Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:22

Taliban Əfqanıstanın şimalında irəliləyir


Badaxşan vilayəti
Badaxşan vilayəti

Tacikistan sərhədçilərinin iyulun 5-də bildirməsinə görə, ötən gecə sərhədi 1037, iyulun 4-də isə 94 əsgər keçib

Həftəsonu Taliban silahlı qruplaşmasının Əfqanıstanın şimalında hücumu intensivləşib. Yüzlərlə əfqan əsgər isə Tacikistana qaçıb.

Tacikistan sərhədçilərinin iyulun 5-də bildirməsinə görə, ötən gecə sərhədi 1037, iyulun 4-də isə 94 əsgər keçib.

Taliban son vaxtlar Badaxşanda böyük ərazilər tutub, üç gün ərzində vilayətin 27 rayonundan 16-sı qruplaşmanın əlinə keçib.

Döyüşsüz verilən rayonlar

Təhlükəsizlik qüvvələri rayonların çoxunu müqavimətsiz tərk edib. Əsgərlərin əhvalının yüksək olmadığı, çox vaxt say uyğunsuzluğu, təchizat qıtlığı ilə üzləşdikləri bildirilir.

“Təəssüf ki, rayonların çoxu Talibana döyüşsüz verilib”, – vilayət şurasının üzvü Möhübül Rəhman deyib.

Taliban döyüşçülərinin hazırda Badaxşanın regional paytaxtı Fayzabadın darvazaları önündə olduğu xəbər verilir. Onlar şəhəri mühasirəyə alıblar, aeroporta təhlükə yaranıb. Xəbəri AzadAvropa/AzadlıqRadiosu-nun Əfqanıstan xidməti yayıb.

Yerli rəsmilər Talibanın şəhərə girməyəcəyini deyiblər. Daxili İşlər Nazirliyi iyulun 3-də əhalini geri çəkilmələrin müvəqqəti olduğuna inandırmağa çalışıb. Amma hökumətin nəzarəti nə vaxt ələ alacağı bəlli deyil.

ABŞ Prezidenti Co Bayden apreldə əsgərlərin sentyabradək çıxarılacağını açıqlayıb. O vaxtdan Taliban hücuma başlayıb, hazırda ölkənin 421 rayonu və rayon mərkəzindən üçdə birinə nəzarət edir.

Beynəlxalq qüvvələr çıxdıqca...

Beynəlxalq qüvvələr Əfqanıstandan çıxdıqca Kabildə Qərbin dəstəklədiyi hökumətin iflas edəcəyi sarıdan narahatlıq artır.

İyulun 2-də beynəlxalq qüvvələrin hamısı ABŞ-ın Əfqanıstandakı ən böyük hava bazasını olan Bağramdan çıxıb.

Taliban ölkənin Özbəkistan və Tacikistanla sərhədi boyunca çoxsaylı rayonları ələ keçirib.

Tacikistan sərhədçiləri iyunun 22-dən 1600-ə yaxın əfqan əsgərin bu ölkəyə sığındığını bildirir. Onların “humanizm və xoş qonşuluq” əsasında Tacikistana girməsinə icazə verildiyi vurğulanır.

Talibanın şimalda möhkəmlənməsi bu ərazinin Orta Asiyaya giriş qapısı olması baxımından vacibdir. 1990-cı illərdə qruplaşma sözügedən əraziyə nəzarəti ala bilməmişdi.

Kabildə yerləşən bir mərkəzin təhlilinə görə, Talibanın şimal strategiyası “şimalda müxalifətin təşkilatlanmasına qarşı qabaqlayıcı zərbəyə oxşayır”.

XS
SM
MD
LG