Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:34

Ukrayna Rusiya ərazisinə ilk dəfə olaraq təyyarə hücumu edib - Qərb mediası


Belqorod yaxınlığında komanda mərkəzi olduğu deyilən bina aviasiya hücumundn sonra
Belqorod yaxınlığında komanda mərkəzi olduğu deyilən bina aviasiya hücumundn sonra

Ukraynanın hərbi təyyarəsi iyunun 9-da müharibə başlanandan bəri ilk dəfə olaraq Rusiya ərazisinə - Belqorod rayonuna hücum edib.

Bu barədə məlumatı Britaniyanın Sky News telekanalı Ukraynanın hərbi mənbələrinə istinadla verib. Məlumat hələ ki rəsmən təsdiq edilməyib.

Sky News-un reportajında hücum zamanı hansı silahlardan istifadə edildiyinin məlum olmadığı deyilir.

Mayın sonlarında Ukraynanı silahlarla təchiz edən ABŞ, Britaniya və Fransa, habelə bir sıra başqa Qərb ölkələri Kiyevə onların silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə icazə veriblər.

Adı çəkilməyən mənbənin sözlərinə görə aviasiya zərbəsi nəticəsində Belqorod şəhəri rayonundakı hərbi komanda mərkəzi sıradan çıxarılıb.

İyunun 9-da Ukrayna hərbçiləri Belqorod vilayətindəki Sentralnoye kəndinə zərbə endiriblər. Bu zərbə AzadlıqRadiosunun geolokasiyası və peyk görüntüləri ilə təsdiq olunur.

Peyk fotoları Belqorod vilayətindəki “Nejeqol” istirahət bazasına zərbə endirildiyini göstərir.

Sosial media şəbəkələrində yayılmış fotolardan məlum olur ki, burada Rusiya hərbçiləri yerləşdirilmişdi.

İyunun 10-da “Dosye şpiona” teleqram kanalının dərc etdiyi fotoda iddia olunduğuna görə iyunun 9-da Rusiyanın Şebekino şəhəri yaxınlığında Rusiya 6-cı ümumqoşun ordusunun komanda mərkəzinə endirilmiş zərbənin nəticələri görünür.

Komanda mərkəzinin “Nejeqol” istirahət mərkəzində yerləşdiyi ehtimal edilir. Xəbərdə zərbə nəticəsində 8 Rusiya zabitinin itkin düşdüyü deyilir.

Planet.com xidmətinin peyk fotosu iyunun 10-da zərbə faktını təsdiqləyib. Rusiya hərbçiləri bu istirahət bazasında çəkdirdikləri şəkilləri hələ 2022-ci ilin dekabrından sosial şəbəkələrdə yayırdılar.

Zərbələr üçün məhdudiyyət olmayacaq

Ukrayna təyyarələrinin bundan əvvəl ilhaq edilmiş Krımdakı hərbi obyektlərə, o cümlədən Britaniya istehsalı Storm Shadow raketləri ilə zərbələr endirməsi məlumdur.

Nə Rusiya, nə də Ukrayna hərbiyyəsi Sky News telekanalının məlumatını rəsmi qaydada şərh etməyiblər.

Bazar günü, iyunun 9-da Belqorod vilayətində böyük yanğının baş verdiyi bildirilmişdi.

İddia edilirdi ki, yanğından əvvəl partlayış səsləri eşidilib.

Bir sıra teleqram-kanalları bildirirlər ki, hava zərbəsi nəticəsində sursat anbarı partlaya bilərdi.

Bu il Ukraynaya Qərb tərəfindən ABŞ istehsalı F-16 qırıcılarının gətiriləcəyi gözlənilir.

Niderland və Danimarka da daxil bir sıra ölkələr bu təyyarələrdən Rusiya ərazisinə hücum üçün heç bir maneə qoyulmayacağını bildiriblər.

F-16-ların bir hissəsi xarici bazalarda saxlanacaq

Bu da xəbər verilir ki, Ukraynaya veriləcək F-16-ların bir hissəsi xaricdəki hərbi hava bazalarında saxlanacaq.

