Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:28

Tarantino hələ də növbəti filminin sonuncu olacağını deyir


K.Tarantino
K.Tarantino

Kventin Tarantino illərdir ki, pərəstişkarlarına sonuncu filmini çəkəndən sonra rejissorluqdan əl çəkəcəyi xəbərdarlığını edir. Bu yaxınlarda o, vədini yeniləyib.

Artıq «Bir zamanlar Hollivudda» (Once Upon a Time in Hollywood) adlı doqquzuncu filminin ekranlara çıxmasına hazırlaşan 56-yaşlı Tarantino «GQ Australia» jurnalına müsahibəsində artıq film çəkmə yolunun axırında olduğunu və kreativ maraqlarının ardınca getməyi planlaşdırdığını deyib.

«Mənə elə gəlir ki, böyük ekran filmlərində yolun sonuna gəlib çıxmışam. Özümü kitablar yazan və tamaşa ssenariləri yazmağa başlayan adam kimi görürəm. Yenə də yaradıcılıqla məşğul olacağam. Sadəcə, mənə elə gəlir ki, kinoya verə biləcəyim hər şeyi vermişəm», - o deyib.

«Onun başqa planları var»

«Şərəfsiz əclaflar» (Inglourious Basterds) filminə imza atmış Tarantino daha sonra hətta «Bir zamanlar Hollivudda» filmi çox yaxşı qarşılanarsa, bu sənətdən daha tez gedə biləcəyini də deyib.

«Bəlkə də elə indi dayanacağam! Bəlkə də qarşıda dayanacağam. Baxacağıq», - o deyib.

Tarantinonun ən son filmində rol alan Bred Pitt «GQ Australia» jurnalına beşqat Oskar mükafatçısı olan rejissorun «çox ciddi» olduğunu deyib.

«Bir zamanlar Hollivudda» filmindən kadr
«Bir zamanlar Hollivudda» filmindən kadr

«Yox, qətiyyən onun yalan dediyini düşünmürəm. Məncə, o, tamamilə ciddidir. Özü də bir növ buna açıq-aşkar üzülürəm, ancaq o, rejissorların öz oyunlarından çıxmağa başladığı anı… hiss edir. Ancaq onun başqa planları var və biz onunla uzun müddətliyinə vidalaşmalı olmayacağıq», - B.Pitt deyib.

Hollivudda gəzən şayiələrə görə, Tarantino prodüser C.C.Abramsla birgə yeni «Ulduz yolu» (Star Trek) filminin ssenarisi üzərində işləyir. Ancaq indidən bu filmin onun həmin o «onuncu və sonuncu» filmi olub-olmayacağını demək mümkün deyil.

«Bir zamanlar Hollivudda» filmi isə iyulun 26-da ekranlara çıxan kimi təkcə ABŞ-da 41 milyon dollarlıq kassa gəliri gətirib. Bu, Tarantinonun rejissorluq karyerasında ən yüksək göstəricidir. Bu, həm də auditoriyanın hələ də orijinal məzmun və inandırıcı məqamlarda maraqlı olduğunu göstərir. Əlbəttə, dünyanın ən tanınmış kinorejissorlarından birinin Hollivudun iki ən böyük kino ulduzu ilə əməkdaşlığı da öz işini görüb; film, sözün əsl mənasında, böyük mədəniyyət hadisəsi kimi qarşılanıb.

Ciddi sınaq

Ancaq «Variety» saytı yazır ki, qarşıdakı həftələrdə bu filmi ciddi sınaq gözləyir. Çünki yay aylarında ekranlara çıxan filmlərin populyarlığını saxlaması asan olmur. Bu halda filmin uğuru daha çox ona baxanların tövsiyələrindən asılı olacaq.

«Bir zamanlar Hollivudda» xarici ölkələrdə avqustda göstərilməyə başlayacaq.

Filmin Amerikada çox müzakirə oldunduğu, hətta Nyu-York və Los-Ancelesin bir neçə kinoteatrında bütün biletlərin satıldığı deyilir. Los-Ancelesdə «Vista» kinoteatrı tamaşaçıları filmin ruhuna uyğun, 1960-cı illər tərzində geyinməyə çağırıb. Film bitəndən sonra isə tamaşaçılar bəzi səhnələrin çəkildiyi məkanlarda yeyib-içməyə gediblər.

«Variety» saytına görə, bu böyük uğurun səbəblərindən biri Tarantinonun öz layihələrini çox səylə seçməsidir.

Striminqin çiçəkləndiyi dövrdə, istənilən filmə istənilən yerdən, bircə düyməni basmaqla baxmağın mümkün olduğu, tamaşaçının baxacağı filmi çox diqqətlə seçdiyi dünyada kinosevərlərin kinoteatrlara gəlməsi, biletlərə pul xərcləməsi rejissorun böyük uğurudur. Bir sorğunun nəticələrinə görə, «Bir zamanlar Hollivudda» filminə baxmağa gələnlərin yarıya qədəri bunu məhz Tarantinonun iştirakına görə etdiyini deyib.

Bilet alanların əksəriyyətinin 18-34 yaş arasında olması isə Tarantinonun gənclər arasında da fanat ordusu toplamasına işarədir.

XS
SM
MD
LG