Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:16

Ukrayna ordusunun cəbhə boyunca irəlilədiyi deyilir


Ukrayna ordusu 35-ci əlahiddə dəniz piyadaları briqadası azad etdiyi Storojevoye kəndində
Ukrayna ordusu 35-ci əlahiddə dəniz piyadaları briqadası azad etdiyi Storojevoye kəndində

Ukrayna hərbçiləri Zaporojye və Donetsk vilayətlərinin inzibati sərhədində yerləşən “Vremivsk çıxıntısı” rayonunda daha iki yaşayış məntəqəsini Rusiya işğalından azad etdiklərini bildirirlər.

Orada Velikaya Novosyolovka qəsəbəsindən cənubda Ukrayna ordusunun cənub və cənub-şərq istiqamətlərində hücumları davam edir.

İyunun 12-də üç kəndin Rusiya işğalından azad olunması barədə rəsmi məlumat verilib.

Bu, iyunun ilk günlərindən Ukrayna ordusunun hücumları başlanandan azad olunmuş ərazilər barədə verilən ilk rəsmi xəbərdir.

İyunun 12-də səhər Ukrayna hərbçiləri Donetsk vilayətindəki Storojevoye kəndini nəzarətə götürdüklərini bildiriblər.

Ukraynalılar habelə Zaporojye vilayətində hələ iyunun 4-də azad etdikləri Novodarovka kəndində möhkəmləndirklərini bildirirlər.

Ukrayna, eləcə də Rusiya teleqram-kanallarında verilən bir sıra məlumatlara görə Ukrayna ordusunun hücumu davam edir.

Bəzi təsdiq edilməmiş xəbərlərə görə Ukrayna ordusu Stramlınovka istiqamətində də irəliləyir.

Bu cəbhə xəttindən 10 kilometr cənubda yerləşən kifayət qədər böyük yaşayış məntəqəsidir.

Amma Rusiyanın hərbi blogerləri yazırlar ki, Rusiyanın əsas müdafiə xətti – Surovikin xətti hələ yarılmayıb.

Müharibə şəraitində bu və ya digər tərəfin məlumatlarını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Burası da var ki, Ukrayna tərəfi öz xəbərlərinə azad olunmuş kəndlərdə çəkilmiş video və fotoları da əlavə edir.

Əks-hücum rəsmən elan edilməyib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ordunun böyük əks-hücuma keçməsini rəsmən elan etməyib.

Amma bir sıra mediaların xəbərlərində əks-hücumun artıq davam etdiyi bildirilir.

Ukrayna prezidenti Volodimir Zelenski də ötən şənbə günü bunu dolayısı ilə təsdiqləyib.

O Kanadanın baş naziri Castin Trüdo ilə danışıqlarından sonra keçirilən mətbuat konfransında deyib:

"Ukraynada müəyyən müdafiə və əks-hücum əməliyyatları aparılır. Bunların hansı mərhələdə olmasını detallı şəkildə deməyəcəyəm”.

Lakin bir çox ekspertlər bu qənaətdədirlər ki, Ukrayna əsas qüvvələrini hələ ki, döyüşə buraxmayıb.

XS
SM
MD
LG