Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:40

Rusiya İtaliyaya niyə 'qoşun' göndərib?


Rusiya müdafiə naziri Sergey Shoigu
Rusiya müdafiə naziri Sergey Shoigu

Martın 25-də Rusiya hərbi-hava qüvvələrinin sayca 15-ci nəqliyyat təyyarəsi İtaliyaya tibbi avadanlıq və ləvazimat yükü gətirib.

Il-76 təyyarəsinin gətirdiyi yükün arasında koronavirusun aşkar edilməsi üçün cihazlar və dezinfeksiya ləvazimatı da var.

Moskva İtaliyaya habelə 100 hərbi virusoloq və epidemioloqdan ibarət komanda da göndərib.

Rusiya hərbçiləri hazırda Berqamo şəhərindədirlər.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, “Rusiyanın həkim-tibb bacısı briqadaları 65 pansionata yerləşdirilmiş koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olacaqlar”.

Lombardiya İtaliyanın COVID-19 infeksiyasına ən çox məruz qalmış regionudur. Virusa yoluxanların yarısı bu bölgənin payına düşür.

Romadan Berqamoya yürüş

Rusiya İtaliyaya epidemiya ilə mübarizədə yardım göstərəcəyini rəsmən martın 1-də elan edib. İlk Il-76 təyyərələri martın 22-də Roma yaxınlığındakı Praktika di Mare hərbi-hava bazasında enib.

Rusiyanın göndərdiyi hərbçilərə radioaktiv, kimyəvi və bioloji silahdan müdafiə (RKBM) qüvvələrinin komandanı general-mayor Sergey Kikot rəhbərlik edəcək.

Bundan başqa Rusiyadan İtaliyaya 20 ədəd aerozol dezinfeksiya maşını və 15 RKBM səyyar-hərbi laboratoriyası göndərilib.

Bu da xəbər verilir ki, Rusiya hərbçiləri Romadan Berqamo şəhərinə yürüş ediblər. Bu barədə videoda hərbçilər “özlərini yad ölkədəki kimi hiss etmədiklərini” deyirlər.

80 faizi “faydasız və lüzumsuzdur”

İtaliyanın La Stampa qəzeti adlarını çəkmədiyi yüksək vəzifəli ölkə rəsmilərinə istinadən yazır ki, Rusiyanın İtaliyaya koronavirusla mübarizə üçün göndərdiyi yardımın 80 faizi “faydasız və lüzumsuzdur”.

Qəzet yazır ki, elə Çinin göndərdiyi yardımla da bağlı eyni sözləri demək olar. Onlar süni tənəffüs aparatları və tibb maskaları göndəriblər.

La Stampa qəzetində dərc edilmiş məqalədə bildirilir ki, prezident Vladimir Putin İtaliayaya yardım etməklə diplomatik və siyasi məqsədlər güdür.

Müəllifin fikrincə, baş nazir Giuseppe Conte yardımı Moskva ilə şəxsi münasibətlərini möhkəmləndirmək məqsədilə qəbul edib.

Rusiya göstərdiyi yardımın müqabilində nəsə umduğu barədə iddiaları rədd edir.

İtaliya koronavirusun Avropa yayılmasında episentrlərdən biridir.

Bu ölkədə 75 min yoluxma qeydə alınıb. Yoluxanlardan 7.5 mini vəfat edib.

Bu epidemiyanın dekabrdan başladığı Çində yoluxmaların sayı 82 min olub. 3.3 min nəfər ölüb.

XS
SM
MD
LG