Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:34

Putindən 10 qanunun ləğvi tələb edilir


Samarada antihökumət aksiyası (Foto arxivdəndir)
Samarada antihökumət aksiyası (Foto arxivdəndir)

Rusiyada tanınmış dissidentlərdən ibarət qrup ölkə cəmiyyətinə ciddi ziyan vuran 10 qanunun ləğvinə çağırıb.

Rusiyada tanınmış dissidentlərdən ibarət qrup ölkə cəmiyyətinə ciddi ziyan vuran 10 qanunun ləğvinə çağırıb.

“Hüquq sanitariyası” adlı layihənin təşəbbüsçüləri arasında daha çox Boris Akunin kimi tanınan yazıçı Qriqori Çxartişvili, Transparency International təşkilatının vise-prezidenti Yelena Panfilova, mühacirətdə olan müxalifətçi Vladimir Aşurkov və insan haqları müdafiəçisi Pavel Çikov da var.

“Xarici agentlər haqqında” qanun

Bu ziddiyyətli qanun 2012-ci ilin fevralında, müxalifətin izdihamlı etiraz mitinqlərinin ardınca qüvvəyə minib.

Qanuna görə, xaricdən qrant alan qeyri-hökumət təşkilatları “xarici agent” kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər.

Hökumətyönlü etirazçılar Golos seçki monitorinqi QHT-sinin qarşısında aksiya keçiririlər
Hökumətyönlü etirazçılar Golos seçki monitorinqi QHT-sinin qarşısında aksiya keçiririlər

Bu qanunu pozanlar üçün 4215 dollara bərabər məbləğdə cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xəbər verilir ki, bu qanunun əsasında artıq 20-dək QHT fəaliyyətini dayandırıb. Onlar Rusiya cəmiyyətində mənfi məna çaları olan “agent” sözünü üzərlərinə götürmək istəməyiblər.

Bu təşkilatlardan biri də telekommunikasiya maqnatı Dmitry Zimin-in oğlu Boris Zimin-in QHT-si idi.

Bu təşkilat gənc və istedadlı alimlərin elmi araşdırmaları üçün vəsait ayırırdı.

“Hüquq sanitariyası” qrupu bildirir ki, sözü gedən qanun vətəndaşların cəmiyyət və təşkilatlarda birləşməsinin qarşısını alır və Avropa Şurasının prinsiplərinə ziddir.

“Dima Yakovlev” qanunu

Bu qanun ABŞ vətəndaşlarına Rusiyada yetimləri övladlığa götürməyi qadağan edir.

Qanun 2008-ci ildə Rusiaydan övladlığa götürülmüş Dmitri Yakovlev adlı uşağın diqqətsizlik üzündən ölməsi ilə əlaqədar qəbul olunub.

"Dima Yakovlev qanunu"nun qəbulu ABŞ-dan qisas kimi qiymətləndirilir
"Dima Yakovlev qanunu"nun qəbulu ABŞ-dan qisas kimi qiymətləndirilir

Bir çox tənqidçilər bildirirlər ki, hadisədən dörd il sonra, 2012-ci ildə bu qanunu qəbul etməklə, Moskva ABŞ-ın insan haqları ilə bağlı Rusiya üzərinə qoyduğy sanksiyaların qisasını almaq istəyib.

Söhbət ABŞ Konqresinin qəbul etdiyi və “Sergei Magnitsky qanunu” adlanan qanunun qoyduğu sanksiyalardan gedirdi.

Korrupsiya faktlarını faş edən vəkil Magnitsky-nin Rusiya həbsxanasında məhkəməyə qədər müddətdə ölməsinin səbəbləri sual edilirdi.

Dima Yakovlev qanunu 200 rusiyalı yetimin ABŞ-a aparılmasına maneçilik yaratmışdı. Bu uşaqların əksəriyyəti müxtəlif ağır xəstəliklərdən əzab çəkirdilər.

“Hüquq sanitariyası” qrupu bildirir ki, bu qanunun qəbul edilməsi Uşaq Haqları Konvensiyasına ziddir.

“Arzuolunmaz təşkilatlar” qanunu

Ötən may ayında Putin tərəfindən imzalanmış bu qanuna görə, hakimiyyət orqanları “arzuolunmaz” QHT-ləri məhkəmə qərarı olmadan bağlaya bilərlər. Bunun üçün prokurorun bu QHT-ləri milli təhlükəsizliyə hədə sayması kifayətdir.

