Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:30

Rusiyada Stalin qurbanlarının xatirə nişanları yoxa çıxır


"Son ünvan" layihə nişanının əldəqayırma dublikatı. Moskva
"Son ünvan" layihə nişanının əldəqayırma dublikatı. Moskva

Moskvanın mərkəzindəki binalardan birinin divarında 1891-ci ildə doğulan, 1938-ci ildə repressiyaya məruz qalıb edam edilən professor Trofim Yurkeviçin xatirə lövhəsinin yerində kağız plakat var. Plakatın düz altında isə əllə yazılmış qeyd var. Qeyddə yol ötənlərdən alimin xatirəsini anan birinci plakatı cırmamaları xahiş olunur.

"Bu, vandalların məhv etdiyi qanuni lövhənin əvəzinə yapışdırılıb. Vicdanınız olsun", - həmin qeyddə belə yazılıb.

Artıq 10 ilə yaxındır ki, "Posledniy adres" (Son ünvan) layihəsinin fəalları Stalinin milyonlarla qurbanlarının yaşadığı binaların fasadlarına xatirə lövhələri yapışdırır. Onların sözlərinə görə, may ayından bəri bir çox şəhərdə, özəlliklə Moskvada bu memorial lövhələrə qarşı vandallıq hərəkətləri artmaqdadır.

"Haradasa hər həftə bir lövhə yoxa çıxır"

"Mən insidentlərin dəqiq sayını deyə bilmərəm, amma indi, az qala, hər həftə haradasa bir lövhənin yoxa çıxdığını öyrənirik", - "Posledniy adres" fəalı Oksana Matiyevskayanın sözləridir. O bu vandalizmi layihəyə qarşı "məqsədyönlü hücum" adlandırır.

Layihə lap əvvəldən vandalizm və başqa növ dirənişlə üzləşsə də, son zaman baş verən insidentlər fərqlidir.

"Bu, təsadüf deyil. Biz bunun nədən baş verdiyini çox yaxşı anlayırıq. Layihənin başlandığı 10 il əvvəldən fərqli olaraq, indi burada yeni reallıq var… Hər kəs nə baş verdiyini və hazırda bunun niyə baş verdiyini anlayır", - Matiyevskaya deyir.

Keçmiş KQB əməkdaşı olan Prezident Vladimir Putinin hakimiyyəti dövründə Stalinin reputasiyasının bərpasına çalışılır. Bu proses Rusiyanın Ukraynaya hücuma başlamasından sonra artan bayağı vətənpərvərlik ab-havası və fərqli düşüncənin ağır cəzalandırılması fonunda daha da şiddətlənib. Stalin repressiyalarını sənədləşdirib-araşdıran və ötən il Nobel Sülh Mükafatına layiq görülən "Memorial" insan haqları təşkilatı qapadılıb. Onun üzvlərinin çoxu ya həbs edilib, ya da ölkədən getməyə məcbur olub.

Yakutsk. 1941-1945-ci illərdə vəfat etmiş Polşa və Litva siyasi sürgünlərinin abidəsinin olduğu yer.
Yakutsk. 1941-1945-ci illərdə vəfat etmiş Polşa və Litva siyasi sürgünlərinin abidəsinin olduğu yer.

"Stalin sayəsində çox sayda yeni şəhidimiz var"

İnsan haqları fəalları Rusiyada Stalinə 110 heykəl qoyulduğunu, onlardan 22-sinin tam heykəl olduğunu, 95-ninsə Putin hakimiyyətə gələndən bəri qoyulduğunu bildirirlər. Bu ilin avqustunda Rus Pravoslav Kilsəsinin rahibi tiranın Pskov vilayətindəki Velikiye Luki şəhərində qoyulmuş heykəlinə xeyir-dua verib. O öz xeyir duasında belə deyib: "[Stalinin sayəsində] bizim çox sayda yeni şəhidimiz var; indi biz onlara dua edirik, onlar da bizə həyatımızda əl tuturlar".

Jurnalistlər son aylarda milyonlarla insanın öldürüldüyü, yaxud həyatının yerlə-yeksan edildiyi Stalin repressiyaları qurbanlarının abidələrinin söküldüyü, yaxud köklü şəkildə dəyişdirildiyi 11 halı qeydə alıblar.

Aprel ayında Perm vilayətində naməlum şəxslər Stalin dövründə bu əraziyə zorla köçürülən litvalı və polyaklara qoyulmuş qeyri-rəsmi abidəni söküblər.

İyunda Çelyabinsk vilayətində yenə bu əraziyə zorla köçürülmüş polyakların məzar daşları sökülüb. Buryatiyada da zorla köçürülmüş polyakların abidələri sakitcə yoxa çıxarılıb.

Əksər hallarda abidələri kimin sökdüyü bilinməsə də, İrkutsk vilayətinin Pivovarixa kəndində məmurlar repressiyaya məruz qalmış litvalı və polyakların abidəsini sökdüklərini etiraf edərək abidənin anbara qoyulduğunu deyiblər.

Matiyevskayanın fikrincə, bu abidələrin götürülməsi hökumət rəsmilərinin təşəbbüsü ilə, bəlkə də, Baltik və digər Şərqi və Mərkəzi Avropa ölkələrində sovet müharibə abidələrinin sökülməsinə cavab olaraq gerçəkləşdirilib: "Vandallar bütöv bir abidəni bildirmədən sökə bilməzdilər. Əlbəttə, "Posledniy adres" lövhələri ilə durum daha asandır. Mən düşünmürəm ki, onlarla bağlı hansısa əmr verilib. Bu, sadəcə bugünlərdəki dominant əhvalı anlayan fərdlərin rəisə xoş görünmək cəhdidir… Ancaq mən bunların bir-biri ilə əlaqəli fenomenlər olduğuna tam əminəm. Bu, cəmiyyətdə baş verənlərin - qalib savadsızlığın, tarixlə üzləşməyə tərəddüd etməyin, tarixə müəyyən prizmadan baxmaq istəyinin, kulta çevrilmiş incikliyin əlamətidir".

Bu yerdə "Son Ünvan" layihəsinin xatirə lövhələri var idi. Moskva
Bu yerdə "Son Ünvan" layihəsinin xatirə lövhələri var idi. Moskva

"Xüsusi həyasızlıqla" düzəldilən lövhələr

Matiyevskaya deyir ki, küçələrin birində "Posledniy adres" lövhələri bir təhlükəsizlik şirkətinin lövhələri ilə əvəz edilib. Özü də lövhələr "xüsusi həyasızlıqla" düz xatirə lövhələrinin ölçüsündə düzəldilib və onların yerinə oturdulub.

"Aris" güvənlik şirkətinin özünü Aleksey kimi tanıdan əməkdaşı AzadlıqRadiosuna "Posledniy adres"in lövhələrinin çıxarılması haqda heç nə bilmədiyini deyib. Ancaq növbəti gün şirkətin lövhəsi çıxarılıb.

Matiyevskaya əllə yazılan lövhələrin "adi insanların müqaviməti", vandalizmə cavabı olduğunu deyib: "Bizim bəzi lövhələrimizin çıxarıldığı yerlərdə əldəqayırma kopiyalar peyda olub. Bu, "Posledniy adres"lə heç bir əlaqəsi olmayan tam müstəqil təşəbbüsdür. Bu, sadəcə əvvəl həmin yerdə lövhənin olduğunu, sonra isə yoxa çıxdığını görən insanlardır. …Mənim üçün bu, çox böyük şeydir. Mənə elə gəlir ki, belə insanların reaksiyası bu vandalizm aktlarından qat-qat daha önəmlidir".

XS
SM
MD
LG