Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:04

 ‘90 min nəfərə 2050-ci ilədək sanksiya qoyula bilər’


Kiyevdə heykəllər Rusiyanın zərbələrindən belə qorunur
Kiyevdə heykəllər Rusiyanın zərbələrindən belə qorunur

Ukraynanın Baş Naziri Denıs Şmıhal ölkəsinin Rusiyanın suveren və özəl aktivlərini müsadirə etmək nümunəsindən danışıb. O, Ukraynanın müttəfiqlərini də eyni cür davranmağa və bu yolla ölkənin müharibədən sonrakı bərpasına yardım etməyə çağırıb. Ancaq AzadlıqRadiosunun araşdırma qrupu “Schemes” (“Sxemlər”) Ukraynanın bu aktivləri ələ keçriməsinin problemli və ləng olduğunu üzə çıxarıb.

Müsadirə kampaniyasının başlandığı 2022-ci ilin mayından bəri Rusiyaya məxsus 905 dövlət aktivinin siyahısından yalnız ikisi – “Prominvestbank” və “International Reserve Bank” Ukraynanın nəzarətində olan Milli İnvestisiya Fonduna köçürülüb.

Üstəlik, bir sıra Rusiya oliqarxlarına qarşı sanksiyalara səlahiyyət verən prezident sərəncamına rəğmən onlardan yalnız dördü – Oleq Deripaska, Yevgeni Giner, Mixail ŞelkovVladimir Yevtuşenko Ukraynadakı aktivlərini itirib.

Hökumətin Rusiya oliqarxlarına məxsus olduğunu dediyi şirkətlər, o cümlədən Kiyevin ən iri ticarət və əyləncə kompleksləri, bir satış bankı və bir mineral su istehsalçısı, bütün qadağalara baxmayaraq, hələ də Ukraynada fəaliyyət göstərməkdədir.

“Schemes”in araşdırmasında Kiyevin minlərlə Rusiya aktivini təzminat olaraq müsadirə etməsinə mane olan sahələr göstərilib.

Üçmərhələli yanaşma, ən qısa yol

Rusiyanın Ukrayna üzərinə hücuma başlamasından bir həftə sonra, 2022-ci il, martın 3-də Ukrayna öz nəzarətində olan ərazidə Rusiya əmlakının müsadirəsini nəzərdə tutan fundamental qanun qəbul edib.

Kiyev üç mərhələli yanaşma tətbiq edib. Hər mərhələdə beş hökumət qurumunun icazəsi tələb olunur.

“Milliləşdirmə” adlandırılan ən qısa yol üçün Nazirlər Kabineti Milli Təhlükəsizlik və Müdafiə Şurasına (RNBO) hədəfləri təqdim edir.

Bundan sonra RNBO bu hədəfləri Prezident Volodımır Zelenskiyə təqdim edir ki, onların ələ keçirilməsi üçün sərəncam versin. Bu sərəncam təsdiq üçün Ali Radaya gedir. Bundan sonra Ukraynanın Milli İnvestisiya Fondu aktivləri götürür. Hökumət müsadirə olunan aktivlər üçün heç bir kompensasiya ödəmir.

Ukrayna ötən ilin mayında bu üsulla sadəcə yuxarıda adı çəkilən iki Rusiya şirkətini müsadirə edib.

460 milyon dollar

Bu ay Şmıhal adı çəkilən iki bankdan müsadirə edilən 460 milyon dolların artıq büdcədə olduğunu və bərpaya xərclənəcəyini deyib. Ancaq Rusiyaya aid dövlət aktivlərinin müsadirəsi bundan uzağa getməyib.

Avqustun əvvəllərində Nazirlər Kabineti Ukraynada Rusiyaya aid qalan 903 dövlət aktivinin də müsadirəsini təsdiqləyib və sənədi RNBO-nun təsdiqinə göndərib.

RNBO İqtisadiyyat nazirliyindən sənədi nəzərdən keçirməsini xahiş etsə də, proses növbəti mərhələyə keçməyib. “Schemes” bu məlumatı RNBO və Nazirlər Kabinetinin sözçülərindən alıb.

Ukraynanın müharibə ilə bağlı sanksiyalar üzrə Qurumlararası İşçi Qrupunun koordinatoru olan İqtisadiyyat Naziri Yuliya Svırıdenko “məşğul olduğunu” əsas gətirərək “Schemes”in müsadirə prosesi ilə bağlı müsahibə xahişini rədd edib.

