Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:26

Müharibəyə getməmək üçün ölkəni 20 min ukraynalı tərk edib


Müharibə dövründə ölkədən çıxışa qoyulmuş qadağana baxmayaraq orduda xidmətdən yayınmaq məqsədilə Ukraynanı 20 min kişi qanunsuz olaraq tərk edib.

Bu barədə Rumıniya, Moldova, Polşa, Macarıstan və Slovakiya sərhədlərinin qanunsuz keçilməsinə dair məlumatlara istinadən BBC yazıb.

Ukraynanın rəsmi məlumatlarına əsasən həmin dövr ərzində ölkə sərhədini qanunsuz keçməyə çalışan 21 min nəfər saxlanıb.

Onların əksəriyyəti və ya daha dəqiq deyilərsə, 14 min nəfəri sərhədi sadəcə olaraq sərhədboyu çayları keçməklə pozmağa cəhd göstərib. Qalan 6800 nəfər isə ölkədən saxta sənədlərlə çıxmağa çalışıb.

Ukrayna kişilərinin 1-5 faizi ordudan yayınmağa çalışır

Ukrayna prezidenti Volodimir Zeleknskinin ölkə parlamenti - Verxovna Radadakı nümayəndəsi Fyodor Venislavski deyib ki, orduya səfərbərlikdən Ukrayna kişilərinin 1-5 faizi boyun qaçırmağa çalışır.

Onun sözlərinə görə bu göstərici hərbi əməliyyatların gedişini təsirləndirmir.

Bununla belə, Venislavski deyib ki, hakimiyyət bunun geniş yayılmış hal olduğunu anlayır.

Prezidentin Verxovna Radadakı nümayəndəsinin sözlərinə görə "təəssüf ki, korrupsiyanın canı möhkəmdir".

Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan sonra Ukraynada 18 yaşından 60 yaşınadək kişilərin ölkəni tərk etməsi qadağan olunub.

Bu qaydadan yalnız sağlamlığı ilə bağlı problermləri olan, azyaşlılara baxan, habelə üç və daha çox övladı olan kişilərə istisna verilir.

Hərbi komissarlıqların təftişi

Sentyabr ayında prezident Zelenski Rusiyanın ölkəyə hücumu başlanandan bəri, yəni 2022-ci il fevralın 24-dən bu yana hərbi-tibbi komissiyaların bütün sənədlərinin təftişinə göstəriş verib.

Eyni zamanda ölkədəki hərbi komissarlıqların yoxlanışına başlanıb və səfərbərlikdən yayındırma məqsədilə sənədlərin saxtalaşdırılmasına görə 112 cinayət işi qaldırılıb.

Avqust ayında Zelenski hüquq-mühafizə orqanlarının miqyaslı korrupsiya sxemləri aşkar etməsi ilə bağlı bütün vilayət hərbi komissarlarını vəzifələrindən azad edib.

Prezidentin sözlərinə görə bu, çağırışdan azadetməyə dair qərarların onqat artması ilə nəticələnib.

Statistika nə deyir

Ukrayna Dövlət Statistika Xidmətinin 2022-ci ilə olan məlumatına görə ölkədə həmin dövrdə 18 yaşından 60 yaşınadək olan azı 11 milyon kişi yaşayıb.

Opendatabot layihəsi Dövlət Sərhəd Xidmətinin 2023-cü ilin avqustuna olan məlumatına istinadla bildirib ki, 2.4 milyon ukraynalının ölkəni tərk etməsi və geri qayıtmaması qeydə alınıb.

"Если быть точным" saytının məlumatına görə 2022-ci il ərzində Rusiyanı 800 min vətəndaş tərk edə bilərdi.

Forbes jurnalı yazırdı ki, Rusiyada səfərbərlik elan ediləndən bəri ölkədən 700 mindən 1 milyonadək vətəndaş çıxıb.

XS
SM
MD
LG