Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:53

Sahibkarlığın İnkişafı Fondu tələblərə cavab verməyən layihələrə pul ayırıb


Fond sahibkarları maliyyələşdirmək əvəzinə, özü gəlir götürmək fəaliyyətlərinə girişib.
Fond sahibkarları maliyyələşdirmək əvəzinə, özü gəlir götürmək fəaliyyətlərinə girişib.

Hesablama Palatası Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunda audit aparıb. Fondun 2021-2022-ci illərdəki fəaliyyəti araşdırılıb. İqtisadiyyat Nazirliyinin tabeliyində olan bu fond 2002-ci ildən bəri hökumətin sahibkarlığın inkişafı ilə bağlı fəaliyyətində əsas rollardan birini oynayır. Buna baxmayaraq, Hesablama Palatasının araşdırması bu qurumun da fəaliyyətində ciddi çatışmazlıq və nöqsanların olduğunu ortaya çıxarıb.

Araşdırma nəticəsində üzə çıxan çatışmazlıqlardan biri fondun maliyyələşdirmə tələblərinə cavab verməyən sahibkarlara da kredit ayrılmasıdır. Fondun hüquqi sənədlərində göstərilir ki, dövriyyə vəsaitlərinin artırılmasına güzəştli kreditlərin verilməsi nəzərdə tutulmur. Belə tələb olsa da, 2021-2022-ci illərdə fond istehsal, emal və infrastruktur müəssisələri yaratmayan 26 sahibkarlıq subyektinə toplam 8 milyon 731 min manat kredit ayırıb. Hesablama Palatası bu vəsaitin həmin sahibkarlara dövriyyə kapitalını artırmaq məqsədi ilə verildiyini aşkara çıxarıb.

Hesablama Palatasının hesabatında bildirilir ki, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlarla apardığı maarifləndirmə işləri və onlara göstərdiyi məsləhət xidmətləri fondun missiyasına adekvat olmayıb. Üstəlik, güzəştli kredit almaq üçün fonda müraciətlərin sayı az, imtinaların sayı isə çox olub. Belə ki, 2021-ci ildə güzəştli kreditlər üçün müraciətlərin sayı 2013-cü illə müqayisədə iki dəfə, 2014-cü illə müqayisədə 2.5 dəfə, 2015-ci illə müqayisədə isə 2.6 dəfə az olub. İmtina edilən müraciətlərin sayı isə, əksinə, əvvəlki illərlə müqayisədə xeyli artıb. Nəticədə fondun verdiyi güzəştli kreditlərin həcmi azalıb.

Naxçıvanda çalışmış türkiyəli sahibkar: 'Azərbaycandan küsüb ayrılmaq məcburiyyətində qaldıq'
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Banklarla əməkdaşlıq yaxşı qurulmayıb

Araşdırma nəticəsində bəlli olub ki, bəzi hallarda fondun kredit təşkilatları ilə əməkdaşlığı düzgün qurulmayıb. Özəlliklə gecikdirilmiş və təyinatı üzrə istifadə edilməyən kreditlər barədə fondun tam məlumatlandırılmasında problemlər qeydə alınıb. Bu prosesin düzgün qurulmaması da vəsait israfına səbəb olub. Hesablama Palatası bildirir ki, verilən kreditlərin monitorinqinə bankların səthi yanaşması üzündən doqquz kreditdə 700 min manatdan çox vəsait təyinatı üzrə xərclənməyib. Bunun nəticəsində krediti təyinatı üzrə istifadə etməyən sahibkarlıq subyektlərinə dövlət büdcəsi hesabına 63 min manata yaxın subsidiya ödənilib.

Sahibkarlığın İnkişafı Fondu ilə bağlı üzə çıxan ən qəribə məqamlardan biri budur ki, fond sahibkarları maliyyələşdirmək əvəzinə, özü gəlir götürmək fəaliyyətlərinə girişib. Belə ki, 2021-2022-ci illərdə fondun 131 milyon manat vəsaiti depozit kimi digər banklara yerləşdirilib və ya qiymətli kağızlara yatırılıb. Müqayisə üçün: Bu vəsaitin həcmi eyni illərdə fondun sahibkarlara verdiyi güzəştli kreditlərin həcmindən (130.6 milyon manat) çoxdur. Unutmaq olmaz ki, Azərbaycanda sahibkarların əsas problemlərindən biri ucuz kredit resurslarına çıxış imkanıdır. Sırf bu problemə töhfə vermək üçün yaradılmış fond isə sahibkarlığa ayırdığı güzəştli kreditdən daha çox vəsaiti özü əlavə gəlir qazanmaq üçün istifadə edib.

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Araşdırma nəticəsində o da bəlli olub ki, banklara və qiymətli kağızlara yerləşdirilən vəsaitlərdən əldə edilən gəlirlər sahibkarlara daha çox güzəştli kreditlərin verilməsinə deyil, fondun sərəncamında qalan vəsaitlərin artırılmasına və cari xərclərin ödənilməsinə yönəldilib. Mərkəzi Bankın açıqladığı göstəricilərdən bəlli olur ki, hazırda Azərbaycanda biznes kreditləri portfelinin həcmi 13 milyard manatdır. İndi bu vəsaitlərin cəmi 965 milyon manatı - yalnız 7 faizə yaxını dövlət fondları hesabına verilən kreditlərin payına düşür. Biznes kreditlərinin 55 faizi iri sahibkarlara verilib. Kiçik və mikrosahibkarlara verilən kreditlər toplam biznes kreditlərinin cəmi 32 faizidir.

Normativ-hüquqi aktlar da tələblərə cavab vermir

Sahibkarlığın İnkişafı Fondundakı araşdırma fondunun normativ-hüquqi aktlarının da tələblərə cavab vermədiyini üzə çıxarıb. Məsələn, fondun Müşahidə Şurası tərəfindən güzəştli kreditlərdə yerləşdirilən aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması qaydaları bölgüləndirilməyib. Halbuki, bu addımlar kredit təşkilatları üçün çox vacib sayılır. Düz 20 ilə yaxındır fəaliyyət göstərən fond bunları gözdən qaçırıb. Üstəlik, sahibkarlara dövlət zəmanəti ilə verilən kreditlər təyinatı üzrə istifadə edilmədikdə ödənilmiş faiz subsidiyalarının Fonda, sonra da dövlət büdcəsinə qaytarılmasına dair hüquqi aktlar da yetərsizdir.

Sahibkarlığın İnkişafı Fondu investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənmək üçün uyğun təhlil və araşdırmalar aparmayıb. Fond sahibkarların yeni bazarlara çıxış imkanlarının öyrənilməsi və qabaqcıl beynəlxalq təcrübənin sahibkarlara çatdırılması istiqamətində də yarıtmaz fəaliyyət göstərib. Beləcə, Sahibkarlığın İnkişafı Fondu öz fəaliyyətinin əsas istiqamətlərindən birini gözardı edib.

XS
SM
MD
LG