Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:20

'Əliyev hökuməti KİV azadlığı izlərini məhv edir'


'Sülalə rejimi'ndən yazmaq dövlətçiliyə ziddir?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

'Sülalə rejimi'ndən yazmaq dövlətçiliyə ziddir?

«Sərhədsiz Reportyorlar» beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda son beş həftədə beş aparıcı müstəqil xəbər veb-saytının bloklanmasını pisləyir.

«Bundan sonra hakimiyyət bloklamanı təsdiq etmək məqsədilə məhkəməyə müraciət edib», - bəyanatda yazılır.

«Martın 27-dən AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan Saatı» verilişinin saytları bloklanıb. Bu yaxınlarda qanunvericiliyə edilmiş düzəlişlər hökumətə «dövlət və cəmiyyət üçün təhlükə təşkil edən» istənilən veb-saytı bloklamaq hüququ verib. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə bu «qabaqlayıcı» bloklamanı məhkəmə təsdiq etməlidir. Bu, ədalətli mühakimə sisteminin icra hakimiyyətinin qanadı kimi fəaliyyət göstərdiyi bir ölkədə formallıqdır», - deyə bəyanatda vurğulanır.

Bəyanatda yazılır ki, Səbail rayon Məhkəməsi aprelin 27-də və mayın 1-də artıq iki dinləmə keçirib. Amma nazirlik bu saytların qanunu məhz nə ilə pozduqlarını bildirməyib. Nazirliyin əməkdaşı müdafiə tərəfinin təzyiqi altında bir neçə məqalə göstərib. Amma onların hansı hissələrinin pozuntu olduğunu qeyd etməyib.

«Beş aparıcı xəbər veb-saytını bloklamaqla prezident İlham Əliyevin hökuməti Azərbaycanda qalan bütün KİV azadlığı izlərini məhv edir», - deyə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Johan Bir bildirib.

Müstəqil saytların bloklanması barədə nə düşünürsüz?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

«BEYNƏLXALQ İCTİMAİYYƏT, NƏHAYƏT Kİ, HÖKUMƏTİN CƏZASIZLIĞINA SON QOYMALIDIR»

«Şəbəkədə, internetdə, hətta link və şərh səviyyəsində hökumətin tənqidçilərinin təqibi güclənməkdə davam edir. Beynəlxalq ictimaiyyət, nəhayət ki, hökumətin cəzasızlığına son qoymalı və Avropa İnsan Hüquqları Konvensiyasının, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın sistemli şəkildə pozulmasına görə onu məsuliyyətə cəlb etməlidir», - deyə sənəddə vurğulanır.

Sənəddə ifadə azadlığına son basqı olayları haqda təfsilatlı bilgi verilir. Orada bildirilir ki, internet «Azadlıq» qəzetinin oxucularına yeganə çıxış yolu idi. Qəzet 2016-cı ilin sentyabrında hakimiyyətin təzyiqi altında çap nəşrini dayandırmaq məcburiyyətində qalıb. Qəzetin maliyyə direktoru Faiq Əmirov son səkkiz ay ərzində həbsxanadadır, səhhətindəki problemlərlə əlaqədar orada əziyyət çəkir. «Azadlıq» qəzetinin bir neçə əməkdaşı, o cümlədən müvəqqəti redaktoru Rahim Hacıyev son aylarda eyni taleyi yaşamamaq üçün ölkədən getmək məcburiyyətində qalıb.

Berlində mühacirətdə yaşayan «Meydan» telekanalının rəhbəri Emin Milli fevralda yeni qətl hədələri aldığını bildirib. «Kanal 13» veb-resursunun rəhbəri mayın 2-də «polisə tabe olmaqdan imtina»ya görə bir aylıq həbs edilib.

Azərbaycan 2017-ci ildə mətbuat azadlığı indeksində 180 ölkə arasında 162-ci yeri tutur. 2016-cı ilin sentyabrında keçirilən referendumla səlahiyyətləri gücləndirilən prezident İlham Əliyevin adı isə «mətbuat yırtıcıları» siyahısına daxildir.

Hakimiyyət təmsilçiləri bu bəyanata, hələlik, münasibət bildirməyiblər. Ancaq onlar ölkədə mətbuat azadlığına basqılarla bağlı deyilənləri, bir qayda olaraq, qəbul etmirlər. Rəsmilər heç kəsin peşəsinə görə cəza çəkmədiyini, konkret cinayətlərdə təqsirli bilindiklərini vurğulayırlar. Onlar beynəlxalq qeyri-hökumət təşkilatlarının səsləndirdiyi tənqidləri qarayaxma kampaniyası sayırlar.

XS
SM
MD
LG