Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:37

Tatarıstanın muxtariyyəti məhdudlaşdırılır


Beləliklə respublikanın hazırkı rəhbəri Rustam Minnixanov qanun qüvvəyə minən andan “prezident” adlandırıla bilməz
Beləliklə respublikanın hazırkı rəhbəri Rustam Minnixanov qanun qüvvəyə minən andan “prezident” adlandırıla bilməz

Tatarıstan parlamenti - Dövlət Şurası respublika Konstitusiyasına dəyişiklikləri bir gündə üç oxunuşda qəbul edib.

Dəyişikliklərdən biri də Tatarıstan başçısının “prezident” titulunu ləğv edir. Düzəlişlərin qəbulundan sonra respublikanın başçısı “rəis” adlandırılacaq.

Beləliklə respublikanın hazırkı rəhbəri Rustam Minnixanov qanun qüvvəyə minən andan “prezident” adlandırıla bilməz.

Ötən ilin dekabrında Dövlət Şurasının deputatları qərara almışdılar ki, Minnixanov 2025-ci ildə səlahiyyət müddəti bitənədək “prezident” titulunu saxlayacaq.

Əldən gedən səlahiyyətlər

Dövlət Şurasının öz qərarını belə qısa müddətdə dəyişməsinin səbəbi məlum deyil.

Bu suala qanunvericilik komitəsinin rəhbəri Albert Xabibullin də cavab verməyib.

Konstitusiyaya yeni dəyişiklikləri Rustam Minnixanov imzalamalıdır.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Konstitusiyaya yeni dəyişikliklər dərc edilməyib.

Xabibullin bildirib ki, bu dəyişikliklərlə qanunun bir sıra maddələri qüvvəsini itirəcək.

Onun sözlərinə görə qanunun qəbulundan sonra respublikaya prokurorun təyinatı Tatarıstanla razılaşdırılmayacaq.

Deputat əlavə edib ki, yeni qanunda Konstitusiya Məhkəməsindən də söhbət getmir.

Bundan başqa Moskva ilə səlahiyyətlərin bölüşdürülməsinə və Tatarıstan vətəndaşlığına dair maddələr əsas qanundan çıxarılacaq, respublika millət vəkillərinin deputat toxunulmazlığı olmayacaq.

Qüvvəsini itirən müqavilədən sonra

Tatarıstan Rusiya Federasiyasında prezident titulunu saxlayan yeganə respublika idi.

Tatarıstanda hakimiyyət orqanlarının səlahiyyətləri Moskva ilə Kazan arasında 1994-cü ildə imzalanmış müqavilə ilə təsbit olunmuşdu.

Lakin 2017-ci ildə həmin müqavilənin müddəti bitib və sənəd təzələnməyib.

Moskva bu müqaviləni uzatmasa da respublika başçısının “prezident” titulunu saxlamışdı.

2020-ci ildə Minnixanov yenidən prezident seçilib.

Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə region başçılarının “prezident” adlanmalarını qadağan edən qanun imzalayıb.

Tatarıstan Dövlət Şurasının deputatları bu qanuna qarşı çıxmışdılar.

Tatarıstanda etiraz aksiyası (Arxiv fotosu)
Tatarıstanda etiraz aksiyası (Arxiv fotosu)

Putin hakimiyyətə gələn gündən

2000-ci ilin avqustunda birinci müddətə prezident seçilən Putin federal və yerli qanunlar arasındakı uyğunsuzluğu “saat mexanizmi olan bomba” ilə müqayisə etmiş və demişdi ki, bu uyğunsuzluqlar dərhal aradan qaldırılmalıdır.

Həmin vaxtdan etibarən Kreml etnik subyektlərdə tədricən xüsusi səlahiyyətlərin ləğvinə başlayıb.

Prezident Putin 2017-ci ilin iyulunda bəyan etmişdi ki, ölkənin etnik regionlarında yerli dillərin qeyri-millətin nümayəndələrinə icbari öyrədilməsi yolverilməzdir. O federal prokurorlara bu sərəncamı pozanlara qarşı hüquqi tədbir görülməsinə göstəriş vermişdi.

Bu bəyanatdan sonra Rusiyanın etnik regionlarında yerli dillərin icbari tədrisi dayandırılıb.

2017-ci ilin aprel ayında Tatarıstan Respublikasında valideynlər tatar dilinin icbari tədrisinin qaytarılmasını tələb edirdilər.

XS
SM
MD
LG