Artıq iyul ayında, ABŞ-ın Milli Demokratiya İnstitutunun Rusiya bölməsi bu qanunla qadağan edilib.

Baş prokurorun sanskiyasında deyilirdi ki, MDİ Rusiyanın milli təhlükəsizliyinə ziyan vurur.

Noyabr ayında George Soros-un Açıq Cəmiyyət təşkilatının iki filialı “arzuolunmaz təşkilat” kimi bağlanıb.

“Hüquq sanitariyası” qrupu bildirir ki, bu qanun QHT-lərin fəaliyyətinə əngəllər yaratmaqla, Rusiyada vətəndaş cəmiyyətinin inkişafına zərbə vurur.

Dindarların təhqir edilməsinin qadağanı

Rəsmi olaraq “dini inancların və Rusiya vətəndaşlarının heysiyyətinin müdafiəsinə” xidmət etməli olan bu Cinayət Məcəlləsi dəyişikliyinin qəbuluna səbəb, 2012-ci ildə “Pussy Riot” etirazçı qrupunun Moskvanın ən böyük pravoslav məbədində anti-Kreml aksiyası keçirməsi olub. Bu hadisədən sonra qrupun üç üzvü xuliqanlıq maddəsi ilə məhkum edilib.

“Cəmiyyətə açıq hörmətsizlik ifadə edən və dindarların dini inanclarını təhqir edən ictimai hərəkətlərə” görə, bu qanun dəyişikliyi 4215 dollar məbləğində cərimə və ya iki yüz saatlıq pulsuz kommunal xidmət və ya 3 ilədək həbsxana cəzası nəzərdə tutur.

"Pussy Riot" qrupunun üzvü Maria Alyokhina məhkəmədə
"Pussy Riot" qrupunun üzvü Maria Alyokhina məhkəmədə

“Hüquq sanitariyası” iddia edir ki, bu qanun dəyişikliyi dünyəvi dövlət prinsiplərinə ziddir və Rusiya vətəndaşlarının ifadə azadlığını pozur.

İndiyədək bu məcəllə maddəsi ilə əsasən media və incəsənət qurumları hədəflənib, habelə bir sıra internet saytları bloklanıb.

Bu hallardan ən çox hay-küyə səbəb olanı, bir Rusiya pravoslav xristianının Novosibirsk Dövlət Opera teatrının direktoruna qarşı qaldırdığı iddia idi. Həmin şəxs iddia edirdi ki, 19-cu əsr bəstəkarı Richard Wagner-in “Tannhauser” oprerasını səhnəyə qoymaqla, teatr xristianların dini hisslərini təhqir edib.

Məhkəmə bu iş üzrə iddiaya xitam versə də, Mədəniyyət Nazirliyi direktor Boris Mezdrich-i “cəmiyyətdə əziz tutulan dəyərlərə etinasızlıq” ittihamı ilə vəzifəsindən azad edib.

“Hüquq sanitariyası” təşəbbüsü bu qanun dəyişikliyini incəsənət üzərinə yeni senzura kimi tənqid edir.

Ərzaq malları ilə bağlı əks-sanksiyalar

“Hüquq sanitariyası” təşəbbüsü 2014-cü ildən qüvvədə olan Avropa sanksiyalarına qarşı qoyulmuş ərzaq embarqosunun ləğv olunmasına çağırır. Qrup həmçinin ötən ay Türkiyə mallarına qoyulmuş qadağanın ləğvini tələb edir.

Rusiyada Avropa ərzaq malları buldozerlənib
Rusiyada Avropa ərzaq malları buldozerlənib

“Hüquq sanitariyası” qrupu bildirir ki, bu əks-sanksiyalar hədəf ölkələrə çox az ziyan vurmaqla, Rusiya iqtisadiyyatına və vətəndaşlarına daha çox zərər gətirib.

Qrup iddia edir ki, Rusiyanın Qərbə qarşı antisanksiyaları nəticəsində 2014-cü ildə ərzaq mallarının qiymətləri 17 faiz qalxıb. Konkret olaraq indi şəkər 40 faiz, ət və ət məhsulları, habelə meyvə-tərəvəz isə 20 faiz bahadır.

“Hüquq sanitariyası” bunu da əlavə edir ki, antisanksiyalar Rusiyanın üzv olduğu Dünya Ticarət Təşkilatının prinsiplərini pozur.

