Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:42

Taleh Bağırov məhkəmədə 'son söz'ünü deyib


Taleh Bağırov
Taleh Bağırov

2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş qanlı olayların məhkəmədə araşdırılması yekunlaşır. Təqsirləndirilən şəxslər son sözlərini deyirlər.

Mən “Bandotdel"ə islahatçı düşüncəsiylə girib, inqilabçı düşüncəsiylə çıxdım"

Yanvarın 16-da keçirilən məhkəmədə 18 nəfərdən altısı - Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, Cahad Babakişizadə, Bəhruz Əsgərov, Etibar İsmayılov, Ramin Yarıyev və Fərhad Balayev son sözlərini söyləyiblər.

Buna da bax:​ 'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'

Onların hamısı heç bir cinayət törətmədiklərini, Nardaranda namaz qıldıqları yerdə polislərin hücum çəkib onları gülləyə tutduğunu, həbs olunarkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyiblər.

"Xəstəxanada da döymək istəyirdilər"

Hələ də bədənində güllə gəzdirdiyini deyən Bəhruz Əsgərov məhkəmədə dindirilən polislərin yalan söylədiyini, onların adamları güllələyib, atıb getdiklərini bildirib. Yaralıları, o cümlədən onun özünü sonradan kənd camaatı xəstəxanaya çatdırıb: "Bunlar bizim işimizi ağırlaşdırmaq üçün öz polis yoldaşlarını güllələyən adamlardır. Xəstəxanaya çatan kimi bizi həbs elədilər. Bizi yaralı vəziyyətdə xəstəxanada da döymək istəyirdilər. Biri qoymadı ki, "camaatın gözünün qabağında eləməyin". Məni reanimasiyadan çıxarıb, psixiatrik dərmanların təsiri altında, ifadəyə qol çəkdirdilər. Reanimasiyadan 9 gün sonra çıxartdılar, palatada da əllərimizi qandalla çarpayıya bağlanmış vəziyyətdə saxladılar".

Buna da bax: 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Bəhruz Əsgərov çıxışının sonunda deyib ki, nəinki prokurorun istədiyi 15 ildən, hətta ömürlük cəzadan da çəkinmir: “Ötən əsrdə Azərbaycanın görkəmli şəxsiyyətləri haqda da ədalətsiz hökmlər çıxarıb güllələmişdilər. İndi baxın, həmin hökm verənləri hamı lənətləyir, o görkəmli şəxsiyyətlərə isə pərəstiş olunur. Bizim işimizdə hökm, qərar verənləri də bu aqibət gözləyir".

"Bu zülmün qarşısında susa bilməzdim"

Taleh Bağırov çıxışına Nardaran həqiqətlərinin üzə çıxmasında və yayılmasında əməyi keçənlərə təşəkkür etməklə başlayıb. “Nardaran işi” məhkəməsinin Azərbaycan tarixində şanlı səhifə, hakimiyyət üçünsə qara ləkə olduğunu deyən ilahiyyatçı bildirib ki, bu hadisələr həm də hakimiyyətin mahiyyətini ortaya qoydu:

"Mən "bandotdel"ə düşənə qədər ümid edirdim ki, bəlkə bu hakimiyyət nə vaxtsa məcbur olub islahatlara gedər. Amma oradakı iyrəncliklərdən sonra bu fikrimi dəyişdim. Bu hakimiyyət güc strukturlarına arxalanır. Ona görə də güc strukturlarında baş verənlər bu hakimiyyətin simasıdır. Mən "bandotdel"ə islahatçı düşüncəsi ilə girib, inqilabçı düşüncəsi ilə çıxdım. Söhbət silahlı yox, sivil, demokratik inqilabdan gedir".

Buna da bax:​ Ötən il İslamla mübarizə, bu ilsə İslamla həmrəylik ili

İlahiyyatçı deyib ki, sosial problemlər üzündən bu qədər intiharı, ölkənin korrupsiya bataqlığına salınmasını, minlərlə valideynin bir parça çörəyə görə övladı qarşısında xəcalətli duruma düşməsini görüb susa bilməzdi. Haqsızlığa etiraz etməsi də onu hakimiyyətin hədəfinə çevirib: "Hakimiyyətin təklifi odur ki, ya bizim yanımızda olmalı, susmalısan, ya da başına bunlar gələcək".

"Nardaranda Kərbəla müsibəti təkrarlandı"

Taleh Bağırov bugünlərdə prezidentə ünvanladığı müraciəti “son söz”ündə də səsləndirib. Nardaran hadisələrinə, günahsız insanların qətlə yetirilməsinə görə Ramil Usubovun məsuliyyət daşıdığını vurğulayan ilahiyyatçı deyir ki, 1400 il əvvəl baş vermiş Kərbəla müsibəti 2015-ci il noyabrın 26-da Nardaranda təkrarlanıb: “Nardaranda şəhid olan qardaşlarımızın da cəsədlərinin üstündə çəkmə ilə gəzirdilər. Cəsədləri dəfn eləmək üçün yaxınlarına da vermədilər, girov saxladılar. Bunlar əməliyyat vaxtı evdə qadın-uşaq olmasına da əhəmiyyət vermədilər. Qadınlara rezin güllələr vurdular".

Buna da bax: Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'

Cinayət işinin materiallarındakı "Hacı Taleh Bağırzadənin müraciəti" kitabçasının ona heç bir aidiyyəti olmadığını, onların həbsindən sonra hazırlandığını deyən Taleh Bağırov çıxışını insanları Azərbaycandakı zülmə qarşı birləşib mübarizə aparmağa çağırıb.

Məhkəmə yanvarın 18-də davam edəcək.

XS
SM
MD
LG