Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:21

Erməni deputat: Putin deyən xəritədən Ermənistanda da var


Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komissiyasının iqtidardan olan sədri Andranik Koçaryan
Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komissiyasının iqtidardan olan sədri Andranik Koçaryan

Putin demişdi ki, keçmiş müttəfiq respublikaların arasındakı sərhədləri göstərən xəritələr Rusiya silahlı qüvvələrinin baş qərargahında saxlanır

Prezident Vladimir Putinin bir neçə gün əvvəl haqqında danışdığı sovet dövrü xəritələrindən Ermənistanda da var.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu oktyabrın 29-da parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iqtidardan olan sədri Andranik Koçaryan deyib:

“15 respublika bir təhlükəsizlik sistemində idi və bizdə vahid hərbi xəritələr vardı. Bu xəritələrlə Sovet İttifaqı silahlı qüvvələrinə aid müvafiq proseslər həyata keçirilirdi...”

Ötən həftə Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasından danışan Vladimir Putin demişdi ki, bu iş Rusiyanın iştirakı olmadan görülə bilməz, çünki keçmiş müttəfiq respublikaların arasındakı sərhədləri göstərən xəritələr Rusiya silahlı qüvvələrinin baş qərargahında saxlanır.

General İstrakovun Yerevana intensiv səfərləri

Azatutyunun yazdığına görə, maraqlıdır ki, bu bəyanatdan bir neçə gün sonra baş nazir Nikol Paşinyan Rusiya silahlı qüvvələri baş qərargah rəisinin müavinini qəbul edib.

Hökumət bu görüşün təfərrüatları barədə heç bir məlumat verməyib, lakin bildirilib ki, baş nazir general-polkovnik Sergey İstrakovla iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib.

Sözü gedən görüşdə Ermənistanın müdafiə naziri Arşak Karapetyan da iştirak etmişdi.

Görüşdə xəritə məsələsinin müzakirə olunub-olunmadığına dair heç bir məlumat verilməyib.

Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın ofisi, Ermənistan və Rusiya müdafiə nazirlikləri bu barədə sorğulara cavab verməyiblər.

Amma xəritə mövzusuna oktyabrın 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan toxunub.

O deyib ki, sərhədlərin müəyyənləşdirilməsi üçün hansı xəritədən istifadə olunacağı məlum deyil:

“Xəritələr arasında fərq var. Əgər biz hüquqi əsaslı xəritəni nəzərdə tuturuqsa, yeganə əsas xəritə 1920-ci illərin xəritələridir. Bəziləri deyirlər ki, söhbət 1926-cı ilin xəritəsindən gedir, bir başqaları 1929-cu illərin xəritəsini deyirlər. Bu məsələdə vahid yanaşma yoxdur. Amma bu əsas xəritədir”.

“Bizim strateji partnyorumuzla müzakirə edəcəyimiz çox məsələ var”

Bu da vurğulanır ki, Rusiya silahlı qüvvələri baş qərargah rəisinin müavini son 9 ayda Ermənistana üç səfər edib. O sonuncu dəfə Yerevanda iyul ayında olmuşdu.

O vaxt onun Ermənistan hərbiyyəsinin rəhbərliyi ilə danışıqlarından sonra iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanmışdı.

Müdafiə və təhlükəsizlik komissiyasının sədri, deputat Andranik Koçaryan deyib ki, strateji partnyor Rusiya ilə müzakirə olunmalı çox məsələlər var:

“Çox yaxşıdır ki, bu görüşlər keçirilir. Onlar ona görə davamlı xarakter daşıyır ki, bizim strateji partnyorumuzla müzakirə edəcəyimiz çox məsələlər var”.

Azatutyun yazır ki, iyul memorandumunun imzalanmasından sonra Ermənistanın müdafiə naziri Arşak Karapetyan bir neçə dəfə Moskvaya səfər edərək müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Rusiya naziri bu görüşlərdə Ermənistan ordusunun müasir silahlarla təchizatı məsələsinin müzakirə olunduğunu demişdi.

XS
SM
MD
LG