Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:03

'Uzaq' Yaxın Şərqdə gedən savaş Ukraynanın özünə yaxınlaşır


şərti foto
şərti foto

HƏMAS-ın İsrailə hücumundan 4 gün sonra Ukrayna yəhudi icmasının liderlərindən sayılan Rabbi Moşe Reuven Asman yerin altında hava hücumundan gizlənərkən, görüntülənmiş 4 nəvəsinin fotolarını paylaşıb.

Fotolardan biri Rusiyanın Ukraynaya qarşı hücumunun əvvəllərində Kiyev bölgəsi yaxınlığındakı kəndin bir zirzəmisində çəkilib. İkinci şəkilsə ötən ay İsraildə bomba sığınacağında görüntülənib.

“Dünyanın iki fərqli yeri, ancaq bu qədər eyni ağrı və çətinliklər”, - Asman öz “Facebook” paylaşımında belə yazıb.


AzadlıqRadiosu-nun müxbiri Aleksandr Palikotun məqaləsində deyilir ki, ukraynalıların çoxu HƏMAS-ın İsrailə hücumuyla Rusiyanın Ukraynaya hücumu arasında paralellər görür. Rusiyanın hücumundan qorunmaq üçün Ukraynanı tərk edərək İsrailə gedənlərin bəziləri yenidən müharibəyə düşüblər.

“İkiqat faciə”

Fələstində doğulmuş ukraynalı cərrah və universitet müəllimi Rami Əbu Şamseim məsələyə bir qədər başqa bucaqdan baxır. O, AzadlıqRadiosu-na deyib ki, onun gözündə Yaxın Şərqdəki qanlı münaqişə “hər iki vətəninə təsir göstərən ikiqat faciədir”.


Ötən ilin fevralında Rusiya ordusu Kiyevə hücum edərkən, Şamseim xanımıyla uşaqlarını şəhərdən çıxarmış, özü isə paytaxtda könüllü ərazi müdafiə birliyinə qoşulmuşdu. O zamandan bəri tez-tez ön cəbhəyə baş çəkir, yaralı əsgərlərin sağalmasına yardım edir.


HƏMAS-ın İsrailə hücumundan bir gün öncə - oktyabrın 6-da Şamseim atasının dəfninə qatılmaq üçün Ukraynadan Qərb Sahilinə getməliydi, di gəl, uçuş ləğv olunduğundan, Fələstinə gedib çıxa bilməyib.

“Vətənimdə bəzi tanışlar məni Ukraynanı dəstəklədiyim üçün satqın adlandırı", - Samseimin sözləridir. Onun fikrincə, fələstinlilərin çoxu Rusiyanı dəstəkləyir və Ukraynanı ABŞ-ın müttəfiqi sayır.

O deyir ki, İsrailin Qəzza Zolağını mühasirədə saxlaması və ona hüvum etməsi ona "Rusiyanın Mariupolu mühasirəyə almasını xatırladır”.

“Mənim edə biləcəyim tək şey [Ukraynada] evimi qorumaq, bir də insanların vicdanlarını canlı tutması üçün [dua etməkdir]”, - yenə onun sözləridir. Əksər ukraynalılara HƏMAS-la Rusiyanı bir-birinə bənzətmək bir neçə səbəbdən daha düzgün görünür. Səbəblərdən biri Moskvanın tarixən fələstinliləri dəstəkləməsidir. HƏMAS-ın hücumunda Kremlin əlinin olması şübhəsi və Rusiyanın hücuma reaksiyası da bu səbəblər arasındadır. Prezident Vladimir Putin HƏMAS-ı pisləməyib. Onun hökuməti də bu ay HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyətini qəbul edib.

“Savaşa ilkin təpkimiz”

7 oktyabr hücumundan dərhal sonra ukraynalılar İsrailə dəstək nümayiş etdirməyə başladılar. İnsanlar İsrailin Kiyevdəki səfirliyinin qarşısına gül düzdülər, Bütün ölkə boyunca bolbordları İsrail bayraqları bəzədi.

