Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:18

Pulsuz ixtisaslar necə seçilir


'Ölü' ixtisaslar üzrə hazırlanan kadrlar...
Gözlə

No media source currently available

0:00 0:05:58 0:00

'Ölü' ixtisaslar üzrə hazırlanan kadrlar...

"Azərbaycanda tibb təhsili verən bir universitet var, ona da ayrılan dövlət sifarişli yerlərin sayı azdır və yüksək bal toplayıb ödənişliyə düşənlər olur. Əksəriyyəti isə imtina edir. Sonra da ölkədə həkim qıtlığından narazılıq edirlər. Elə mən də dövlət sifarişli yerə qəbul olmadığım üçün Türkiyədə tibb təhsili almağa getdim", – bu sözləri AzadlıqRadiosuna Nərmin Ağayeva deyib. O, 2022-ci ildə qəbul imtahanında 570 bal toplasa da, ödənişsiz ixtisasa qəbul olan sonuncu şəxs ondan 6 bal çox yığıbmış.

"Ölkənin yeganə tibb universiteti olan ATU-da pulsuz yerlərin sayı ardıcıl salınır, sanki qəsdən həkimlərin sayı azaldılır. Bu vacib ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayı artmadıqca xaricə üz tutanlar da çoxalacaq, ölkədə işləməyə gənc tapılmayacaq", – Ağayeva gileylənir.

2020-ci ildə Tibb Universitetində 975 dövlət sifarişli plan yeri ayrılsa da, 2021-ci ildə 945-ə endirilib. Ötən ilin statistikası açıqlanmayıb, ancaq ekspertlər sayın təxminən eyni olduğunu deyirlər.

Dövlət sifarişli yer ayrılan ixtisasların əmək bazarından uzaqlığı

Hazırda Azərbaycanda təhsil alan tələbələrin 51 faizinin ödənişi dövlət büdcəsi hesabınadır. Ən çox dövlət sifarişli ixtisas 1-ci qrup üzrə ayrılır – 16 min plan yerinin təxminən 60 faizi, yəni 10 min.

4 il əvvəl elə 1-ci ixtisas qrupu üzrə hazırlaşıb, imkansızlıq ucbatından ancaq dövlət sifarişli yerləri yazan və ona ən maraqsız ixtisasa qəbul olan Sona Adil deyir ki, indi də iş tapmaq dərdi çəkir. Onun fikrincə, əmək bazarına lazımlı ixtisaslarda dövlət sifarişli yerlərin sayı çox olsa idi, hələ tələbə ikən çox adam iş tapardı.

"Biz qəbul olanda "yer quruluşu və daşınmaz əmlakın kadastrı" ixtisasına ayrılan pulsuz yerlər çox idi. İşarələdiyim siyahıda 11-ci yeri tutan bu ixtisasa qəbul oldum. Sonra özümü təsəlli etdim ki, dövlət buna pul ayırırsa, yəqin ki, lazımlı ixtisas olar. Halbuki 4 ildə baxdığım 400-dən çox vakansiyanın heç biri bu ixtisasla bağlı deyildi. Bir neçə gün əvvəl bir HR (insan resursları üzrə mütəxəssis) ilə söhbətdə də məlum oldu ki, buranı bitirənlər əksər hallarda ya işsiz qalır, ya da aidiyyəti olmayan yerlərdə çalışır. Başa düşə bilmirəm ki, əgər buna əmək bazarında ehtiyac yoxdursa, dövlət niyə pul ayırır. Ya da əmək bazarına gərəkli ixtisaslara ayrılan pulsuz yerlər niyə azdır?!", – Sona Adil bildirir.

Hər il mindən çox korreksiyaedici təlimçi yetişir...