İnternet saytlarının məhkəməsiz bağlanması

2013-cü ilin dekabrında qəbul edilmiş bu qanun, hakimiyyətə kütləvi iğtişaşlara və ya eksrtremizmə çağırış kimi görünə biləcək materialları dərc edən internet saytlarını bloklamaq səlahiyyəti verir. Qanuna əsasən, Rusiyanın dövlət media gözətçisi Roskomnadzor saytların qadağan siyahısını tuta və Rusiya internetinin provayderlərinə istənilən saytları bağlamaq göstərişi verə bilər.

Rusiya indiyədək bu qanuna əsaslnaraq üç internet saytını - EJ.ru, Kasparov.ru və Grani.ru saytlarını bağlayıb. Bunların üçü də Kremlin kəskin tənqidçisi kimi tanınır. Onlar Krımın Rusiya tərəfindən ilhaqının qanunsuz olduğunu bildirirdilər.

Bu qanunla, populyar LiveJournal resursunda müxalifət lideri Aleksei Navalny-nın blogu da bağlanıb.

“Hüquq sanitariyası” iddia edir ki, sözü gedən qanun ifadə, sərbəst toplaşma hüquqlarını pozur və ictimai etirazların qarşısını, ekstremizmə qarşı mübarizə bəhanəsi ilə alır.

Homoseksual təbliğatın qadağanı

2013-cü ildə Duma tərəfindən qəbul edilmiş qanun “azyaşlılar üçün qeyri-ənənəvi seksual münasibətlərin təbliğatını” qadağan edir.

Qanun layihəsinin müəllifi Yelena Mizulina bildirirdi ki, qanun “ailə ənənələrinin qorunmasına” xidmət edəcək.

Bu qanunla çox az sayda insan cinayət məsuliyyətinə cəlb olunsa da, o cəmiyyətdə seksual azlıqlara qarşı diskriminasiya və zorakılığın artmasına təkan verib.

Davamlı etirazların qadağanı

2012-ci ildə Putin hakimiyyəti tərəfindən qəbul edilmiş bu qanun Kiyevdəki Maydan hadisələrinə bənzər hərəkatların qarşısını almaq məqsədi güdür.

İonov və plakatı
İonov və plakatı

Qanun eyni şüarlı etiraz aksiyalarının, nümayişlərin və yürüşlərin 6 ay müddətində davamlı olaraq keçirilməsini cinayət əməli edir.

Bu qanunla artıq İldar Dadin adlı bir şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.

Daha üç nəfərə yeni qaydalar əsasında ölkəni tərk etmək qadağan olunub. Onlardan biri də Kremlin yaxınlığında "Je suis Charlie" plakatını gəzdirdiyinə görə saxlanmış 76 yaşlı Vladimir İonovdur.

İonov bu ayın əvvəllərində Ukraynaya qaça bilib və oradan sığınacaq istəyəcəyi gözlənilir.

Defamasiya qanunu

Böhtanın bir sıra hallarını cinayət əməli edən bu qanun 2012-ci ilin iyulunda qəbul edilib. Bundan əvvəl prezident Dimtry Medvedev defamasiyanı inzibati pozuntu dərəcəsinə endirmişdi.

Yeni defamasiya qanunu böhtan üçün 70 min dollar məbləğində ağır cərimə nəzərdə tutur

Yeni qanun böhtan üçün 70 min dollar məbləğində ağır cərimə nəzərdə tutur. Bu qanunda hakimlərə, prokurorlara və hüquq-mühafizə orqanlarına aid xüsusilə ağırlaşdırıcı maddə var.

Böhtan hesab edilən informasiyanı təkrar dərc etmiş media qurumları da cəzalandırıla bilər.

Bu qanundan başlıca məqsədin Kreml tənqidçilərinin susdurulması olduğu bildirilir.

Seçki qanunu

2014-cü ildə qəbul edilmiş bu qanun hakim Vahid Rusiya partiyasına “tərəfkeşlik” etdiyinə görə tənqid olunur.

2011-ci il seçkisindəki saxtakarlıq iddiaları bu partiyanın imicinə böyük zərbə olmuşdu.

Dəyişdirilmiş qanun Dövlət Dumasındakı 450 mandatdan yarısının proporsional seçki qaydası ilə müəyyən olunmasına imkan verir. Tənqidçilər deyirlər ki, bundan məqsəd daha kiçik partiyaların Dumaya yolunu bağlamaqdır.

“Hüquq sanitariyası” təşəbbüsçüləri deyirlər ki, hakimiyyət son seçkidə bir çox müxalifətçinin qarşısını bu qanunun köməyi ilə alıb.

XS
SM
MD
LG