Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:29

Azərbaycanda media azadlığı 'qara' gündədir


Mətbuat azadlığı indeksi xəritəsi
Mətbuat azadlığı indeksi xəritəsi

Media azadlığına həm avtoritar rejimlərdə, həm də demokratiya modelləri kimi tanınan ölkələrdə getdikcə daha çox təhlükə yaranır. Bu xəbərdarlıqla Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 26-da çıxış edib.

Parisdə mənzillənən təşkilat Ümumdünya Mətbuat İndeksini açıqlayıb. Qurum bildirir ki, indi mətbuat azadlığını təkcə avtoritar rejimlər və diktaturalar pozmur.

RSF-in mövqeyinə görə, cəmi bir il ərzində medianın «yaxşı» və «nisbətən yaxşı» durumda olduğu ölkələrin sayı azalıb. Artıq demokratiya modelləri sayılan ölkələrdə də jurnalistlərin durumunun pisləşdiyi vurğulanır.

SƏNƏ GÜVƏNDİYİM DAĞLAR

180 ölkə arasında 22-ci yeri tutan Kanada ötən ildən bəri indeksdə 4 pillə geriləyib. Birləşmiş Ştatlar iki pillə geriləyərək 43-cü yerdə qərarlaşıb. Hətta adətən RSF-in indeksində öndə gedən Skandinaviya ölkələri belə bir neçə pillə geri düşüblər.

«Ənənəvi olaraq, media azadlığını quruluşlarının təməli sayan demokratiyalar dünyanın qalan hissəsinə örnək olmaqda davam etməlidirlər, bunun əksinə getməməlidirlər», – RSF-in baş katibi Christophe Deloire deyib.

RSF bildirir ki, ABŞ prezidenti Donald Trump-ın media və jurnalistlərə qarşı səsləndirdiyi fikirlər Amerikanın söz azadlığını müdafiə ənənəsini zərbə altında qoyur. Trump jurnalistləri «yer üzündə ən vicdansız şəxslər» adlandırıb, onları «saxta xəbərlər» yaymaqda suçlayıb.

Kanadada isə azı altı jurnalist mənbələrinin aşkarlanmasından ötrü polis təqibinə məruz qalıb.

Bakı sakinləri ANS TV-nin bağlanması barədə
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Britaniya ötən ilin sonunda kəşfiyyat xidmətlərinin nəzarətini gücləndirən qanun qəbul edib.

AZƏRBAYCAN VƏ QONŞULARI

Azərbaycan 180 ölkə içində 162-ci yerdədir. Qonşu Gürcüstan 64, Ermənistan 79, Rusiya 148, Türkiyə 155-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycan ötənilki indeksdə 163-cü yerdəydi.

RSF-in illik mətbuat azadlığı indeksinə rəngli xəritə də daxildir. Bu xəritədəki rənglər mətbuat azadlığının durumunu göstərir: ağ rəng – «yaxşı», sarı – «nisbətən yaxşı», narıncı – «problemli», qırmızı – «pis», qara rəng – «çox pis» durumu göstərir. Azərbaycan qara, Gürcüstan və Ermənistan isə narıncı rənglə boyanıblar. İran və Özbəkistanda da media azadlığının günü «qaradır».

Gün ərzində bu indekslə bağlı rəsmilərin, media təmsilçilərinin fikirləri saytımıza yerləşdiriləcək.

SİYAHININ DİBİ

«RSF-in hesabladığı qlobal indikator heç vaxt belə yüksək olmayıb və bu da mətbuat azadlığının həmişəkindən daha artıq təhlükə altında olduğunu göstərir», – qurum bildirir.

Türkmənistan adəti üzrə indeksin dibində, 178-ci yerdədir. Ondan sonra Şimali Koreya və Eritreya gəlir.

Rusiya, Belarus, Qazaxıstan və Tacikistanda media hüquqları «pis» durumdadır.

RSF bu indeksi 2002-ci ildən bəri açıqlayır. Media azadlığı plüralizm, medianın müstəqilliyi, jurnalistlərin təhlükəsizliyi və azadlığına sayqı meyarları əsasında ölçülür.

XS
SM
MD
LG