Bəhman Seyidov da 8 ildir ki, iş tapa bilmir. "Korreksiyaedici təlim" ixtisasında dövlət hesabına təhsil almış gənc əmək bazarında bu sahədə işlərin az olduğunu, olan işlərdə isə maaş azlığından söz açır. O qeyd edir ki, dövlət büdcəsindən 4 il ərzində 5 min manata yaxın vəsait universitetə ödənilib, halbuki indi ona təklif edilən maaş maksimum 400 manatdır: "Biz bilmirik ki, dövlət hansı ixtisaslara niyə pul ödəyir. Əgər ona işçi qüvvəsi lazımdırsa, hər il əmək bazarında olan boşluğa uyğun pulsuz ixtisaslar təyin etsin, hesablamalar aparılsın. Yoxsa hər il büdcə vəsaitinin hesabına mindən çox korreksiyaedici təlimçi yetişdirib, sonra da işsiz qoyur...".

Dövlət sifarişi siyahısı necə müəyyənləşir

2011-ci ildən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə sifarişlə həyata keçirilir. Ölkənin təhsil, iqtisadiyyat və sosial nazirlikləri hazırladıqları təkliflər paketini Nazirlər Kabinetinə (NK) təqdim edir. NK ictimaiyyətə açıqlanmayan şəkildə bu paketə dəyişikliklər edəndən sonra hər il aprelin 1-nə kimi siyahını Prezident yanında Təhsil üzrə Komissiyaya təqdim edir. Həmin Komissiya da, NK kimi, ictimaiyyətə məlumat vermir və yekun siyahını Dövlət İmtahan Mərkəzinə (DİM) ötürür.

AzadlıqRadiosu ixtisas siyahısına dəyişiklik zamanı hansı kriteriyaların əsas götürülməsi haqda suallarına NK-dan cavab ala bilməyib.

DİM-dən isə AzadlıqRadiosuna bildirilib ki, onların bu prosesdə birbaşa rolu yoxdur, hər hansı müdaxilə etmək səlahiyyətinə də sahib deyillər: "Hər il bizə də vətəndaşlardan hansısa ixtisas üzrə dövlət sifarişli yerlərin artırılması, yaxud azaldılması haqda təkliflər gəlir. Lakin bu bizim səlahiyyətimizdə deyil, əlimizdən heç nə gəlmir. Biz sadəcə rəqəmləri deyə bilərik ki, hansı ixtisas qrupu üzrə neçə yer nəzərdə tutulub. Dövlət sifarişli yerlər 2021-ci illə müqayisədə ötən il 746 yer artıb. Bu artım daha çox 1-ci qrup ixtisaslarında (673) olub. Ən az yer 4-cü qrup üzrə ayrılır ki, bu da 2 min 635-dir".

Prezident İlham Əliyev 2010-cu ildə imzaladığı fərmanda dövlət sifarişli plan yerlərinin seçilməsində təhsil ilə əlaqəli nazirliyin də iştirakını vurğulayıb. Elm və Təhsil Nazirliyi isə prosesdə necə iştirak etmələri haqda sualları İqtisadiyyat Nazirliyinin cavablandırmalı olduğunu bildirir. Sözügedən nazirlik AzadlıqRadiosunun telefon zənglərini cavabsız qoyub.

Maliyyə Nazirliyi siyahı onlara göndərildikdən sonra büdcədən vəsaitin ayrılmasını təmin edir. Belə ki, hər təhsil alan üçün ixtisaslara əsasən müəyyən məbləğ təyin edilir. Məsələn, qanunda "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üçün dövlət büdcəsindən bir şəxsə 1 min 320 manat ayrılması nəzərdə tutulub. Əgər təhsil ocağının sözügedən ixtisas üzrə nəzərdə tutduğu ödəniş bundan artıq olarsa, qalan hissəsi həmin müəssisə və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı ən çox bəstəkarlıq, sənətşünaslıq, dirijorluq ixtisası üzrədir – 6 min 820 manat.

Universitetlərin rəyi

Özəl ali təhsil ocaqları da hər tədris ili üzrə təkliflərini NK-ya təklif etməlidir. Təkliflərdə onların dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır. Dövlət universitetləri isə bu təkliflərini Elm və Təhsil Nazirliyinə verir.

