Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:47

‘Tərtər işi’ndə ittiham olunan generala cəza istənilib


Arrest generic
Arrest generic

Beyləqanda hərbçilərə qarşı kütləvi işgəncə şikayətləri ilə bağlı bir general və daha 4 nəfərə 54 il 6 ay cəza istənilib.

2017-ci ilin mayında Beyləqanda N saylı hərbi hissədə 60-dan çox hərbçiyə işgəncə verilməsi, nəticədə onlardan birinin - baş leytenant Adil Sabirlinin ölməsi şikayəti ilə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Prokuror biri general olmaqla 5 nəfərə ümumilikdə 54 il 6 ay həbs cəzası istəyib.

Beyləqanla bağlı həmin məsələlər 2021-ci ilin dekabrında "Tərtər işi" üzrə istintaq təzələnəndən sonra araşdırılıb.

Ardınca 2022-ci ildə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov həbs olundu.

2017-ci ildə Orucov I korpusun qərargah rəisi olub. Bu gün, avqustun 24-də prokuror ona 12 il 6 ay həbs cəzası verilməsini istəyib.

Prokuror həmçinin, Beyləqandakı hərbi hissədə snayper bölüyünün komandiri olmuş Ziya Kazımovun da 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər vaxt istəyiblər

Digər təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin keçmiş təhqiqatçısı İntiqam Məmmədov və mayor Ülvi Rəşidovun 10 il 6 ay, korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsi təklif edilib.

Təqsirləndirilən şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov hazırda həbsdə deyil. Prokuror onların hökm elan olunarkən məhkəmə zalında həbs edilməsini istəyib.

Ziya Kazımov öncə həbs olunsa da, sonradan ev dustaqlığına buraxılmışdı. Onun ailə üzvləri bildirirdi ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində yaralanıb. Yaxınlarının sözlərinə görə, səhhətində problemlər ola-ola təcridxanaya salınıb.

Prokurordan sonra vəkillər çıxış etməlidir. Vəkillər isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Onlara sentyabrın 14-nə qədər vaxt verilib.

General-leytenant Mais Bərxudarovun da adı hallanır

Beyləqanda baş verən olaylarda o dövrdə korpus komandiri olan general-leytenant Mais Bərxudarovun da adı hallanır. Təqsirləndirilən şəxslər, o cümlədən general Bəkir Orucov bir neçə dəfə vəsatət qaldırıb ki, Bərxudarov məhkəmədə dindirilsin:

"Məni Baş Prokurorluğa çağıranda Mais Bərxudarova zəng elədim. Mənə bildirdi ki, “nə varsa, elə də danış, əgər məni çağırsalar, kimdən əmr almışam, necə olub, hamısını açıb deyəcəm”. Bir halda ki, bu adam ifadə vermək istəyir, çağırın. Gəlib danışsın..."

Orucov vurğulayıb ki, məhz Bərxudarovun imzasıyla o dönəmdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqova siyahı göndərilib. Siyahıda Beyləqan korpusunda dövlətə xəyanətdə şübhəli bilindiyi iddia olunan hərbçilərin adları yer alıb.

Lakin məhkəmə Bərxudarovun dindirilməsi barədə vəsatətləri təmin etməyib.

Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamları qəbul eləmirlər.

Xatırlatma

Tərtər və Beyləqanda 2017-ci ilin may-iyun aylarında hərbçilərə qarşı kütləvi işgəncə şikayətləri ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Hazırda bu olaylarla əlaqədar, ikisində 4, ikisində də 5 nəfər olmaqla ümumilikdə 4 qrupun məhkəməsi gedir.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələrilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşandığı bildirilir.

2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunaraq, dövlətə xəyanətdə ittiham edilib.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsinə dair məlumat yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayca 10-dan çox olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG