Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:41

İllər öncə məhkəmənin ölmüş elan etdiyi azərbaycanlı: ''Əl-Qaidə' bizi əsir götürmüşdü...'


Baku court
Baku court

Suraxanı rayon Məhkəməsinin qərarıyla 7 il öncə ölmüş elan edilən adam xeyli vaxtdır paytaxtın başqa bir məhkəməsində hakim önünə çıxarılırdı. Bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, 57 yaşlı Şahin Salayev Suriyada dini radikalizm zəminində silahlı münaqişələrə qatılmaqda təqsirli sayılıb və ona 7 il həbs cəzası kəsilib.

Üç arvadı olduğunu deyir

Salayev özünü təqsirli bilmir. O, məhkəmədə Suriyaya getdiyini, bir müddət orada yaşadığını etiraf edib. Ancaq iddia edir ki, məqsədi döyüşmək olmayıb, arvadıyla uşaqlarının arxasınca gedib. Onun sözlərinə görə, üç arvadı olub – birincisiylə rəsmi nikah bağlayıb, sonrakı ikisiylə isə qeyri-rəsmi nikahda yaşayıb.

Məhkəməyə ifadəsində Suriyaya ikinci arvadı və ondan olan övladlarının arxasınca getdiyini söyləyir. Deyir ki, 2010-cu ildə - üçüncü arvadıyla yaşadığı dövrdə onunla və övladıyla birlikdə Bakıdan Dubaya, oradan Misirə gediblər. Həmin vaxt Misirin paytaxtında universitetdə təhsil alırmışlar:

“Orada olanda mənə xəbər verdilər ki, ikinci arvadım uşaqları da götürüb, Suriyaya gedib. Mən onların arxasınca getdim ki, götürüb Qahirəyə gətirim. Suriyanın Hələb şəhərinə çatanda gördüm ki, darmadağındı. Türkiyə ilə sərhədə yaxın bir yerdə qalırdım. Orada ev bombalanarkən sənədlərim məhv oldu. Sonra azərbaycanlıları tapdım, onların yanına gedib-gəldim...”

“Bizi ölkədən çıxardılar”

Salayev şəxsi silahının olmadığını, döyüşmədiyini iddia edib. Onun sözlərinə görə, bir müddət sonra Suriyada yaşadığı yerə “Əl-Qaidə” terror təşkilatının üzvləri hücum edərək, onları əsir götürüblər:

“Bizi ölkədən çıxardılar. Mən bir müddət Türkiyədə saxlandım. Sonra Azərbaycana təhvil verildim”.

Salayevin 7 il öncə məhkəmə qərarıyla ölmüş elan olunması məsələsinə də aydınlıq gətirilib. Bilinib ki, onun rəsmi nikahda olub, sonradan boşandığı arvadının müraciətindən sonra məhkəmə belə bir qərar çıxarıb.

Həmin qadın da Bakı Ağır Cinayətlər Məhkəməsində şahid kimi dindirilib. O deyib ki, 1993-cü ildə ailə qurublar, amma fərqli inançları baxımından ayrılmaq qərarına gəliblər və 2006-cı ildə boşanıblar. Əvvəllər övladlarına görə aliment ödəsə də, sonradan dayanıb. Aliment problemiylə əlaqədar şikayətçi olanda öyrənib ki, sonuncu dəfə Bakı-Dubay reysilə ölkədən çıxıb. Onun olduğu yer 5 il ərzində müəyyənləşdirilmədiyindən, məhkəmə keçmiş ərini ölmüş elan edib.

Salayev 2023-cü ilin yanvarından həbsdədir.

XS
SM
MD
LG