” və ötən ilin sonlarında keçirilən referendumla bağlı müzakirələr apardıqlarını bildirib.

Buna da bax:​ Həmməruzəçilər parlamentdə

“Eyi zamanda, Avropa Şurasının Azərbaycanda fəaliyyətinin genişləndirilməsi zərurətindən danışdıq. Bu qurumun bəzi üzvlərinin rüşvət müqabilində pozuntuları ört basdır etməyə çalışması, digər məsələlərin ortaya çıxması haqda fikir mübadiləsi aparıldı. Biz öz tərəfimizdən bu problemlərin həlli yollarını necə gördüyümüzü dilə gətirdik”, - Arif Hacılının sözləridir. O, daha sonra önəmli saydığı bir əlavəni də diqqətə yetirdi: “Ölkədə seçki islahatlarının zəruriliyinə və institusional dəyişikliklər olmayacağı təqdirdə ayrı-ayrı şəxslərin həbs edilib, sonradan azadlığa buraxılmasının ölkədə təməl insan haqlarını təmin etməyəcəyinə diqqət çəkdim”.

Müsavat başqanının sözlərinə görə, məruzəçilər siyasi məhbusların azadlığa çıxmasına çalışdıqlarını, bu yöndə səylərini davam etdirəcəklərini bildiriblər.

Görüşə qatılan hüquq müdafiəçisi Arzu Abdullayeva məruzəçilərin “siyasi məhbuslarla, siyahılarla” daha çox maraqlandığını bildirib.

Buna da bax: Həmməruzəçilər müxalifətlə də görüşüb

“Səid Dadaşbəyli ilə də görüşəcəklər”

Məruzəçilər yanvarın 14-də bir sıra cəzaçəkmə müəssisələrinə baş çəkəcəklər. Onların REAL sədri İlqar Məmmədovla, NİDA-çı İlkin Rüstəmzadəylə, AXCP sədrinin müavini Seymur Həziylə və 10 il öncə dövlət çevrilişi ittihamı ilə azadlıqdan məhrum edilən Səid Dadaşbəyliylə görüşəcəkləri gözlənir.

“Görüşəcəkləri şəxslərdən üçünü siyasi məhbus kimi tanıyırlar, ancaq Səid Dadaşbəyli və onun dəstəsi siyasi məhbus kimi tanınmayıb. Bununla belə, bu dəstənin işində hüquqi araşdırma zamanı xeyli sayda səhv olduğunu, hüquq müdafiəçilərinin məsləhətiylə bu işə diqqət yetirdiklərini dedilər. Yanvarın 14-də onlar həm də məhbusların saxlanma şəraiti ilə maraqlanacaqlar... Xüsusən, gənc məhbuslar Bayram Məmmədovla Qiyasəddin İbrahimovun işiylə maraqlanırlar”, - Arzu Abdullayeva belə deyib.

Buna da bax:​ HRW: 'Azərbaycan hakimiyyəti repressiyaları dayandırmır'

“İlqar Məmmədovla bağlı ümidverici danışdılar”

Hüquq müdafiəçisinin sözlərinə görə, məruzəçilər İlqar Məmmədovun işiylə bağlı “çox ümidverici” danışıblar: “Onlar bu ilin İlqar üçün yaxşı olacağını dedilər”.

AŞPA məruzəçiləri son aylar sosial şəbəkə və mediada diqqət çəkən məhkəmə proseslərini də unutmayıblar. “Onlar Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırovla, Nardaran işiylə bağlı suallar verirdilər”.

Məruzəçilər yanvarın 12-də Azərbaycana gəliblər. Onlar səfərin ilk günü ölkə başçısı İlham Əliyevlə və Milli Məclisdə görüşlər keçiriblər.

Səfər davam edir. Stefan Schennach və Cezar Florin Preda Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini dəyərləndirəcək, bununla bağlı hesabat hazırlayacaqlar.

Buna da bax: Xüsusi missiya İlqar Məmmədovun işini müzakirə edir

İlqar Məmmədovla bağlı xüsusi missiya

Yeri gəlmişkən, AŞPA məruzəçiləri ilə yanaşı, Avropa Şurasının İlqar Məmmədovla bağlı xüsusi missiyası da Azərbaycandadır. Missiya üzvləri, hələlik, rəsmilərlə görüşürlər. Missiyaya Avropa Şurasından xüsusi hüquq departamenti katibliyinin direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktor Aleksandr Hesselin daxildir.

REAL-ın icraçı katibi Natiq Cəfərli AzadlıqRadiosu-na belə bir missiyanın səfərini çoxdan gözlədiklərini deyir: “Çoxdan gəlməli idi. Bəzi texniki problemlər yaşandı. Missiya üzvlərindən bəzilərinə viza verilmirdi. Sonradan bu cür texniki məsələlər həllini tapdı”.

O, belə bir missiyanın göndərilməsini pozitiv dəyərləndirir. “Missiyanın gəlməsi, birbaşa Avropa Şurasının baş katibi T. Yaqland-ın bu haqda açıqlması İlqar Məmmədovun işində pozitiv nəticəyə nail olmaq üçün bir addım ola bilər”.

Buna da bax:​ ABŞ-ın BMT-dəki səfirindən İlqar Məmmədova dəstək

XATIRLATMA

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Buna da bax:​ Keçmiş səfir: 'İlqar Məmmədov nə qədər haqlı idi...'

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

XS
SM
MD
LG