Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:53

Ukrayna Donbasda uğurlu əkshücuma keçə bilərmi


Donbasda vurulmuş Rusiya texnikası
Donbasda vurulmuş Rusiya texnikası

Ekspert Rusiya Prezidenti Vladimir Putinin üstün şərtlərlə atəşkəs əldə etmək riskindən danışır.

Rusiya artıq üç aya yaxındır Ukraynanı işğal edir. Rusiyanın mövqelərinə cavab zərbələri endirən Ukrayna qüvvələri bəzi yerlərdə döyüş xəritəsini yenidən çəkməyə başlayırlar. Bu strategiya uğurlu ola biləcəkmi? AzadlıqRadiosu-nun müxbiri Reyd Stendiş Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun təhlilçisi Corc Barrosla bu haqda danışıb.

Britaniyanın Müdafiə Nazirliyi mayın 12-də bildirib ki, Ukraynanın şimal-şərqindəki Xarkov şəhəri yaxınlığında son uğurları qismən Rusiyanın qüvvələrini şərqi Donbas regionuna yönətlməsi, başqa yerlərdə ağır itkilər verən qüvvələri yeniləməsi ilə əlaqədardır.

Cavab zərbəsi və əkshücum

Barros deyir ki, Ukrayna bütün cavab zərbələrini, bəzi yerlərdə uğurla etdiyi kimi, daha böyük əkshücum əməliyyatlarına çevirməlidir. Ancaq təhlilçi bu cavab zərbələrinin bəzən yanlış olaraq əkshücum kimi qələmə verildiyini bildirir. Çünki cavab zərbəsi miqyasına görə daha kiçikdir, taktiki səviyyədə qüvvələrin kiçik ərazini ələ keçirməsidir. Əkshücum isə daha yüksək səviyyədə aparılan əməliyyatdır, daha böyük əraziləri ələ keçirməyi hədəfləyir

“Hazırda bu cavab zərbələrinə baxanda bir, iki, yaxud üç kəndin alındığını görürük. Hələlik, ukraynalıların Rusiyanın möhkəmləndirdiyi mövqeyə həqiqi zərbə endirməsi məqamına çatmamışıq”, – təhlilçi vurğulayır.

Digər tərəfdən ekspert ukraynalıların bu əks zərbələr zamanı hansı dərəcədə müqavimətlə üzləşməsinin də tam aydın olmadığını deyir. Çünki bəzən rusiyalılar mövqelərindən geri çəkilir. Barros rusiyalıların Xarkovdan çıxarılmasını çox vacib məqam adlandırır. Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı Beloqraddan təchizat xətləri İzyuma, oradan da Donetsk və Luqanska gedir. “İnanırıq ki, ukraynalıların indi başladığı döyüşlər İzyumda və ətrafında savaş üçün şərtlər müəyyənləşdirir ki, bu da Ukraynadakı müharibənin indiki mərhələsi üçün çox vacibdir”, – təhlilçi deyir.

Kənd və şəhər yerləri

Rusiya Ukraynanın şimalında böyük şəhərləri tuta bilməyəndən sonra qüvvələrini şərqə yönəldib, məqsədin Donbasın “tam azad olunması” olduğunu bəyan edib.

Barros deyir ki, rusiyalıların təchizat xətlərinin çox yükləndiyi, yaxud arxa cəbhələri təhlükəsiz olmayan yerlərdə ukraynalılar çox effektiv zərbələr endirirlər. Onlar yanacaq maşınlarına, logistika konvoylarına basqın edirlər: “Ancaq Rusiyanın möhkəmləndirdiyi, yaxşı kommunikasiya və təchizat xərtləri olan mövqelərini o qədər də effektli vura bilmirlər”.

Təhlilçi ukraynalıların Rusiya qüvvələrini kənd yerlərindən, böyük şəhərlərin kənarlarından daha rahat çıxara bildiyini vurğulayır. Bu zaman ukraynalılar kəşfiyyatla Rusiya bölmələrinin yerini müəyyənləşdirir, onlara qarşı artilleriya və raketləri işə salır: “Ancaq sıx məskunlaşmış şəhər yerlərinə keçəndə hər iki tərəfin döyüş tempi və irəliləmə səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Ukraynalılar şəhər yerində düşmənin nəzarətində olan əraziyə girərək qüvvələri geri oturtmaq güclərini nümayiş etdirə bilməyiblər. Bunu bacarmadıqlarını demək istəmirəm, sadəcə, döyüşdə hələ ki bunu müşahidə etməmişik”.

