Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:36

Rusiyanın Belarusda sosial media səhifələrini ələ keçirməsindən şübhələnirlər


İllüstrativ foto
İllüstrativ foto

VKontakte (VK) sosial media saytındakı "This Is Homel, Baby!"qrupu 136 minə yaxın üzvü ilə Belarusun cənub-qərbinə xidmət edən ən populyar sosial platformadır.

Alyaksandr Lukaşenkanın yenidən prezident elan olunduğu qalmaqallı 2020-ci il prezident seçkilərindən sonrakı etirazlarda qrup nümayişçiləri dəstəkləyir, polisi və dövləti tənqid edən materiallar yayırdı.

Etirazlar başa çatdıqdan, müxalifət liderləri ölkədən qovulduqdan və ya həbs edildikdən sonra Homel qrupu daha neytral mövqe göstərməyə başladı. Diqqəti yolların pis vəziyyəti və sınmış küçə lampaları kimi yerli xəbərlərə yönəldən qrup vaxtaşırı hökumətyönlü postlar da paylaşdı.

Martın ortalarında abunəçilər səhifəyə daxil olduqda onun adının dəyişdirilərək "Homel - Qlavnoye" (Homel – Əsas!) qoyulduğunu gördülər.

Qrupun keçmiş admini adının açıqlanmaması şərti ilə AzadlıqRadiosunun Belarus xidmətinə deyib: "Səhifənin sahibi onu satdı. Yeni sahib bütün redaktorları və idarəçiləri işdən çıxardı. İndi ya özü hər şeyi edir, ya da öz adamlarını gətirir".

Vitebsk, Mogilyov, Jlobin, Orşa və digər şəhərlərdə də oxşar hadisələr baş verib. Məşhur yerli xəbər qrupları eyni formada, "Qlavnoye" adıyla yenidən fəaliyyətə başlayıb. Onlayn tarixçələr göstərir ki, onlar 2012-ci ilə qədər müxtəlif illərdə yaradılıblar, amma martın ortalarından hamısı yeni adlarla fəaliyyətdədirlər.

“Qlavnoye!”

Rusiyanın VK platforması Belarusda üçüncü ən çox ziyarət edilən sosial şəbəkədir. Lakin VK qrupların sahibləri haqqında məlumatları açıq şəkildə paylaşmır. AzadlıqRadiosu yeni sahibin və ya sahiblərin kim ola biləcəyini müəyyənləşdirə bilməyib.

Bəzi belaruslular yerli sosial media icmalarının ələ keçirilməsində Rusiyanın əlinin olduğunu düşünürlər. 2021-ci ildə "Moskva - Qlavnoye!" VK qrupu yaradıldı və 550 mindən çox abunəçi yığdı. Yanvarda Peterburqdakı bir məşhur VK qrupunun adı, "Sankt Peterburq - Qlavnoye!" olaraq dəyişdirildi.

Varşavalı media analitiki Pavlyuk Bıkouski deyir ki, bu cür qrupların ələ keçirilməsi Belarusda ictimai rəyi formalaşdırmaq üçün gizli üsul ola bilər: “Bəzi məlumatlar ənənəvi media deyil, sosial şəbəkələr vasitəsilə daha yaxşı təbliğ olunur. Əgər müəyyən tapşırıq qoyularsa, aktiv icmaların və bloqçuların platformalarında lazımi “toxumları səpmək” daha asan ola bilər. Yavaş-yavaş idarəçilər və blogerlər söhbətə istədiklərini əlavə edirlər. Bu, həm kommersiya, həm də siyasi marketinqdə ümumi taktikadır. Bundan əlavə, diqqəti çox cəlb etmədən belə qruplara nəzarət və manipulyasiya etmək nisbətən asandır".

Plagiatlıq

Belarusdakı bütün yeni “Qlavnoye!” qrupları Rusiyadakı VK qrupu tərəfindən hazırlanmış nümunəyə uyğun modeli təkrarlayır. Hər səhər günə "Sabahın xeyir, Homel!" və ya "Sabahın xeyir, Orşa!" cümlələri ilə başlayırlar. Daha sonra həmin tarixlə bağlı bir neçə maraqlı faktı təqdim edirlər. Məsələn, "25 aprel Ümumdünya Pinqvin Günüdür". Gün ərzində paylaşılan digər xəbərlər, hökumət mediasının paylaşdığı xəbərlər kimi olur. Məsələn, "Lukaşenko Pasxa mərasimində iştirak etdi".

Aprelin 25-də Vitebsk səhifəsində dərc olunan elanda sovet diktatoru Stalinin qeyri-adi yaddaşıyla bağlı maraqlı “faktlar” verilib. "O, gündə iki və ya üç kitabı asanlıqla oxuya, illər sonra onların məzmununu təkrarlaya bilirdi", – deyilən bir reklamda yaddaş təlimi kursunu satmağa cəhd göstərilib.

“Jlobin” səhifəsi isə plagiatda ittiham olundu. Aprelin 4-də yerli “Novıy Dzen” qəzetinin son daşqınla bağlı dərc olunmuş məqaləsini paylaşan qrup xəbərdarlıq alıb: “Cənablar, əgər siz Novıy Dzen-in saytından mətn götürürsünüzsə, heç olmasa, mənbə qeyd edin. Bir az vicdanlı olun”. Qəzet onu da qeyd edib ki, əlavə olunan fotoda Jlobin görünmür.

Fevralda isə "Belarusda Tək Bir Dövlət Dili Üçün" adlı VK qrupunun direktoru Uladzimer Butskavetsi hökumət "ekstremist" siyahısına salıb, Homel məhkəməsi tərəfindən üç il müddətinə azadlıqdan məhrum edilib.

"Qəsdən, əlaqələndirilmiş iş"

Media analitiki Bıkouskinin sözlərinə görə, Rusiyanın Belarusun sosial media icmalarında şübhəli manipulyasiya tarixi var: “2019-cu ildə və 2020-ci ilin əvvəlində Minsklə Moskvanın münasibətlərinin nisbətən pis vaxtları idi. Biz o vaxt Minskdə və digər şəhərlərdə Rusiya səfirliyi ilə əlaqəli 40-a yaxın saytın olduğunu hesabladıq. Sosial şəbəkələrdəki qrupları izləmək daha çətindir, ancaq bəzi qrupların və ya bəzi bloqçuların yazdıqlarını araşdırdıqda açıq şəkildə görünür ki, bu, təkcə onların fikirləri deyil, koordinasiyalı işdir".

VK 2006-cı ildə sahibkar Pavel Durov tərəfindən VKontakte adı ilə yaradılıb. 2014-cü ilin aprelində Ukraynada demokratiya tərəfdarı etirazçıların şəxsi məlumatlarını açıqlamaqdan və rusiyalı müxalif siyasətçi Aleksey Navalnının fəaliyyətini əngəlləməkdən imtina etdi. Bundan sonra Durov, şirkətin Rusiya prezidenti Vladimir Putinlə əlaqəli şəxslərin nəzarətinə keçdiyini açıqlayaraq şirkətdən ayrıldı. Durov Rusiyanı tərk etdi və VK Mail.ru-nun nəzarətinə keçdi.

Bu ilin əvvəlində Belarus hökumətinin tələbi ilə VK AzadlıqRadiosunun Belarus xidmətinin, bir sıra digər müstəqil Belarus KİV-lərinin, hüquq müdafiə təşkilatlarının səhifələrini bloklayıb.

XS
SM
MD
LG