Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:50

Ankara Ukrayna-Rusiya taxıl razılaşmasının imzalanacağını deyir


İbrahim Kalın
İbrahim Kalın

Türkiyə rəsmiləri bildiriblər ki, Ukrayna taxılının blokadaya alınmış limanlardan daşınmasına dair BMT planı üzrə saziş imzalanma üçün hazırdır.

Ankara bildirir ki, həm də Rusiya taxılı və gübrəsinin ixracına imkan verəcək razılaşma iyulun 22-də İstanbulda imzalanacaq.

Ukrayna taxılının ixracına onun limanlarının Rusiya tərəfindən işğal və blokada edilməsi mane olur.

Associated Press (AP) agentliyinin xəbərinə görə Türkiyə prezidenti Recep Tayyip Erdoğanın administrasiyası bildirib ki, imzalanma mərasimində BMT-nin baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna rəsmiləri iştirak edəcəklər.

Erdoğanın müşaviri İbrahim Kalın Twitter-də yazıb:

“Qlobal ərzaq təhlükəsizliyi üçün son dərəcə mühüm taxıl ixracı razılaşması sabah (iyulun 22-də) İstanbulda prezident Erdoğanın və baş katib cənab Quterreşin rəhbərliyi, Ukrayna və Rusiya rəsmilərinin iştirakilə imzalanacaq”.

Quterreşin İstanbula yola düşməsi

Quterreşin planı Ukrayna limanlarında müharibəyə görə ilişib qalmış milyonlarla ton taxılın ixracına imkan verməlidir.

Söhbətin azı 22 milyon ton Ukrayna taxılından getdiyi bildirilir.

Tərəflər ötən həftə İstanbulda görüşərək bu plana razılıqlarını bildirmişdilər.

Bu plan taxıl gəmilərinin Ukraynanın Qara dəniz limanlarından təhlükəsiz çıxmasına və gəlməsinə nəzarət mexanizmini nəzərdə tutur.

Bu da qeyd olunur ki, ixracın koordinasiya mərkəzi İstanbulda qurulacaq və bu quruma BMT, Türkiyə, Rusiya və Ukrayna rəsmiləri daxil olacaqlar.

BMT sözçüsünün müavini Farhan Haq deyib ki, Quterreşşin İstanbula yola düşməsi sazişin imzalanacağından xəbər verir.

Quterreş Ukrayna tərəfinə BMT-nin humanitar məsələlər rəsmisi Martin Qriffitsi, Rusiya tərəfinə isə BMT-nin Ticarət və İnkişaf üzrə direktoru Rebeka Qrinspanı təhkim edib.

Onların artıq İstanbulda olduqları xəbər verilir.

Kreml şərh etməyib

Cənab Haq deyib ki, əgər bu saziş imzalansa, yüzminlərlə, milyonlarla insanı potensial aclıq təhlükəsindən qurtarmaq mümkün olacaq.

İndiyədək Moskva taxıl ixracına Kiyevin Qara dəniz limanlarını minalamasının mane olduğunu bildirirdi.

Rusiya tərəfi habelə Ukrayna limanlarına girib-çıxan gəmilərin yoxlanmasını tələb edir.

Ukrayna isə bildirir ki, Moskva minalardan təmizlənmiş təhlükəsiz dəniz dəhlizlərindən Ukrayna limanlarına hücum üçün fürsətlənə bilər. Kiyev bunun baş verməməsi üçün beynəlxalq qarantiyalar tələb edir.

Ukrayna hökuməti habelə Rusiyanı işğal etdiyi ərazilərdə Ukrayna taxılının oğurluğunda ittiham edir.

Kreml Ankaranın verdiyi bu məlumata münasibət bildirməyib.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu məsələ ilə “hərbçilər” məşğul olur.

XS
SM
MD
LG