Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Rusiyada həkimlərə ölüm statistikasını ‘dəyişmək’ tapşırılıb?


Rusiyada mobil telefon vasitəsilə aparılmış sorğudan məlum olur ki, həkimlərin üçdə biri COVID-19 epidemiyası ilə bağlı rəqəmləri “dəyişmək təlimatı” alıb.

Rəyi soruşulan həkimlərin 35.8 faizi “sizə koronavirusla əlaqədar baş qaldırmış pnevmoniya diaqnozları ilə manipulyasiya etmək təlimatı verilibmi” sualına müsbət cavab verib.

Diaqnozların dəyişdirilməsi əslində ölüm səbəbinin dəyişdirilməsi deməkdir. Bu, koronavirus xəstələrinin pnevmoniya xəstəsi kimi qeydə alınmasına şərait yaradır.

Bu sorğu Doctor’s Manual (Həkimin sorğu kitabı) adlı mobil telefon tətbiqinin vasitəsilə keçirilib.

Bu sorğunu keçirən Tibbi İnformasiya Qərarları şirkətinin baş direktoru Konstantin Komanovun sözlərinə görə, sorğuya cavab verənlərin həqiqətən də həkim olduqlarına yalnız bu tətbiq vasitəsilə əmin olmaq olardı.

Statistikadakı müəmma

Mayın 22-ə olan məlumata görə Rusiyada koronavirusa 326,448 yoluxma qeydə alınıb. Bu, dünya üzrə ABŞ-dan sonra ikinci göstəricidir. Rusiyada COVID-19 xəstəliyindən 3249 nəfər vəfat edib.

Bütün dünya üzrə yoluxmaların sayı 5.17 milyon, ölüm sayı 336 mindir. Koronavirus epidemiyasını ağır keçirən başqa ölkələrlə müqayisədə də faiz etibarilə Rusiyanın ölüm halları xeyli az görünür.

Hətta Rusiyanın özündə rəsmi rəqəmlərə inanmayan həkimlər pandemiyaya qurban getmiş həmkarlarının siyahısını tərtib ediblər. Bu rəqəm hazırda 250-dir.

Mediazona müstəqil saytının apardığı araşdırma göstərib ki, Rusiya həkimlərinin koronavirusdan ölmək riski başqa sərt epidemiyalı ölkələrdəki həmkarları ilə müqayisədə 16 dəfə çoxdur.

Ziddiyyətli səhiyyə islahatları

Son 20 ildə Rusiyada aparılmış ziddiyyətli səhiyyə islahatları ölkə xəstəxanalarının yarısının bağlanması ilə nəticələnib.

Bu islahatlara uyğun olaraq ucqarlardakı kiçik tibb müəssisələri daha böyük klinika və xəstəxanalarla birləşdirilib.

Tənqidçilər deyirlər ki, Rusiyada koronavirusa yoluxmaların belə çox olması məhz həmin islahatların nəticəsidir.

Doctor’s Manual applikasiyası ilə aprılan sorğunun nəticələrini Rusiyada ilk dərc edən Meduza saytı olub.

Bu sorğuda rəyi soruşulan həkimlərin 39 faizi deyib ki, onları fərdi qoruyucu ləvazimatla fasilələrlə və ya gərək olduğundan az təchiz edirlər.

Respondentlərin 48.5 faizi isə bildirib ki, onlar birdəfəlik qoruyucu vasitələrdən təkrar-təkrar istifadə etməli olurlar.

Tibb işçilərinin yarısı Putinin vəd etdiyi pulu ala bilmir

Rəyi soruşulanların 77 faizi deyib ki, onlar koronavirusa artıq yoluxublar və ya hazırda yoluxma təhlükəsi qarşısındadırlar.

Rusiyada bəzi həkimlərin koronavirus pandemiyası şəraitində işin ağırlığı ucbatından intihar etdikləri barədə məlumatlar var.

Rəyi soruşulanların 78 faizi fiziki və ya psixoloji baxımdan yorğunluq hiss etdiyini deyib.

62.5 faiz bildirib ki, normadan daha uzun müddət ərzində işləməli olur.

Aprel ayında Rusiya prezidenti Vladimir Putin tibb bacıları, feldşer və ambulans sürücülərinə maaşdan əlavə 25-50 min rubl (300 dollar) ödəniş ediləcəyini bildirmişdi. Koronaviruslu xəstələri müalicə edən həkimlərə isə əlavə olaraq 80 min rubl (1000 dollar) vəd olunmuşdu.

Amma Rusiya boyunca bir çox tibb işçiləri vəd olunan pulu ala bilmədiklərini bildiriblər. Onlardan bəziləri sosial mediada yazdıqları videomüraciətlərdə prezidentdən vədinə əməl etməsini tələb edirlər.

Respondentlərin 53 faizi sorğu zamanı söz verilən pulu almadıqlarını söyləyib.

XS
SM
MD
LG