Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:36

T.Qurbanov: 'Son günlər tanımadığımız azərbaycanlıları hostelə qəbul etmirik'


Azərbaycanda hostelə pis baxanlar...
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Azərbaycanda hostelə pis baxanlar...

«Bunu «inqilabçıların hosteli» kimi təqdim etmək, ora ancaq liberalların yığışdığını demək gülüncdür. İndiyə qədər mənim çox çətin anlarım olub. Orda sırf müxaliffikirli insanlar toplanır deyə, hansısa fond, siyasi təşkilat mənə pulmu verib ki, bu ay icarə haqqını verməkdə əziyyət çəkirsən, lütfən bu yardımı qəbul et? Gülüncdür».

Bunu Gürcüstanda xanımıyla hostel işlədən və hökumətyönlü saytda adı çəkilənlərdən biri Tural Qurbanov deyir. Həmin saytda dərc olunmuş məqalədə azərbaycanlı cütlüyün işlətdiyi hostel «inqilab üçün hostel» adlandırılır. Bu yazıda Gürcüstanda yaşayan bir sıra müxaliffikirli insanlardan danışılırdı. Onlardan biri – jurnalist Əfqan Muxtarlı müəmmalı şəkildə Azərbaycana gətirilib, barəsində cinayət işi açılıb, Daşqın Ağalarlının ölkədən çıxması üçün iyunun 10-dək vaxt qoyulub, doktor Fərman Ceyranlı saxlanılıb və haqqında həbs-qətimkan tədbiri seçilib.

Bütün bunlardan sonra Azərbaycandan qaçaraq Gürcüstana sığınan azərbaycanlılar narahatdırlarmı, sıranın onlara çatacağını düşünürlərmi? «İnqilab üçün hostel» saxladığı iddia edilən Tural Qurbanov bununla bağlı AzadlıqRadiosunun suallarını cavablandırır.

T.Qurbanov: «Küçədə bir azərbaycanlı görəndə ona bizi izləyən adam gözüylə baxırıq»
Gözlə

No media source currently available

0:00 0:11:50 0:00
Direct-ə keçid

– Tural bəy, həmin yazıda sizin, həyat yoldaşınızın və işlətdiyiniz hostelin də adı çəkilirdi. Gürcüstandakı son olaylardan, xüsusən də Əfqan Muxtarlının həbsindən sonra narahatsınızmı və ya sizə hansısa formada təzyiqlər varmı?

– Dostlar Əfqanın oğurlanmasından əvvəl o yazını mənə göstərəndə, açığı, çox təəccübləndim, həm özümüz haqda yazılanlara, həm də Əfqanla bağlı yazılanlara. Orda çox saçmasapan iddialar vardı. Mən də, Əfqan da Tiflisdə yaşayırdıq. Hamımızın bir-birinin maddi vəziyyətindən xəbəri vardı. Gün olurdu Əfqan mənə deyirdi ki, bəy, mənə 40-50 lari ver, filan vaxt qaytararam, ya mən ondan borc istəyirdim. Yəni, bir-birimizi xırda borclarla yola verən adamlarıydıq. Bu baxımdan, yazıdakı iddialar gülüncdür. Təsəvvür edin, Əfqan həbs olunanda üzərində onların iddia etdiyi 10 min avroyla yanaşı, 2 lari 40 tetri olub. Həmin 2 lari 40 tetrini çevirəndə 1 avro belə etmir. Yəni, bu deyilənlər saçmasapan iddialardır. Təhlükəsizlik məsələsinə gəlincə, mən Facebook səhifəmdə foto da paylaşmışdım.

– Nə foto idi?

– Bizi izləyən bir nəfərin. Tək bizi yox, həm də Əfqanın həyat yoldaşı Leyla xanımı izləyirdilər. Biz həmin adamın həm özünün, həm də maşınının fotosunu çəkmişdik. İzləyən tək o deyildi, bir neçə nəfəriydilər, ancaq hamısının fotosunu çəkmək olmur. Davamlı olaraq burdakı azərbaycanlıları izləyirlər. Bizdə isə situasiya fərqlidir, həm özümüzü, həm də hosteli izləyirlər.

– Əfqan Muxtarlının həbsindən sonra izləmələr davam edirmi?

