Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:35

Talassemiyalı uşaqlarla bağlı 1 milyon manatlıq dələduzluq


İllüstrativ foto
İllüstrativ foto

Talassemiyalı uşaqların xaricdə əməliyyatı adıyla onların valideynlərinin aldadılmasıyla bağlı 1 milyon manatlıq dələduzluq işində zərərçəkənlər araşdırmalardan narazıdır. Onların fikrincə, cinayətdə əli olan bir sıra vəzifəli şəxs bugünədək azadlıqdadır.

“Talassemiya Mərkəzi qapalı müəssisədir. Oradan xəstələrin qan nümunələrini, sənədlərini bunlara kim verib? Bu adamların havadarları var, onlar tapılıb cəzalandırılmalıdırlar”, - zərərçəkənlərdən Aysel Abdullayeva iyulun 24-də məhkəmədə belə deyib.

Talassemiyalı 36 nəfər uşağın müalicə adıyla onların valideynlərini aldadıb, pullarını ələ keçirməkdə ittiham edilən 3 nəfər - “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin rəhbəri Nuridə Seyidova, onunla birlikdə işləmiş həkim Aysel MəmmədovaAynur Bayramova ilə bağlı 5 aydır məhkəmə araşdırmaları gedir. Bu araşdırmalar Bakı Ağır Cinayətlər Məhkəməsində aparılır.

Beş uşaq əməliyat etdirilib?

Hazırda təqsirləndirilən şəxslər dindirilir. İyulun 24-də məhkəmədə N.Seyidova prokurorun, vəkillərin suallarını cavablandırıb. O iddia edir ki, talassemiyalı uşaqların valideynlərindən alınmış pulları digər təqsirləndirilən şəxslərlə aralarında bölüblər. Onun sözlərinə görə, pulların bir qisminə 5 uşağı əməliyyat etdiriblər.

Amma təqsirləndirilən Bayramova və Məmmədova onun yalan danışdığını deyir. Onlar övladını əməliyyat etdirmək istəyən şəxslərlə N.Seyidova arasında vasitəçi olduqlarını bildirirlər:

“Nuridə bizə demişdi ki, pulun bir hissəsini uşağın valideyni ödəyir, qalanını da beynəlxalq maliyyə təşkilatları. Həmin təşkilatlar talassemiyalı uşaqlara donorluq edir. Biz də inanmışdıq”.

Zərərçəkmişlər təqsirləndirilən şəxslərin hər üçündən şikayətçidir. Onlar araşdırmaların bu 3 nəfərlə məhdudlaşmasını istəmir və düşünürlər ki, bu işin arxasındakı başqa şəxslər məsuliyyətdən kənarda saxlanılıblar.

Zərərçəkmiş Natiq Qubadov da məhkəmədə bu cinayət işi üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış istintaqdan narazılığını dilə gətirib:

“Bunların havadarları kimlərdir? Onlara arxayındılar. Bu iş üzrə istintaq da düzgün aparılmayıb”.

23 yaşından dövlət qulluğunda çalışdığını, keçmiş polis işçisi olduğunu vurğulayan N.Qubadov deyir ki, hazırda məhkəmədə zərərçəkmiş qismində tanınan şəxslərdən bir neçəsinin uşağının vəziyyəti ağırdır. Hətta onlardan biri – 12 yaşlı uşaq bu yaxınlarda vəfat edib:

“Zərərçəkmişlərdən Elman Nuriyev məhkəməyə gəlmir, çünki uşağın vəziyyəti çox ağırdır. Talassemiya xəstəliyi bilirsiniz nədir? Uşağa mütəmadi qan vurulmalıdır. Bəzən də elə olur ki, bədən başqasının qanını qəbul eləmir...”

Məhkəmə araşdırmaları sentyabrda davam etdiriləcək

Cinayət işinin materiallarında iddia olunur ki, talassemiyalı uşaqların valideynlərinə N.Seyidovanın rəhbərlik etdiyi “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin bu xəstəlikdən əziyyət çəkən uşaqları Türkiyəyə müalicəyə göndərdiyi deyilib. Onlara bildirilib ki, müalicə xərclərinin bir hissəsini xarici donor təşkilatlar qarşılayır, qalan pulu onlar verməlidir. Cinayət işində 36 nəfər zərərçəkmişin bu cür aldadılmasından bəhs edilir.

Zərərçəkənlər məhkəmədə təqsirləndirilən şəxslərə qarşı mülki iddialar qaldıraraq, verdikləri pulların geri qaytarılmasını tələb edirlər. Onlardan bir neçəsi məhkəmədə bildirib ki, verdikləri pulları bankdan kredit götürüb, yaxud da qohumlarından borc alaraq, bugünədək qaytara bilməyiblər.

Zərərçəkənlərdən bəziləri pulu verəndən sonra əməliyyat adıyla Türkiyəyə getdiklərini deyir. Orada bir müddət gözləsələr də, əməliyyat baş tutmayıb. Buna da əlavə vəsait xərcləyərək, geri qayıdıblar.

Təqsirləndirilən şəxslərin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG