Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:23

'Respublikanski'nin keçmiş baş həkiminin oğluna 10 il həbs istənildi


Foto illüstrasiya.
Foto illüstrasiya.

Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimi Yüzasif Kərimovun oğlu Rəhim Kərimova 10 il həbs cəzası istənilib. Fevralın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror belə bir təkliflə çıxış edib.

30 yaşlı Rəhim Kərimov Azərbaycan Diplomatiya Akademiyasının (ADA) tələbəsi Rüfət Allahverdiyevin ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilir. 19 yaşlı Rüfət Allahverdiyev Bakı Hərbi Məhkəməsinin hakimi, həbsdə olan MTN-çilərin, o cümlədən general Akif Çovdarovun işinə baxan Elbəyi Allahverdiyevin oğludur.

«ÖVLADIN PİSİ-YAXŞISI OLMUR»

İttihama görə, Rəhim Kərimov hadisəni törədərkən narkotik maddənin təsiri altında sərxoş olub, qəzadan sonra mərhum Rüfət Allahverdiyevi yaralı vəziyyətdə qoyub qaçıb.

Prokuror deyib ki, bu ittiham məhkəmə araşdırmasında da sübuta yetirilib.

Zərərçəkən Allahverdiyevlərin nümayəndəsi İradə Cavadova da prokurorun çıxışını müdafiə edib. Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasından Rəhim Kərimova dövlət ittihamçısının təklif elədiyi cəzanı verməyi xahiş edib.

«Bu adam nümunəvi, ailə qurmağa hazırlaşan bir gəncin ölümünə səbəb olub. Ailəsi Rüfət Allahverdiyev üçün nişan aparmağa hazırlaşırdı. Bu, bir hərəkəti ilə bütün ailəni məhv elədi. Təkcə o ailəni yox, həm də öz atasını məhv elədi. Təəssüf ki, övladın pisi-yaxşısı olmur, istənilən halda, adamı yandırır», – İradə Cavadova çıxışında belə deyib.

Buna da bax-Keçmiş baş həkimin oğlu: 'Narkotikdən istifadə etmirəm'

Cavadova həmçinin, Allahverdiyevlərin qaldırdığı 149 minlik mülki iddianın təmin olunmasını istəyib. Zərərçəkmiş tərəfin digər nümayəndəsi Ceyhun Yusifov mülki iddianı məhkəməyə təqdim edəndə demişdi ki, bu məbləğin yarısının xəstə uşaqların müalicəsi məqsədilə uşaq evinə, yerdə qalanının isə yol hərəkəti qaydalarının pozulması ilə bağlı tədris vəsaitlərinin hazırlanması üçün ADA-ya verilməsi nəzərdə tutulub.

100 MİN MƏNƏVİ ZİYAN KİMİ İSTƏNİLİR

Təqsirləndirilənin vəkili Orxan Əhmədov isə mülki iddianın təmin olunmasına etirazını bildirib. Deyib ki, zərərçəkən tərəf 149 minin 100 minini mənəvi ziyanın əvəzi kimi istəyir, qalanının da maddi ziyan (qəzadan sonra xəstəxanada Rüfət Allahverdiyevə çəkilən xərclər və s.) olduğunu iddia edir, amma ortaya da ziyanı əsaslandıran ciddi sübut qoymur: «Mən ümumiyyətlə, bu mülki iddianın qəbul olunmasına etiraz etmişdim. Amma təəssüf ki, məhkəmə onu qəbul elədi».

Vəkil ittihamdakı narkotik məsələsinə də etiraz edib. Deyib ki, Rəhim Kərimov əvvəllər nevroloji problemlərinə görə Moskvada müalicə olunub, müalicə ilə əlaqədar psixotrop maddələr qəbul edib. Bunu onun narkotikdən istifadə etməsi kimi qələmə vermək doğru deyil.

Vəkilin sözlərinə görə, Rəhim Kərimovun hadisə yerindən qaçması haqda ittihamda yazılanlar da yalandır. Orxan Əhmədov deyir ki, polisə də Rəhim özü zəng eləyib, təcili yardım gələnə qədər gözləyib.

«Bu hadisə ehtiyatsızlıqdan baş verib. Yəni kiminləsə düşmənçiliyin nəticəsi deyil. Bu, avtomobil idarə edən hər birimizin başına gələ bilər. Atamı bu səbəbdən itirəndə mənim cəmi on yaşım vardı», – vəkil əlavə edib.

Keçmiş baş həkimin oğlu fevralın 16-da məhkəmədə son sözünü deyəcək.

XATIRLATMA

Hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonu, Bülbül prospektində baş verib. «Mercedes» markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Rəhim Kərimova CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

Yüzasif Allahverdiyev həm də Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub.

XS
SM
MD
LG