– Davam edir. Ancaq Gürcüstan polisi zəmanət verib ki, «narahat olmayın, həyatınıza təhlükə yoxdur». Yəni, bu zəmanət təxminən belə səslənir ki, «narahat olmayın, bundan sonra heç kimi tutub təhvil verməyəcəyik». Amma bu, bizə tam zəmanət vermir, çünki real təhlükəsizlik tədbirlərindən söhbət getmir. Bunlar Azərbaycandakı rejimlə əməkdaşlığa son qoymadıqca, heç bir təhlükəsizlikdən söhbət gedə bilməz. Bakıdan kimsə gəlib bizi küçənin ortasında döyüb geri qayıda bilər. Azərbaycandan qaçaraq Gürcüstana sığınan bir adamı yenidən Azərbaycana təhvil verən hökumət Tiflisdə bir azərbaycanlının döyülməsinə görə neyləyə bilər?

– Deməli, gürcü polisinin söylədiklərinə rəğmən, həyatınızla, işinizlə bağlı narahatlıqlarınız qalmaqdadır?

– Əlbəttə. Söhbət ondan gedir ki, əvvəl mən Tiflisdə ailəmlə küçədə rahat gəzə bilirdimsə, indi paranoik vəziyyətdəyəm. Küçədə bir azərbaycanlı görəndə ona bizi izləyən adam gözüylə baxırıq. Ola bilər, kiməsə o gözlə baxmaqla haqsızlıq etmişik, amma istər-istəməz, şübhələnirsən ki, bu adam bizimi izləyir, bu azərbaycanlı niyə arxamızca gəlir?.. Hostel əsas dolanışıq yerimizdir. Burda Azərbaycandan gələnlərin sayəsində dolanırıq. Amma son günlər tanımadığımız azərbaycanlıları hostelə qəbul etmirik. Burda təkcə mənəvi yox, həm də maddi zərərə düşmüşük.

Əfqan Muxtarlı olayı mühacirlərin həyatında nəyi dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

– Tanımadığınız azərbaycanlılardan şübhələnmək üçün hansı əsasınız var?

– Ola bilər, qəbul etmədiyimiz insanların böyük əksəriyyəti bəlkə də hamısı müştəridir. Amma belə bir ehtimal var ki, kimisə müştəri qismində göndərə bilərlər, kamera yerləşdirə, ya da başqa bir şey ata bilərlər, sonra da polisə zəng vurarlar ki, gedin filan yerdə filan şey var. Azərbaycan polisinin, Azərbaycan rejiminin nələrə qadir olduğunu hər kəs bilir. Biz ayıq-sayıq davranmağa çalışırıq, ancaq biznes üçün bu, faktiki, qəbuledilməz addımdır. Müştəri gəlir və sən deyirsən ki, onu tanımadığım üçün yer vermirəm.

– Tural bəy, həmin yazıda sizin hostelə «xüsusi liberallar»ın gəldiyi bildirilirdi. Hostelinizin müştəriləri kimlərdir, onlar həmin məqalədə deyildiyi kimi, əsasən, siyasi baxışları ilə fərqlənən, müəyyən siyasi dairələrə bağlı insanlardırmı? Və ya belə deyək, necə oldu ki, siz və hosteliniz bu yazının hədəflərindən biri oldunuz?

– Mən özüm Azərbaycandakı rejimə qarşı barışmaz mövqe tutmuşamsa, müxalif mövqedəyəmsə, təbii ki, mənim dostlarım da, çevrəm də aşağı-yuxarı mənimlə eyni mövqedə olan insanlar olacaq. Bu durumda təbii ki, hostelə gələnlərin də böyük bir qismi dost-tanışlardır və böyük qismi müxalif çevrənin insanlarıdır. Onlar dostlarımdırsa, mən onlara güzəşt də etməliyəm və bundan təbii nə ola bilər ki? Ancaq bunu «inqilabçıların hosteli» kimi təqdim etmək, ora ancaq liberalların yığışdığını demək gülüncdür. İndiyə qədər mənim çox çətin anlarım olub. Orda sırf müxaliffikirli insanlar toplanır deyə, hansısa fond, siyasi təşkilat mənə pulmu verib ki, bu ay icarə haqqını verməkdə əziyyət çəkirsən, lütfən bu yardımı qəbul et? Gülüncdür, ona görə bu iddianın üstündə bir o qədər durmaq istəməzdim.

– Nə vaxtdan Gürcüstanda hostel işlədirsiniz və indiyədək buna bənzər problemləriniz olmuşdumu?