AzadlıqRadiosunun Ukrayna xidməti bildirir ki, bu barədə məlumatı Ukrayna hərbi hava qüvvələrinin komandanı Sergey Qolubtsov verib.

Onun sözlərinə görə bilavasitə Ukraynada, artıq hazırlıq keçmiş Ukrayna pilotlarının sayına uyğun qədər F-16 saxlanacaq.

Qırıcıların qalan hissəsi isə xaricdəki “təhlükəsiz bazalarda” olacaq. Bundan məqsəd F-16-ları hələ yerdəykən Rusiyanın zərbələrinə məruz qoymamaqdır.

Qolubstovun sözlərinə görə xarici bazalardakı F-16-lar hansısa təyyarələr sıradan çıxarılanda Ukraynaya gətiriləcək.

Qolubtsov bunu da bildirib ki, F-16-ların bir qismi Ukrayna pilotlarının hazırlıq keçdikləri xarici təlim mərkəzlərində yerləşdiriləcək.

Komandan söhbətin hansı ölkələrdən getdiyini bildirməyib. Ən böyük təlim mərkəzinin Rumıniya ərazisində olduğu məlumdur.

Putin xəbərdarlıq etmişdi

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, Ukrayna müharibəsində iştirak edən F-16-lar xarici bazalardan uçduqda Moskva həmin bazaları qanuni hədəf hesab edəcək.

Lakin Putin xaricdə olan, amma bilavasitə F-16 təyyarələrinin saxlandığı bazalar barəsində heç nə deməyib.

Qolubtsov bunu da deyib ki, artıq dörd ölkə - Belçika, Danimarka, Norveç və Niderland Ukraynaya öz F-16 təyyarələrindən verəcəklərini bəyan ediblər.

Komandan bildirib ki, hazırda söhbət 30-40 təyyarədən gedir, lakin onların sayı tədricən artırılacaq.

Qolubtsovun sözlərinə görə artıq elə bu il F-16 qırıcıları Ukraynaya gətiriləcək və döyüşlərdə ən azı bir manqa iştirak edəcək. Bir aviasiya manqasına 3-dən 6-dək təyyarə daxildir.

Bundan əvvəl xəbər verilirdi ki, F-16-larla Rusiya ərazisinə zərbələr endirilməsi üçün istifadə edilməsinə Belçika icazə vermir.

May ayının sonlarında Ukrayna pilotlarının ilk qrupu ABŞ-da F-16 qırıcıları üzrə təlimlərini başa vurub.

Onlar təlimi ABŞ Milli Qvardiyasının Arizona ştatındakı hərbi hava bazasında keçiblər.

Tuson bazasında təlimi başa vurduqdan sonra pilotlar əlavə təlimlər üçün Avropaya gəliblər.

Krıma raket zərbələri endirilib

Bu arada Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirir ki, iyunun 10-da ilhaq olunmuş Krımdakı Cankoy rayonunda Rusiyanın yerləşdirdiyi S-400 sistemlərinə zərbələr endirilib.

Məlumatda deyilir ki, Rusiya hərbçiləri Ukrayna raketlərinin birini də vura bilməyiblər və hücumdan sonra S-300/400 komplekslərinin radarları işləməyib.

Bundan başqa Ukrayna hərbiyyəsinin məlumatına görə Rusiyanın Krım ərazisindəki üç start mövqeyinin hamısında sursat partlayışları qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi bu xəbəri şərh etməyib.

Astra teleqram kanalının məlumatına görə Krıma azı 10 ATACMS raketi atılıb. Onların hamısı Rusiya hava hücumundan müdafiə qüvvələrinin 31-ci diviziyasının mövqelərini vurub. Cankoyda və Saks rayonunda daha 4, Çernomorsk rayonunda isə iki mövqe hədəflənib.

Astra kanalının məlumatına görə 4 radiolokasiya stansiyası və iki S-300 kompleksi zədələnib.

XS
SM
MD
LG