Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:51

Putin Rusiya cəmiyyətində çat yarandığını bilir


Vladimir Putin Qızıl Meydanda Krımın ilhaqının 10-cu ildönümü ilə əlaqədar keçirilən mitinqə qatılarkən səhnədə ekranda görünür. 18 mart 2024
Vladimir Putin Qızıl Meydanda Krımın ilhaqının 10-cu ildönümü ilə əlaqədar keçirilən mitinqə qatılarkən səhnədə ekranda görünür. 18 mart 2024

Britaniyanın "The Guardian" qəzeti yazır ki, seçkilərdə Vladimir Putinin səslərin 87 faizini toplaması sürpriz deyildi. Axı bu seçkilər istər Kreml, istərsə müxalifətdən ötrü önəmli idi.

Seçkiyə qatılma səviyyəsinin 74 faiz olduğu nəzərə alınsa, - bu, tarixdə ən yüksək göstəricidir – başqa nəticə mümkün də deyildi. Çünki Putinin daha az səs toplaması ona səs verməyənlərin Rusiya siyasətində ciddi qüvvə olması anlamına gələrdi. Vladislav Davankovun cəmi 3.79 faiz səslə Putinə ən çox yaxınlaşan namizəd olduğu diqqətə alınsa, Putinin daha az səs toplaması çox qəribə olardı. Davankov yanlışlıqla savaş əleyhdarı kimi tanıdılırdı. O, əslində, sülhü və danışıqları dəstəkləsə də, bunların "Rusiyanın şərtləri və bir addım da geri çəkilmədən" olmasını istəyir. Ancaq onun platformasında "dözümsüzlük və ittiham əvəzinə söz və düşüncə azadlığı", eləcə də "yeni düşmən axtarışındansa, açıqlıq və praqmatizm" kimi ifadələr var.

Tanınmış bloqer Maksim Katz və namizədliyi yasaqlanmış Boris Nadejdin də daxil, bir neçə müxalif şəxs açıq şəkildə Davankova səs verəcəyini bildirmişdi. Bildirilir ki, Davankovun topladığı səslərin çoxu xarici ölkələrdə yaradılmış seçki məntəqələrində toplanıb.

Seçki kampaniyasına 1 milyard avro xərclənib

Kremlin bu seçkiyə rejimin legitimlik sınağı kimi baxdığı bilinirdi. Seçki kampaniyasına 1 milyard avroya yaxın vəsait xərcləndiyi, bu pulun ən böyük hissəsinin seçici iştirakını artırmağa sərf edildiyi bildirilir. Bu dəfə Kremlə təkcə seçkini qazanmaq yetməzdi, eyni zamanda xalqın iştirakı da gözə görünməli idi.

Sankt-Peterburqda nümayişçilər Vladimir Putini SSRİ-nin yaşlı lideri Leonid Brejnev kimi təsvir edən plakatı daşıyırlar. 2018
Sankt-Peterburqda nümayişçilər Vladimir Putini SSRİ-nin yaşlı lideri Leonid Brejnev kimi təsvir edən plakatı daşıyırlar. 2018

İnsanların erkən səsverməyə təşviq edilməsi diqqət çəkirdi. Özəlliklə Ukraynanın işğal edilmiş ərazilərində seçki məmurları hərbi geyimdə və silahlı adamların müşayiəti ilə insanların qapısını döyərək nəzakətlə erkən səs vermək istəyib-istəmədiklərini soruşurdular. Rusiya pasportu olmayanlara, hələlik, Ukrayna şəxsiyyət vəsiqəsindən yararlanmağa icazə verilirdi. Rusiyanın özündə isə insanları seçki məntəqələrinə cəlb etmək üçün lotereya, diskoteka və bufetlər təşkil olunmuşdu.