– İki il yarımdır burdayıq. Bu müddətdə ciddi problemimiz olmayıb. Olub ki, səfirlik bura öz adamlarını göndərib. Bu da Bakıda Avropa Oyunlarının keçirildiyi vaxt idi. O zaman Facebook-da bir sıra sənədlər paylaşmışdım. Həmin sənədlər Avropa Oyunlarına hazırlıq komitəsində «işləyib», ancaq heç kimin üzünü görmədiyi insanlar, yüksəkvəzifəli Azərbaycan məmurlarının həyat yoldaşları, övladları haqda idi. Bu məlumatları hazırlıq komitəsində işləyən tanımadığım adam göndərmişdi. Həmin şəxsin dediyinə görə, o, 1500 manat alırdısa, işləməyənlər 2500-3000 manat alırmışlar. Bunu paylaşandan sonra Bakıda ata-anamı, qohumları narahat etmişdilər. Sonra səfirlikdən kimlərsə gəldi. Anlaşdıq ki, təqibləri dayandırsalar, olanları ictimailəşdirməyəcəm. Həqiqətən, təzyiqlər dayandı. Amma səfirlikdən bir neçə nəfəri bizi izləməyə yollamışdılar, onlar da tezliklə ifşa oldular, naşı adamlarıydılar. Son iki ildə başqa belə hadisə olmayıb. Cavan bir oğlan vardı, o, burdakı azərbaycanlıları izləyirdi arada. Onu da həyatımızın ayrılmaz parçası kimi qəbul etmişdik. Hətta Əfqan oğurlanan gün bir nəfər deyib ki, maraqlıdır, bu gün qardaş yoxdur.

– Son olaylardan sonra Gürcüstanda yaşayan başqa azərbaycanlılar da narahatdırlarmı?

– Eynullanın yazısında adı çəkilənlərin bəzisi artıq Gürcüstanda deyil, məsələn, Günel Mövlud, onun həyat yoldaşı Hacı Hacılı. Qalanların isə vəziyyəti yaxşı deyil. Məsələn, Daşqın Ağalarlı burda mühacir həyatı yaşayır, vəziyyəti daha ağırdır, pasportunu əlindən alıblar, iki ildir BMT də aldadır, heç yerə gedə bilmir. Daşqın Ağalarlının burda universitetdə oğlu oxuyur, onun da sənədi yoxdur. Vidadi İsgəndərli var, QHT rəhbəridir, onu da izləyirlər. Hamısının vəziyyəti çətindir. Təhlükə deyəndə... Söhbət ondan gedir ki, son hadisələrdən sonra Gürcüstan hökuməti burda yaşayanları nə dərəcədə ciddi qoruyur. Gürcüstan hökumətinə təzyiqlər olub, danışıqlar gedir. Amma yenə də real təhlükəni Gürcüstandan yox, Azərbaycandan gözləyirəm. Azərbaycan hökuməti bir sifarişlə jurnalistin başına torba keçirib, Bakıya gətirdə bilirsə, Bakıya aparmadan da kimlərisə narahat edə bilər....

– Belə bir sual yarana bilər ki, niyə hosteli Azərbaycanda deyil, Gürcüstanda yaratdınız?

– Azərbaycanda hostellə hotel eyni statusdadır. Biz hostel açana qədər Azərbaycanda hostel də yox idi, belə bir anlayış da. Normalda hostel xırda biznes sayılsa da, Azərbaycanda ona hotel kimi yanaşılır. Hotellərə hansı münasibət var, dövlət onlardan qeyri-rəsmi şəkildə nə qədər pul alır, hamıya bəllidir. Qısaca desək, korrupsiya-rüşvət olan yerdə işləmək çətindir. Onlar düşünür ki, milyon qazanırsan və fantastik məbləğdə pul istəyirlər. Ona görə Bakıda hostel açmadıq. Gürcüstandan əvvəl Türkiyəyə getdik. İstanbulda bələdiyyə ilə danışdıq, bələdiyyə başqanları bizdən təxminən 300 min dollar pul istədilər. Bizim əlimizdəki vəsait bundan qat-qat azıydı, 10-15 min dollarla hostel açmaq istəyirdik. Buna görə Gürcüstana gəldik, burda biznes şərtləri mükəmməldir, birinci il vergi istəmirlər. Təkcə şirkətin qeydiyyatdan keçirilməsinə bir gün və 40-50 dollar lazım oldu. Amma Bakıda bizdən bunun üçün 20 min dollar istəmişdilər. Bu halda niyə Gürcüstanda hostel açmayasan?

XS
SM
MD
LG