AzadlıqRadiosu Elm və Təhsil Nazirliyindən məsələyə dair əlavə açıqlama ala bilməyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AzadlıqRadiosuna bildirilib ki, onlardan vacib ixtisas siyahısı yox, sadəcə plan yeri soruşulur: "Yeni ixtisaslar yaradılıbsa, mütləq həmin ixtisaslara da dövlət sifarişli yer ayrılmalıdır. Universitet daxilində isə təhlillər aparılır. Məsələn, ötən illərlə müqayisədə ingilis bölməsinə maraq artıbsa, bu sahə üzrə dövlət sifarişli yerin sayını artıq yazırıq. Bəzi ixtisaslar var ki, ora tələbatın çox olduğunu düşünüb sayını artıra da bilirik. Lakin məhz əmək bazarına uyğunluğu yox, tələbələrin müraciəti əsas götürülür".

Əmək bazarının tendensiyaları

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov AzadlıqRadiosuna deyir ki, NK siyahını təqdim etməzdən öncə mütəxəssislər ilə məsləhətləşir, təhlillər sonrası siyahı tərtib olunur: "10 ildən sonra əmək bazarında hansı ixtisaslara tələbat olacağını indidən dəqiq müəyyənləşdirmək olmur. Lakin yeni ixtisasların yaranması, texnologiyanın inkişafını göz önündə tutmaq lazımdır. Universitetlərin gələcək ilə bağlı strategiyaları olmalı, onların da təklifləri, istək və iradları nəzərə alınmalıdır. Həmçinin qlobal əmək bazarının tendensiyalarına baxmaq lazımdır. Tələbələrin gələcəkdə xarici iş imkanları üçün də dövlətdən onların təhsilinə düzgün istiqamətdə pul xərcləmək vacibdir. Dövlət sifarişli yerlər əmək bazarının tələblərini tam araşdırandan sonra artırılmalıdır".

İnsan resursları üzrə mütəxəssis İnci Qasımovanın fikrincə, istər dövlət şirkətləri, istərsə də özəl qurumların rəyi öyrənilərsə, əmək bazarının tələbinə uyğun kadrlar üçün dövlət büdcəsindən pul ən səmərəli şəkildə xərclənə bilər.

"Nazirlər Kabinetində məsələ müzakirə olunanda nazirliklərin təmsilçiləri, bir sıra dövlət komitələri iştirak edir. Amma şirkətlərin insan resursları üzrə mütəxəssisləri çağırılmır, bu sahədə məsləhət aldıqları şəxslər də bəlli deyil. Yaxşı məsləhətlər verilsəydi, bu gün ölü ixtisaslar üçün büdcədən vəsait ayrılmazdı. Ən azından ölkənin aparıcı şirkətlərindən, eləcə də işəgötürmə potensialı yüksək, kadrlara ehtiyacı olan MMC-lər, şirkətlər arasında rəy sorğusu keçirilməlidir. Daha sonra ona uyğun dövlət sifarişli yerlərə tələbə qəbulu aparılmalıdır. 4 illik təhsil müddətində də bu tələbələr həmin müəssisələrə praktikaya çağırılıb işə götürülə bilər", – mütəxəssis vurğulayır.

AzadlıqRadiosunun söhbətləşdiyi digər qurumlar da dövlət sifarişi ilə ixtisasların müəyyənləşdirilməsi üzrə əməkdaşlığa hazır olduqlarını deyir. Dövlət şirkətlərinin bir neçəsindən bildirilib ki, işçilərinin çox az qismi dövlət sifarişi ilə təhsil almış məzunlardır. Onlar xaricdə təhsil alan, eləcə də özlərinin yetişdirdiyi işçilərə üstünlük verdiklərini vurğulayırlar.

Ötən il ali məktəblərə dövlət sifarişli yer sayı 18 min civarında olub. Təhsil ekspertləri bu il 50 min plan yerinin 25 mininin dövlət sifarişli yerlər olduğunu deyirdilər. 2022-2023-cü tədris ilində, rəsmi məlumatlara görə, Azərbaycanın 54 ali təhsil ocağında 187 min, orta ixtisas təhsili müəssisələrində 50 minə yaxın tələbə oxuyur. Ümumilikdə isə 237 minə yaxın tələbənin 130 mini dövlət sifarişli təhsil almaqdadır.

XS
SM
MD
LG