“Belə uzaq diyarlarda gedən savaşa ilkin təpkimiz özümüzün yaralarından qaynaqlanan sadəlövh assosiasiyalara əsaslanırdı. Öz növbəsində Ukrayna rəsmiləri də, demək olar, tamamilə bu müharibənin ölkəmizə necə təsir edə biləcəyinə fokuslandılar”, - Kiyevdə fəaliyyət göstərən Yaxın Şərq Elmləri Mərkəzinin direktoru İhor Semıvolos deyir.

“Yaxın Şərqdəki savaş diqqəti yayındırır”


Ukraynaya kənardan gələn yardımın gələcəyinə İsrail-HƏMAS münaqişəsi öz təsirini göstərib və istər Avropa, istərsə ABŞ siyasətçilər arasında onsuz da dərin ziddiyyətləri daha da dərinləşdirib.

“Aydındır ki, Yaxın Şərqdəki müharibə [Ukraynadan] diqqəti yayındırır”, - prezident Volodımır Zelenski noyabrın 4-də belə deyib və bildirib ki, bu Rusiyaya sərfəlidir, ancaq Kiyevin idarə edə biləcəyi bir şey deyil.

HƏMAS-ın hücum etdiyi gün Zelenski deyib ki, “İsrailin özünü müdafiə etmək hüququ mübahisə mövzusu belə deyil”. O, dünyanı “terrora qarşı birliyi qoruyub saxlamağa” çağırıb.


İki gün sonra videobağlantıyla Kopenhagendə keçirilən NATO Parlament Assambleyası qarşısında çıxış edən prezident İsrailə hücumla Ukraynaya müdaxilə arasında paralellər apararaq, HƏMAS-ı “terrorçu təşkilat", Rusiyanı isə “terrorçu dövlət” adlandırıb. Düzdür, Kiyev bu sonuncu ifadəni oktyabrın 7-dən xeyli öncə işlətməyə başlayıb.

Zelenski vurğulayıb ki, Yaxın Şərqdə müharibəni qızışdırmaq Rusiyanın marağındadır. O, beynəlxalq ictimaiyyəti Rusiya və İran kimi ölkələrlə dialoqa getməməyə çağırıb.


Oktyabrın 19-da ABŞ Prezidenti Co Baydenlə telefon söhbəti zamanı Zelenski deyib ki, “ukraynalılar və amerikalılar bu dəhşətli hadisələrin bütün qurbanlarının halına acıyırlar”.


Baydensə ABŞ-ın Ukraynaya dəstəyinin sürəcəyini söyləyib və bildirib ki, dünya “HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilməz və verməyəcək”. Bayden Ukraynaya 60 milyard, İsrailə 14 milyard dollarlıq yeni güvənlik paketi təklif etdiyini açıqlayıb.

Bu təklifin və ABŞ-ın Ukraynaya əlavə dəstəyi ilə bağlı istənilən qanun layihəsinin taleyi Vaşinqtondakı fikir ayrılıqları ilə sıx bağlıdır. Gələn ilin noyabrında keçiriləcək seçkilər yaxınlaşır, Ukraynada da Yaxın Şərq münaqişəsinin Kiyevin özünü qorumaq gücünü ciddi zəiflədəcəyi ilə bağlı qorxular artır.


Bu önəmli zamanda İsrail-HƏMAS münaqişəsi ilə bağlı narrativlərdən dünyanın Ukraynaya dəstəyini zəiflətmək üçün Rusiya yararlanmaqdadır.


Oktyabrın 9-da Ukrayna hərbi kəşfiyyatının rəisi Kırılo Budanov Moskvanı Rusiyanın Ukraynada döyüş meydanında ələ keçirdiyi silahları HƏMAS-a göndərməklə Kiyevi gözdən salmağa çalışmaqda suçlayıb.

“Gərgin dövrə düşmüşük”

Bununla yanaşı, İsrail-HIMAS münaqişəsi qızışandan bəri Rusiya Ukraynada hücumlarını artırıb və gücləndirib.


Ötən il uğursuzluqla üzləşsə və bu il Rusiya ciddi irəliləyiş əldə edə bilməsə də, Putin hücumu dayandırmaq niyyəti göstərmir. Üstəlik, təhlilçilər deyirlər ki, Kiyevə dəstəyi şübhə altına alan və Rusiyaya “Qlobal Güney”in dəstəyini qazandıran İsrail-HƏMAS savaşı Putinin Ukraynada qələbəyə ümidini artıra bilər.


