Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:29

SKMF-nin açması - 'iri sahibkarların ucuz kredit mənbəyi'


Foto illüstrasiya
Foto illüstrasiya

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu il 15 sahibkara 60 milyon manata yaxın güzəştli kredit verib. Bu, layihələrin maliyyələşdirilməsinə ayrılan kreditlərin 81 faizi deməkdir.

EKSPERTLƏRİN SÖZLƏRİNƏ GÖRƏ...

Layihələrə ayrılacaq vəsaitin maksimum həddi 10 milyon manata yüksəldiləndən bəri fond, faktik olaraq, iri sahibkarların ucuz kredit mənbəyinə çevrilib. Halbuki 15 il öncə fond kiçik və orta sahibkarlığa dəstək məqsədilə qurulmuşdu.

İlk yarımildə SKMF kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalına, sənaye mallarının istehsalına, eləcə də xidmət sahələrinin inkişafına yönələn 1252 layihəyə toplam 73.2 milyon manat kredit verib.

Layihələrin əsas hissəsi kənd təsərrüfatı məhsullarının istehsalına ayrılıb: 1200 layihəyə cəmi 43.2 milyon manatlıq kredit xətti açılıb. Müxtəlif bölgələrdə 44 sənaye müəssisəsinin yaradılmasına 14 milyon 388 min manat kredit verilib. Kənd təsərrüfatı məhsullarının emalı məqsədilə qurulan 7 müəssisəyə isə bundan bir qədər çox – 15 milyon 592 min manat ayrılıb.

Buna da bax - Sahibkarların güzəştli kredit sərgüzəştləri

SKMF-İN HESABATINDA GÖSTƏRİLİR Kİ...

Layihələrin 97.8 faizinə ayrılan kreditin orta məbləği 8 min 540 manatdır. Böyükhəcmli layihələrin hər birinə isə, orta hesabla, 4 milyon manatadək kredit verilib.

Ümumiyyətlə, bu layihələrin gerçəkləşməsi sayəsində 3 min 200-ədək yeni iş yeri açıla bilər.

Fondun əsasnaməsinə görə, kiçikhəcmli kreditlər 5 min manatdan 50 min manatadək, ortahəcmli kreditlər 500 min manatadək, böyükhəcmli kreditlərsə 10 milyon manatadəkdir. Kiçikhəcmli kreditlər 3 ilədək, ortahəcmlilər - 5 ilədək, böyükhəcmli kreditlərsə 10 ilədək müddətə verilir.

İLLİK FAİZ DƏRƏCƏSİ 6 FAİZİ AŞA BİLMƏZ

Fondun kreditlərini müvəkkil kredit təşkilatları ünvana çatdırır. Bankların, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının illik faiz dərəcəsi 6 faizi aşa bilməz.

İndiyədək SKMF vasitəsilə sahibkarlara 1 milyard manatdan çox güzəştli kredit verilib. Bu ilin dövlət büdcəsində fonda 136 milyon manatın ayrılması nəzərdə tutulub.

SKMF ötən il 5 min 243 sahibkarlıq subyektinə 248.5 milyon manat güzəştli kredit verib.

XS
SM
MD
LG