Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:22

Donald Trump TikTok və WeChat-lə bağlı qadağa qoyur


ABŞ Prezidenti Donald Trump TikTok WeChat mobil tətbiqlərinin çinli sahibləri ilə tranzaksiyaları 45 gün içində qadağan edən sərəncamlar imzalayıb.

Trump TikTok-un sahibi ByteDance ilə tranzaksiyaların qadağan olunmasına təhlükəsizliyi səbəb gətirib. Sənəddə deyilir ki, TikTok Çin Kommunist Partiyasının xeyrinə dezinformasiya kampaniyasında istifadə oluna bilər.

Digər sərəncamda isə Trump qeyd edir lki, WeChat avtomatik olaraq istifadəçilərdən “böyük həcmdə” informasiya əldə edir.

“Datanın bu cür yığılması Çin Kommunist Partiyasına amerikalıların şəxsi və gizli informasiyasına çıxış verir”, – sərəncamda vurğulanır.

TikTok özəlliklə yeniyetmələr və gənclər arasında populyardır, qısa videoların hazırlanmasında istifadə olunur. Dünya üzrə 1 milyard istifadəçisinin olduğu bildirilir. Şirkət istifadəçilər haqda məlumatı Pekinlə paylaşmadığını qeyd edir.

Çinin Tencent şirkətinə məxsus WeChat və onun Çində oxşar tətbiqi olan Weixin isə populyar mesajlaşma mobil əlavələridir.

Tencent və ByteDance məsələyə şərh verməyiblər.

***

Senat dövlət cihazlarında TikTok-dan istifadəni qadağan edir

Avqustun 6-da ABŞ Senatı hökumət idarələrində işlədilən smartfon və başqa cihazlarda TikTok videopaylaşma tətbiqini qadağan edən qanunvericilik aktına yekdilliklə səs verib.

Bundan bir gün əvvəl dövlət katibi Mike Pompeo demişdi ki, Birləşmiş Ştatlar Çin dövləti tərəfindən dəstəklənən bir sıra tətbiqlərin və telekommunikasiya provayderlərinin qadağanı məsələsini nəzərdən keçirir.

O bunları Birləşmiş Ştatların və onun vətəndaşlarının təhlükəsizliyinə hədə adlandırmışdı.

Prezident Donald Trump iyulun 31-də demişdi ki, populyar TikTok platforması ABŞ-da qadağan olunacaq.

O daha sonra bildirmişdi ki, ABŞ texnologiya nəhəngi Microsoft TikToku Çin şirkətindən ala bilər.

Trump-ın sözlərinə görə bu, sentyabrın 15-dək baş verməsə TikTok ABŞ-da qadağan olunacaq.

TikTok-un sahibi Çinin ByteDance şirkətidir.

Çində 2017-ci ildə qəbul edilmiş qanuna əsasən şirkətlər ölkə kəşfiyyatına dəstək verməyə və ya onunla əməkdaşlıq etməyə öhdəlikli deyillər.

Qadağanlar genişləndiriləcək

TikTokun hökumət cihazlarında qadağanı barədə qanun layihəsinin müəllifi respublikaçı senator Josh Hawley hər iki partiyadan aldığı dəstəyə görə təşəkkürünü bildirib.

O deyib ki, ABŞ təkcə Çin Kommunist Partiyasından yox, həm də onu dəstəkləyən şirkətlərdən hesabat tələb etməlidir.

Senator Josh Hawley əlavə edib ki, məsələ təkcə bu qadağanla bitməyəcək.

Ötən ay ABŞ Nümayəndələr Palatası hökumət qulluqçularına dövlət tərəfindən verilmiş telefonlara və başqa cihazlara TikTok tətbiqinin yüklənməsini qadağan edən qanun qəbul etmişdi.

İndi Konqresin hər iki palatası tərəfindən dəstəklənmiş bu qanunun tezliklə rəsmi qadağana çevriləcəyini gözləmək olar.

Trump administrasiyası koronavirus pandemiyasına, Honq Konqda insan haqlarının tapdanmasına və Çinlə ticarət müharibəsinə görə Pekinin üzərinə təzyiqlərini artırır.

Vaşinqton habelə Çinin Sintzyan vilayətində 1 milyonadək uyğurun insan haqlarının kütləvi pozulması ilə bağlı Pekini sərt tənqid edir.

XS
SM
MD
LG