Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:07

Türkiyə sahillərində neft tankerlərinin tıxacı yaranıb


Rusiya nefti üzərinə Qərb ölkələrinin qoyduğu qiymət həddi qüvvəyə mindikdən dərhal sonra Türkiyə sahillərində neft tankerlərinin tıxacı yaranıb.

Qərb müttəfiqləri Rusiya neftinə qiymət həddi qoymaqla Moskvanın neft gəlirlərini məhdudlaşdırmağa çalışırlar.

The Guardian yazır ki, tıxacın yaranmasına səbəb Türkiyə hakimiyyət orqanlarının tankerlərin tam sığortalandığına əmin olmaq istəməsidir.

Rusiya neftinin qiymətinə Avropa İttifaqı sanksiyaları dekabrın 5-də, ötən həftə keçirilən ağır danışıqların nəticəsində qüvvəyə minib.

Sanksiya qaydalarına görə Rusiya neftini daşıyan tankerlərin Qərb sığortası olmazsa, bu neftin bir barreli 60 dollardan baha satıla bilməz.

Rusiya neftinə ən yüksək qiymət həddini G7 ölkələri qoyub.

Qiymət həddi elə qoyulub ki…

Qiymət həddi elə qoyulub ki, bazara neft axını dayanmasın və əksəriyyəti Londonda mənzillənən sığorta şirkətlərinə zərər dəyməsin.

Kəmərlərlə nəql edilən Rusiya neftinə qiymət məhdudiyyəti qoyulmayıb.

The Guardian yazır ki, dekabrın 5-dən Bosfor və Dardanel boğazları yaxınlığında 19 xam neft tankeri lövbərlənib.

Rusiyanın xarici bazarlara yeganə çıxış yolu olan bu boğazlarda bir tankerin artıq 6 gündür gözlədiyi bildirilir.

Məqalədə deyilir ki, tanker tıxacı Rusiya neftinə qoyulan qiymət həddinin beynəlxalq neft bazarına təsirinin ilk göstəricisidir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə neft qiymətləri kəskin qalxmışdı. Bu isə bahalaşma və inflyasiyanın yüksəlməsinə səbəb olmuşdu.

“Konstruktiv danışıqlar”

Bəzi ekspertlər Rusiya neftinə qiymət həddinin qoyulmasının Moskvanın neft gəlirlərini azaldacağına şübhə edirlər.

Rusiya Ukraynada müharibəyə başlayandan onun neft ixracatı azalmayıb. Qərb tərəfindən sıxışdırılan Rusiya Hindistan və Çin kimi ölkələrə neft ixracını artırıb.

Qlobal dəniz daşımalarının 90 faizini əhatə edən 13 sığorta şirkətindən ibarət P&I Clubs qrupu bildirib ki, Türkiyə hökumətinin tankerlərdən tələb etdiyi informasiya adətən kafi olan məlumatlardan çoxdur.

Qrupun rəhbəri Nik Şou (Nick Shaw) deyib ki, vəziyyətin dalandan çıxarılması üçün “konstruktiv danışıqlar” aparılır.

Rusiya qazı da təzyiq altındadır

Ukrayna müharibəsi Rusiyadan qaz idxalını da son dərəcə məhdudlaşdırıb. Avropa ölkələri təcili qaydada Rusiya qazına alternativ axtarışına çıxıblar.

Son aylarda qazın qiyməti düşüb və hazırda maye qaz daşıyan tankerlər sahillərdə qiymətin yenidən qalxmasını gözləyirlər.

Brent markasından olan neftin qiyməti 85 sent artaraq bir barrel üçün 83.53 dollara qalxıb.

Ekspertlər bildirirlər ki, Rusiyanın sığorta ilə bağlı problemləri onun tanker bazarına çıxışını mürəkkəbləşdirəcək və neft ixracını günə 2.4 milyon barrelə endirəcək.

Bu, Ukrayna müharibəsindən əvvəl olduğundan günə 500 min barrel azdır.

XS
SM
MD
LG