Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:27

Vaşinqton və Ankara Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər


Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Türkiyə prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Türkiyə prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Türkiyə prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iyunun 4-də telefon söhbəti zamanı Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər.

Ağ Evin məlumatında deyilir ki, tərəflər bu iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına böyük əhəmiyyət verdiklərini vurğulayıblar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov noyabrda Bakıda keçiriləcək COP29 konfransını sülh müqaviləsinin imzalanması üçün yaxşı imkan adlandırmışdı.

Rəsmi Yerevanın bu təklifə cavabı belə olmuşdu:

“Sülh müqaviləsini imzalamaq üçün hər bir gün gözəl imkandır. Hazırda bunun üçün atmosferdə əhəmiyyətli dəyişiklik baş verib, amma bu, məsələnin həll olunması demək deyildir. Biz hüduda çatmışıq və indi imzalamaq qalır”.

Fikir ayrılığı

Bu yaxınlarda Ermənistan tərəfi bildirmişdi ki, Almatı bəyannaməsinə istinadın sülh müqaviləsinin mətninə daxil edilməsi məsələsində Bakı və Yerevan arasında hələ də razılaşma əldə olunmayıb.

Ermənistan və Azərbaycan arasında iki ildən də çox davam edən danışıqlar prosesində sülh müqaviləsi mətninin artıq 9-cu redaksiyası müzakirə olunur.

Aprelin sonlarında Yerevan Bakının yeni təkliflərini aldığını təsdiqləmişdi.

Bundan bir neçə gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken Praqada Türkiyənin xarici işlər naziri Hakan Fidanla başqa məsələlərlə yanaşı Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə etmişdi.

ABŞ hazırda Ermənistan-Azərbaycan danışıqlarında birbaşa vasitəçilik etməsə də, Vaşinqton prosesi sıx izlədiyini bildirib.

Belousovun narahatlığı

Hazırda iki ölkə arasında vasitəçisiz danışıqları Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan aparırlar.

Onlar mayın 9-10-da Qazaxıstanın Almatı şəhərində görüşüblər. Qazaxıstan mənbələri növbəti danışıqlar raundunun iyunun ortalarında ola biləcəyini xəbər verib.

Həm Qərb, həm də Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiklərini bildiriblər.

Buna baxmayaraq Moskva sülh prosesinə hələ də qısqanclıqla yanaşır.

Bu yaxınlarda Rusiyanın yeni müdafiə naziri Andrey Belousov iddia etmişdi ki, Vaşinqton və Brüssel sülh müqaviləsinin Qərb paytaxtlarından birində imzalanmasına çalışırlar.

Belousov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən son iclasında demişdi:

"Vaşinqton və Brüsselin təhlükəsizlik və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi adı ilə bizim erməni partnyorlarımızı öz tərəflərinə çəkmək cəhdləri xüsusi narahatlıq doğurur”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı ötən il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG