Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:31

Tarantinonun tövsiyə etdiyi 4 roman


Kventin Tarantino
Kventin Tarantino

Kventin Tarantino “The Bigger Picture”yə müsahibəsində bir neçə kitab tövsiyəsini paylaşıb

Kventin TarantinoThe Bigger Picture”yə müsahibəsində bir neçə kitab tövsiyəsini paylaşıb.

O bu müsahibədə, ilk növbədə, yenı çıxan “Bir zamanlar Hollivudda” romanından, gələcəkdə “Reservoir Dogs” (“Rezervuar köpəkləri”) filminin də roman versiyasını yaratmaq planlarından, eləcə də bütövlükdə filmi romana çevirmək sənətindən danışıb.

Tarantino hətta özünə aid olmayan filmlərin də romanlaşdırılması perspektivindən söz açaraq, “elə bir an gələr ki, mənim olmayan bir filmi də götürüb romanlaşdıra bilərəm”, - deyib. O, “Cinema Speculation” (“Kino düşüncələri”) adlı ikinci kitabının, az qala, hazır olduğunu da qeyd edib. Bu kitab digərindən fərqli olaraq, bədii deyil.

Rejissor daha sonra işində ona ilham vermis bir neçə kitabın adını çəkib. “Indiewire” saytı bu kitabların siyahısını dərc edib.

Con Minahan, “9/30/55”

Con Minahan (John Minahan) Tarantinonun “ən sevdiyi” roman müəlliflərindən biridir. “9/30/55” romanı isə is onun ən populyar kitablarındandır. Ceyms Bridcesin film ssenarisi əsasında yazılmış bu roman arkanzaslı tələbənin hekayətini nəql edir. Bu tələbə 1955-ci il sentyabrın 30-da dünyasını dəyişmiş Ceyms Dini öz kumiri sayır və ölümündən çox üzüntü duyur. Sayt bu romanı internetdə tapmağın çox çətin olduğunu, ancaq “eBay”də işlənmişini tapmağın mümkünlüyünü yazır.

Con Minahan, “Eyewitness” (“Şahid”)

“Eyewitness” eyni müəllifin başqa bir romanıdır. Bu kitab Stiv Tesiçin 1981-ci ildə Piter Yeytsin çəkdiyi eyniadlı filmə yazdığı senari əsasında yazılıb.

Filmin özü neo-noir trilleri janrındadır (Elə də çox yayılmayan “Neo-noir” anlayışını ilk dəfə kinoşünas Nino Frank işlədib. Yunan və fransızca 2 sözün birləşməsidir və “yeni -qara” deməkdir.

Belə qara filmlərin klassik dönəmi 1940-50-ci illərdir. Tipik Amerikan suç dramı və ya psixoloji filmləri olub müxtəlif mövzularda istifadə edilir. “Yeni-qara” filmlərdə çağdaş texnika və poetika rol oynayır, - red.).

Roman bir qətlin şahidi olmuş bir təmizlikçi (filmdə bu rolu Uilyam Hört oynayır) haqdadır. Bir yerli xəbər jurnalisti (filmdə onu Segurni Uiver canlandırır) hadisəni işıqlandırmaq üçün onun iş yerinə gəlir və təmizlikçi jurnalistə aşiq olur. Filmin roman versiyası təmizlikçinin dilindən danışılır.

Uolker Persi (Walker Percy), “The Moviegoer” (“Kinosevər”)

“The Moviegoer” film senarisi əsasında yazılmasa da, Tarantinonun ən sevdiyi kitablardan biridir. Milli kitab mükafatına layiq görülən bu əsər Uolker Persini Amerikada Cənub ədəbiyyatının ən mühüm səslərindən birinə çevirib.

Romanda hadisələr 1950-ci illərdə, bir Mardi Gras günündə (“Yağlı çərşənbə axşamı”, hər il fevral ayında xristian orucundan əvvəl başlanır və karnaval həftəsi ilə üst-üstə düşür. ABŞ-da Luizianada ayrı təntənəylə qeyd edilir.– tərc.) cərəyan edir.

“The Moviegoer” Yeni Orleandan olan Con “Binks” Bollinq adlı birja brokeri haqdadır. O həm də kino həvəskarı və Koreya müharibəsi veteranıdır.

Binks 30-cu doğum günü ərəfəsində həyatın mənasını axtarır. Onun mənəvi axtarış yoluna qədəm qoymaq qərarı ailəsini çox qəzəbləndirir, yaxın qohumu Keyti təhülkəyə atır. Onun özü isə Yeni Orleanın Fransız Məhəlləsindən Çikaqo və Meksika körfəzi sahillərinədək uzun bir yol qət etməli olur.

Bu roman heç vaxt filmə çevrilməsə də, 1980-ci illərin sonlarında Terrens Malik onun əsasında bir film senarisi yazıb. Bu layihə heç vaxt gerçəkləşməyib. Katrina qasırğasının şəhəri xarabalığa çevirməsindən sonra Malik belə deyib: “Mənə elə gəlir ki, kitabdakı Yeni Orlean daha mövcud deyil”.

Deyvid Seltser (David Seltzer) “The Omen” (“İşarət”)

Tarantino deyir ki, Deyvid Seltserin “The Omen”i o qədər yaxşı yazılıb ki, çox adam ‘The Omen” filminin bu roman əsasında çəkildiyini düşünür.

Məşhur qorxu filmində olduğu kimi, romanda da ABŞ-ın Britaniyadakı səfiri Ceremi Torn və xanımı Ketrinin körpə oğlu ətrafında qorxunc hadisələr baş verir.

XS
SM
MD
LG