Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:11

ABŞ-da Rusiyanın seçki müdaxiləsi ilə bağlı protokollar açıqlanıb


Donald Trump
Donald Trump

ABŞ-da Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair təhqiqatın protokolları dərc edilib.

CNN-nin xüsusi buraxılışında bildirilir ki, ABŞ Nümayəndələr Palatasının komitəsi öz saytında 2017-2018-ci illərə aid 57 dindirmə protokolunun stenoqramını dərc edib.

Ümumilikdə 6 min səhifəlik sənəd açıqlanıb. Bu dindirmələr qapalı rejimdə keçirilirdi.

Konqresin Kəşfiyyat Komitəsinin sədri Adam Schiff bu barədə deyib:

"Dərc edilmiş stenoqramlar Trump kampaniyasının 2016-cı ilin seçkisi zamanı Rusiyanın köməyə cəlb edilməsi, ondan istifadə və bunun gizlədilməsi istiqamətində səylərini təfərrüatlı şəkildə təsvir edir”.

Trump-ın yaxın adamları

Müstənqitiqlər tərəfindən dindirilənlərin arasında Trump-ın oğlu Donald Trump, kürəkəni və baş müşaviri Jared Kushner və seçki qərargahının əməkdaşı Michael Caputo da daxil yaxın çevrəsindən çox sayda rəsmilər var.

Onlar dindirmə zamanı Ağ Evin hazırkı sahibi ilə Kreml arasında hər hansı sövdələşmənin olduğunu inkar ediblər.

Donald Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner
Donald Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner

Kushner müstəntiqlə söhbətinin bir məqamında Rusiya müdaxiləsinin seçki nəticəsinə təsiri olub-olmadığını bilmədiyini deyib.

O həmçinin Demokrat Partiyasının serverlərinə və namizəd Hillary Clinton-un şəxsi poçtuna haker hücumunun da seçki nəticələrinə nə kimi təsir göstərdiyini bilmədiyini söyləyib.

Bu dindirmə zamanı Trump-ın böyük oğlu rusiyalı vəkil Natalia Veselnitskaya ilə guya Clinton-u gözdən salacaq informasiya üçün görüşdüyünü deyib.

Prezident oğlu bu informasiyaya çox da etibar etmədiyini, lakin vəkili dinləməyə hazır olduğunu deyir. O bu görüşü hər hansı bir dostla işdən sonra pivə içməyə bənzədir.

Caputo isə dindirmə zamanı deyib ki, prezident Trump öz seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafortla hər gün təmasda olub. Halbuki Trump öz kampaniya rəhbərini yaxşı tanımadığını dəfələrlə bəyan etmişdi.

Manafort hazırda çirkli pulların yuyulması və ABŞ-a qarşı qəsd ittihamları ilə həbsxana cəzası çəkir.

“Günahsız adam”

Protokollar Trump-ın milli təhlükəsizlik müşaviri Michael Flynn-ə qarşı cinayət işinə xitam verildiyi bir vaxtda təsadüf edir.

Flynn 2017-ci ildə vitse-prezident Mike Pence-ə özünün Rusiya səfiri Sergei Kislyakla danışıqları barədə yanlış məlumat verdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdı. Flynn bu barətədə FTB-yə də yanlış məlumatlar vermişdi.

Nümayəndələr Palatasının spikeri Nancy Pelosi Flynn-ə qarşı cinayət işinə xitam verilməsini siyasi motivli hərəkət adlandırıb.

Trump Flynn-i “günahsız adam” adlandırır və keçmiş prezident Barack Obamanın administrasiya rəsmilərini keçmiş milli müşavirə qarşı təqibdə ittiham edirdi.

Xüsusi prokurorun qərarsızlığı

2019-cu ilin martında ABŞ xüsusi prokuroru Robert Mueller Rusiyanın 2016-cı il ABŞ seçkisinə mümkün müdaxiləsinin araşdırmasını başa çatdırıb.

Onun ikiillik təhqiqatı Rusiyanın ABŞ seçki sistemini təsirləndirmək cəhdlərinin olduğunu aşkara çıxarıb.

Bununla belə müstəntiqlər Donald Trump-ın seçki kampaniyası ilə Kreml arasında sövdələşmənin olduğuna dair kifayət qədər dəlil tapa bilməyiblər.

Təhqiqatın hesabatına görə Mueller-in özü də bu məsələ barədə qəti nəticəyə gəlməyib. O Trump-ı ədalətin qarşısını almaq ittihamı üzrə nə təqsirli bilib, nə də təmizə çıxarıb.

ABŞ kəşfiyyat orqanlarının gəldiyi nəticəyə görə Demokrat Partiyasının serverlərinə hücumun arxasında Rusiyanın xüsusi xidmətləri dayanmışdı.

Hakerlərin adları açıqlanmırdı. Lakin demokratların kirayələdiyi Crowdstrike təhqiqat firmasının gəldiyi nəticəyə görə bunlar Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı idilər və serverlərə hələ 2015-ci ildə yol tapmışdlar.

Moskva hakerlərlə hər hansı bağlılığını inkar edir.

XS
SM
MD
LG