Özəl Rusiya aktivlərinin məhkəmə qərarı ilə müsadirəsi

Bu aktivlər arasında milyonlarla hektar daşınmaz əmlak, texnologiya şirkətlərinin səhmləri, mədən, Belarus traktoru, yaxud bir dəstə lüks avtomobil ola bilər.

Avqustda Zelenski “Telegram” istifadəçilərinə deyib ki, Ukraynada “terrorçu dövlətin” sakinlərinə məxsus "36 min mal" mövcuddur və Kiyev onları müharibə üçün kompensasiya qismində “ələ keçirə” bilər.

Ancaq “Schemes” aşkar edib ki, hökumətin işini Ali Antikorrupsiya Məhkəməsinə çıxarması heç də asan deyil.

Qurumlararası İşçi Qrupun üzvü, Ukraynanın Milli Antikorrupsiya Agentliyinin rəhbəri Oleksandr Novikov deyir ki, Rusiya aktivlərinin məhkəmə qərarı ilə ələ keçirilməsi ilə bağlı bu beşmərhələli proses lap əvvəldən axsamağa başlayır.

Onun sözlərinə görə, İşçi Qrup sanksiyaları həftədə 200 nəfərədək məhdudlaşdırıb. İqtisadiyyat Naziri belə bir qaydanın olduğunu inkar etsə də, “Schemes” bu sənədi antikorrupsiya agentliyindən əldə edib.

90 minədək adama sanksiya...

Ancaq Novikov deyir ki, Ukraynanın sanksiyaları ilə bağlı məsləhət verən beynəlxalq ekspertlər qrupu Rusiyanın müharibəsini dəstəklədiyi iddia olunan 90 minədək adama qarşı sanksiya tətbiqini istəyir.

"Biz hər həftə effektiv işləsək, hökumət [bu sanksiyaların] hamısını yalnız 2050-ci ildə tətbiq edə biləcək”, – o deyir.

İşçi Qrupun sanksiyaya məruz qoyulacaq şəxslərin siyahısını tamamlamasından, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Milli Təhlükəsizlik və Müdafiə Şurasının onu təsdiqləməsindən sonra prezident sanksiya haqda sərəncam imzalayır.

Novikov burada da ləngimənin olduğunu deyir.

RNBO 2022-ci ilin noyabrında Rusiya hökumətinin yüksək eşalonlarına aid olduğunu, Ukrayna ərazilərinin ilhaqında iştirak etdiyini düşündüyü 1000 şəxsə qarşı sanksiya tətbiqinə səs versə də, Zelenski bu sanksiyaları təsdiqləməyib.

Sərəncamları prezidentin imzalaması üçün hazırlayan Zelenskinin ofisinin rəhbər müavini Andriy Smırnov bunun səbəblərini araşdırmaq üçün əlavə vaxta ehtiyacı olduğunu deyib. O burada texniki "nüansların” ola biləcəyini deyib. Smırnov “Schemes”lə bundan artıq detal paylaşmayıb.

13 qərardan dördü...

Prezident sərəncamlarından sonra Ədliyyə Nazirliyinin Ali Antikorrupsiya Məhkəməsinə müraciəti gəlir.

2022-ci ilin iyunundan bəri məhkəmə Rusiya aktivlərinin müsadirəsi ilə bağlı 13 qərar qəbul edib. 2023-cü il, martın ortalarına isə bu işlərin yalnız dördü Rusiya maqnatları Deripaska, Giner, Şelkov və Yevtuşenkoya hansısa formada təsir edib. Hökumət müsadirə olunan əmlakın ümumi rəsmi dəyərini açıqlamayıb. Hərçənd bu aktivlər arasında texnologiya şirkətinin səhmləri, bir mədən və 270 milyon dollarlıq daşınmaz əmlak da var.

Zelenski minlərlə zəngin Rusiya vətəndaşına qarşı sanksiya sərəncamı imzalayıb. Onların arasında Ukraynada ən iri aktivlərə sahib adamlar var. Onların hər birinin Rusiyanın hücumu ilə əlaqəli olduğu iddia olunur. Bu sərəncamlar Ukraynanın üzərinə sanksiya qoyulmuş Rusiya əmlakını müsadirə etməsinə imkan verir.

Buna baxmayaraq, 2023-cü il, martın 3-ünə olan məlumata görə, Ədliyyə Nazirliyi Rusiya oliqarxlarının aktivlərinin müsadirəsi üçün heç bir əlavə məhkəmə müraciəti etməyib.

XS
SM
MD
LG