Seçkilər həm də Putin əleyhdarlarının həftələrlə sürən sakit etirazının kulminasiyası sayıldı. Aleksey Navalnının dul xanımı Navalnı tərəfdarlarını Putinə qarşı hərəkatla həmrəylik nümayiş etdirmək üçün Rusiyanın hər yerində martın 17-də günorta saat 12-də seçki məntəqələrinə gəlməyə çağırdı. İstər Rusiyada, istərsə xaricdə insanların bu etirazlara axını böyük idi. Hökumət insanların Navalnının məzarına gətirdiyi çiçəkləri təmizləsə də, seçki günü məzarın üstü seçicilərin seçki məntəqələrindən gətirdiyi bülletenlərlə örtülmüşdü.

Seçkinin gedişi Putini cəsarətləndirib?

Seçkilərdə başqa etiraz hərəkətləri də qeydə alınıb. TASS dövlət xəbər agentliyi bir neçə yerdə seçicilərin seçki məntəqəsinə "Molotov kokteyli" atıb yanğın və partlayış törətməsinə, eləcə də seçki qutularına yaşıl rəngli antiseptik maddə - "zelyonka" tökərək bülletenləri korlamağa cəhd göstərməsinə dair xəbərlər yayıb.

Əhalinin əksər hissəsi hələ də Putini dəstəkləyir. Rusiya üzrə təhlilçi Mark Qaleotti deyir ki, Putin saxtakarlıq etməsəydi də, birinci raundda asanlıqla 60 faiz səslə seçilərdi.

Aleksey Navalnı fevralın 16-da "Qütb canavarı" xüsusi rejimli koloniyasında vəfat edib.
Aleksey Navalnı fevralın 16-da "Qütb canavarı" xüsusi rejimli koloniyasında vəfat edib.

Məqalənin müəllifi Samanta de Bendern yazır ki, seçkinin gedişatı Putini necə cəsarətləndiribsə, seçkisonrası mətbuat konfransında, nəhayət, Navalnının adını ucadan çəkib. Hakimiyyətini möhkəmləndirdikdən sonra heç nədən qorxmayan Putin böyük ehtimalla seçkidən legitimliyin möhürü kimi yararlanaraq repressiyaları artıracaq, müharibəni gücləndirəcək və daha bir səfərbərlik elan edəcək.

Putinin hakimiyyəti möhkəmlənmiş ola bilər, ancaq bu seçkilər açıq şəkildə Rusiya cəmiyyətindəki parçalanmaları ortaya çıxardı. İstər yüz minlərlə seçicinin müharibə əleyhdarı Nadejdinin namizədliyinin qeydiyyatdan keçirilməsi üçün imzasını verməsi, istərsə Navalnı dəstəkçilərinin, etiraz əlaməti olaraq, seçki məntəqələrinə gəlib bülletenlərini korlaması bunu göstərir.

O çat ortadadır

Seçkinin nəticəsi çürümüş rejim üçün fasad rolunu oynayır. Özəyi çürüyüb yox olan rejimə ayaqda qalmaq üçün yalanlar, zorakılıq və müharibə lazımdır. Müharibənin gətirdiyi məhrumiyyətlər və repressiya dərinləşdikcə narazılıq artacaq.

Rusiya cəmiyyətindəki çatın rejimi zəiflətməsi üçün illər gərəkə bilər. Ancaq o çat ortadadır – Putinin tam qələbəyə ehtiyac duyması da onun bundan xəbərdar olmasını göstərir. O, kommunizmin Avropada kiçik hadisələr zəncirinin nəhəng dalğa yaratmasından sonra nə qədər tez çökdüyünü xatırlayır. Putin tarixlərin simvolizminə çox diqqət yetirməsi ilə də tanınır. 1985-ci il martın 17-də Rumıniyanın qəddar diktatoru Nikolae Çaușesku cib parlamentində 100 faiz səs toplayaraq yenidən prezident seçilmişdi. Parlamentin özünə də xalq "100 faiz" səs vermişdi. Həmin seçkilərdən 4 il 9 ay keçmiş ölkədə baş qaldıran inqilab onun rejimini devirmiş, Çauşeskunun özünü də elə özünün gizli polisi güllələyib öldürmüşdü.

XS
SM
MD
LG