Ukraynalı insan haqları fəalı və keçmiş sovet dissidenti Yosıf Zissels AzadlıqRadiosu-na deyib ki, Yaxın Şərq müharibəsi Qərblə İran, Rusiya və Çin kimi ölkələr arasındakı qarşıdurmanı gücləndirməklə Ukraynanı “geosiyasətin əsirinə” çevirir:


“Belə bir hiss var ki, sanki biz demokratiya ilə avtoritarizm arasında dünya müharibəsinin astanasındayıq, ancaq Qərb onu Ukrayna sərhədlərində saxlamaq üçün əlindən gələni edir. Biz də, istədik-istəmədik, vuruşmağa məcburuq”.


“Biz hər kəsin dəstəkləyəcəyi tərəfi seçməli olduğu gərgin dövrə düşmüşük. Rusiya öz seçimini edib”, - Ukrayna silahlı qüvvələrinin hərbi ravvini David Milmanın sözləridir.


Digər ukraynalılar kimi, Milman da bu durumun İsraillə əlaqələri daha da yaxınlaşdıracağına, Rusiyaya qarşı mübarizədə ölkəyə ciddi fayda gətirəcəyinə inanır.


İddia edilir ki, HƏMAS-ın hücumundan az sonra Zelenski İsrailin Baş Naziri Benyamin Netanyahuya təklif edib ki, həmrəylik nümayişi üçün İsrailə gəlsin, ancaq Netanyahudan “İndi zamanı deyil” cavabını alıb. Bu, doğrudursa, Ukraynanın Netanyahudan soyuq münasibət gördüyü ilk hal deyil. Putinlə uzun zamandan bəri davam edən yaxın münasibətləri olan Netanyahu bir neçə səbəbdən Rusiya ilə münasibətlərini korlamaqdan çəkinir. Bu səbəblərdən biri Suriya səmasının böyük hissəsinə nəzarət edən Rusiyanın İsrail hərbi təyyarələrinə Hizbullah qüvvələrini bombalamağa imkan verməsidir.

“Hər iki ölkə bir neçə BMT səsverməsində fərqli cəbhələrdə yer alıb”

Ötən ilin martında isə Zelenski İsrail millət vəkilləri qarşısında çıxış edərkən, soyuq savaşla üzləşmişdi; onun Rusiyanın Ukraynaya hücumunu Holokostla müqayisə etməsi və İsrail-Rusiya əlaqələrini üstüörtülü tənqidə tutması onların xoşuna gəlməmişdi.


İsrail Rusiyanın hücumunu tənqid etsə də, Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb. Daha sonra da Ukraynanın hərbi yardım xahişini rədd edərək, sadəcə, humanitar yardım göstərməyi yetərli sayıb. Tel-Aviv , üstəlik, ukraynalılar üçün vizasız rejimi ləğv edərək, ukraynalı qaçqınların ölkəyə gəlməsini məhdudlaşdırıb.

Bu da var ki, son illərdə hər iki ölkə bir neçə BMT səsverməsində fərqli cəbhələrdə yer alıb. Moskvanın Krımı işğal etməsini nəzərə alan Ukraynanın dəfələrlə Fələstin torpaqlarının işğalını qınayan BMT qətnamələrini dəstəklədiyi bildirilir. Bu məsələdə Ukrayna ABŞ və bir çox qərb ölkələrinə əks mövqe nümayiş etdirib.


İsrail də, öz növbəsində, Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən və Rusiyanın Krımı ilhaqını qınayan BMT qətnaməsini dəstəkləməyib. Ukrayna da cavabında Şərqi Qüdsdəki İsrail məskənlərini qanunsuz sayan qətnaməni dəstəkləyib.


Nəhayət, ötən ilin noyabrında Kiyev Yaxın Şərqdə nüvə silahsızlaşdırmasına dair qətnaməyə səs verib. Bu qətnamənin hədəfi İsrailin bəyan edilməmiş nüvə proqramı idi. Üstəlik, qətnamə İsrailin “Fələstin ərazilərini uzun zamandan bəri işğal altında saxlaması, onlarda məskən salması və onları ilhaq etməsinə” dair Beynəlxalq Ədalət Məhkəməsinin araşdırmaya başlaması barədə çağırışı dəstəkləyirdi.

XS
SM
MD
LG