Qüvvələr zəifləyir

“ABŞ və Britaniya rəsmiləri elə deyirlər ki, Rusiya qüvvələri qrafikdən geri qalırlar, ləng irəliləyirlər, baxmayaraq ki, onlar müəyyən qədər irəli gedə biliblər. Rusiya qüvvələrinin müharibənin yeni mərhələsində əldə etdiklərinə baxanda onlar Donbasda irəliləyə biləcəklərmi?” Barros bu suala cavabında deyir ki, rusiyalıların qüvvələri azaldığından irəliləmə səviyyələri düşüb, yenidən qruplaşmalıdırlar.

“Dəyərləndirməmiz belədir ki, Rusiyanın müharibəyə cəlb edə biləcəyi effektiv döyüş qüvvəsi çox az qalıb. Rusiya cəmiyyətində səfərbərlik və mümkün çağırış mənalı döyüş qüvvəsilə ilə nəticələnməyəcək... Bunu ukraynalılar haqda da demək olar, onların da qüvvələri azalıb. 75 gündür ağır döyüşlər gedir. Rusiyaya vurduqları zərbələri nəzərə alanda, ukraynalıların da effektiv döyüş qüvvəsi zəifləyib”, – təhlilçi deyir.

Atəşkəs tələsi

O, hər iki tərəfin ləng irəlilədiyini qeyd edir, özəlliklə Ukraynanın şərqində və Donbasda. Ekspert Rusiya Prezidenti Vladimir Putinin üstün şərtlərlə atəşkəs əldə etmək riskindən, bununla da şərqi və cənubi Ukraynada, özəlliklə Azov dənizinin şimalında və Qara dəniz yaxınlığında qanunsuz əldə etdiklərini möhkəmləndirə biləcəyindən danışır.

“Atəşkəs Putinə Ukraynanın bu ərazilərini tam tutmağa, həmin yerlərdə Ukrayna hökumətinin strukturlarının qalıqlarını məhv etməyə, eləcə də Kremlin istədiyi vaxt hücum əməliyyatlarını bərpa etmək üçün şərtlər qoymağa zaman və fürsət tanıyar”, – Barros vurğulayır.

Təhlilçi Kremlin atəşkəs cəhdinə Qərbin, müəyyən liderlər və qurumların avtomatik maraq göstərəcəyini narahatedici məqam kimi qeyd edir, çünki atəşkəs zorakılığın dayandırılması yolu kimi görüləcək: “Narahatlıq ondan ibarətdir ki, Kreml bu oyunu işə salan kimi Ukrayna Prezidenti Volodimir Zelenskinin həmin şərtləri qəbul etməsi üçün beynəlxalq təzyiq baş verə bilər”.

Canlı qüvvənin bərpası

Corc Barros Rusiyanın qısa müddətdə, altı-12 ay ərzində daha effektiv döyüş qüvvəsi yığmasını mümkün saymır. Çünki keyfiyyətli bir əsgərin təliminə 8-10 ay vaxt lazımdır. Üstəlik, ukraynalıların Rusiya zabit korpusuna vurduğu zərbəni nəzərə alanda, canlı qüvvə itkisinin bərpası bir nəsil çəkə bilər.

“Rusiyanın Abxaziya (Gürcüstan), Suriya, Liviya və başqa yerlərdən qüvvələr cəlb etməsi də effektli qüvvə düzəltməyə yetməyəcək. Buna görə də Putin müharibəni öz şərtlərilə bərpa etmək istəyirsə, indilik əldə etdiklərini uzun müddətə möhürləyə, qüvvələrini istədiyi miqyasda yenidən təşkilatlandıra, Ukraynanın Qara dənizə çıxışını bağlamaqla iqtisadiyyatını iflic edə, sonra başladığı işi bitirəcəyinə ümid bəsləyə bilər”, – Barros vurğulayır.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG