Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:21

Hüquq müdafiəçisi: Azərbaycan məhbus sayına görə, Avropada üçüncüdür


“Azərbaycanda həbs, saxlanma yerlərində o qədər problemlər var ki, onları bir sənəd çərçivəsində ümumiləşdirib təqdim etmək çox çətindir”.

Bu sözləri Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) hazırladığı “Həbs yerlərində saxlanma şəraiti; mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələr” adlı hesabatın təqdimatında qurumun koordinatoru Oqtay Güləliyev deyib.

Hesabatın hazırlanmasında məqsədin “siyasi məhbus məsələsini ictimailəşdirmək” olduğunu deyən O.Güləliyevin təqdim etdiyi sənəd iki istiqaməti əhatə edir. Birinci istiqamət həbs, saxlanma yerlərindəki şəraitin araşdırılması olub. Digər araşdırma istiqamətini sırf siyasi məhbus sayılan şəxslərlə bağlı məsələ təşkil edib.

O.Gülalıyev daha mükəmməl araşdırmadan ötrü gərəkli şərtlərin olmadığını qeyd edib.

“Penitensiar Xidmət araşdırma üçün bizi həbs yerlərinə buraxmırr. Bizim informasiya soğrularımıza da cavab vermirlər”, deyən koordinator Penitensiar Xidmətin ən adi məlumatları gizli tutduğunu qeyd edib. Onun sözlərinə görə, araşdırma hədəfi olan məlumatları əsasən, Avropa Şurasına aid mənbələrdən əldə edə biliblər.

AZƏRBAYCAN VƏ HOLLANDİYANIN MÜQAYİSƏSİ

Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan hər 100 min nəfərə düşən məhbus sayına görə, Avropada üçüncü yerdə durur.

“Azərbaycanda hər 100 min nəfərə düşən məhbus sayı 248 nəfərdir. Bu Avropada üçüncü göstəricidir. Birinci yerdə Rusiya gedir. Avropada, Hollandiyada həbsxanaların məhbus olmaması səbəbindən qapadılması tendesniyası müşahidə edilir. Azərbaycanda isə bunun əksi baş verir, yeni həbsxanalar tikirlər”.

Həbs yerlərindəki duruma toxunan O.Gülalıyev deyib ki, təcridxana və cəzaçəkmə müəssisələri müasir tələblərə cavab vermir, əksəriyyəti sovetdən qalmadır. Onun iddasına görə, yemək, saxlanma şəraiti, tibbi xidmət bərbad durumdadır.

“İstintaq təcridxanlarında durum eynidir. Kürdəxanıdakı təcridxana az-çox tələblərə cavab verir”, deyən O.Gülalıyev həbsxanalarda yeməyin keyfiyyətinin aşağı olduğunu qeyd edib:

“Baxmayaraq ki, beynəlxalq təşkilatların hesabatlarına görə, hələ 2011-ci ildə dövlət büdcəsindən gündə hər məhbusun qidalanması üçün 8 avro ayrılıb. Dustaqlara göstərilən tibbi xidmətin keyfiyyəti də aşağıdır”, deyən O.Gülalıyev diqqəti işgəncə şikayətlərinə yönəldib.

Sənəddə siyasi məhbus məsələsinə də toxunulub. Qeyd edilib ki, hazırda Azərbaycanda 150-dən çox siyasi məhbus var.

Əlaqəli rəsmi qurumlardan, hələlik, hesabatla bağlı münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanın hüquq müdafiə təşkilatlarının siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahısı yoxdur. Başqa hüquq müdafiə təşkilatlarının hazırladıqları siyahıda isə 150-yə yaxın şəxsin adı yer alır.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cləb ediliblər. Üstəlik, həm Penitensiar Xidmətin məsul şəxsləri, həm də başqa rəsmilər bir qayda olaraq həbs yerlərində işgəncə şikayətlərini qəbul etmirlər, bunu əsasız iddialar sayırllar.
Petenisiar Xidmətin əməkdaşları eyni zamanda, bundan öncə cəza çəkmə yerlərində ərzaq, tibbi xidmət və başqa oxşar məsələlərlə bağlı şikayətlərin də əsasının olmadığını açıqlayıblar.

XS
SM
MD
LG