Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:43

SOCAR rəsmisi keçmiş işçisindən 50 min manat istəyir


Arif Qəmbərov
Arif Qəmbərov

SOCAR-ın «Kompleks Qazma İşləri Tresti»nin rəisi İsgəndər Şirəli keçmiş işçisi Arif Qəmbərovdan 50 min manat pul istəyir. Rəis bu tələblə Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Bu haqda AzadlıqRadiosuna Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

İ.Şirəli iddia ərizəsində yazıb ki, keçmiş işçisi mətbuata verdiyi müsahibələrində onun şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna zərbə vurub.

A.Qəmbərov mətbuata müsahibələrdə Tresdə rəhbərliyin işçilərin hüquqlarını pozması, onlara təzyiq göstərib məcburi ərizə yazdırılmasından, korrupsiya, qohumbazlıq hallarının hökm sürməsindən danışıb. Deyib ki, İ.Şirəli dövlət idarəsini özünün ailə şirkəti kimi idarə edir.

Trest rəisi iddia ərizəsində 50 min manatla yanaşı, həm də həmin materialların yayıldığı saytlarda təkzib verilməsi və keçmiş işçisinin ondan üzr istəməsi tələbini irəli sürüb.

A.Qəmbərov 30 il çalışdığı Trestdən 2017-ci ilin yayında çıxarılıb. Onun sonuncu iş yeri «Günəşli» yatağında 8 saylı özüldə qazma üzrə rəis müavini vəzifəsi olub.

Trestdə özbaşınalığa etirazını bildirdiyi üçün rəhbərlik tərəfindən döyüldüyünü, təhqirə məruz qaldığını iddia edən A.Qəmbərovun sözlərinə görə, ötən yay ona aşağı vəzifəyə keçirilməsi üçün könüllü ərizə yazdırmaq istəyiblər. O isə bu tələbə əməl etməyib:

«Onlar da qarşımda şərt qoydular ki, «könüllü» aşağı vəzifəyə keçməsəm, işimi yerli-dibli itirəcəm. Hətta bu barədə yaşadığım ünvana bildiriş də göndəriblər ki, imzalayım. Mənsə imzalamadım».

A.Qəmbərov iddia edir ki, təcrübəli neftçilər işdən kənarlaşdırılır, onların yerinə bu sahədə təcrübəsi olmayan, ancaq vəzifədə qohum-qardaşı olanlar gətirilir. Dediyinə görə, 2017-ci il sentyabrın 14-də «Günəşli» İstehsalat Bölümünün rəisinin qəbuluna gedib, amma orada təhqir və zorakılığa məruz qalıb.

Dövlət Neft Şirkətindən isə bildirilib ki, A.Qəmbərovun şikayəti Xətai Rayon Prokurorluğunda araşdırılıb və onun iddiaları, o cümlədən döyülməsi haqda söylədikləri təsdiqini tapmayıb. Ona görə də məhkəməyə müraciət olunub.

XS
SM
MD
LG