Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:42

Uyğurlara görə Çinə əlavə sanksiyalar açıqlandı


Sintzyan, arxiv fotosu
Sintzyan, arxiv fotosu

ABŞ Xəzinədarlığı və Ticarət Departamenti eyni vaxtda cəzalandırıcı tədbirləri bəyan ediblər

Dekabrın 16-da ABŞ hökuməti Çinin bir neçə biotexnologiya və videomüşahidə şirkətinə sanksiyalar açıqlayıb. Senat isə qərbi Sintzyan regionundan idxalı yasaqlayan qanunvericiliyi təsdiqləyib. Bu addımlar Pekinin Sintzyanda ən böyük etnik qrup olan uyğurlara qarşı insan haqları pozuntularına görə atılır.

ABŞ Xəzinədarlığı və Ticarət Departamenti eyni vaxtda cəzalandırıcı tədbirləri bəyan ediblər.

Ticarət Departamenti Hərbi Tibb Elmləri akademiyası və onun 11 tədqiqat institutuna sanksiya tətbiq edib. Çin ordusuna dəstək verən bu institutlar ixraca çıxışı məhdudlaşdırılan qurumlar siyahısına salınıblar.

Xəzinədarlıq isə Çinin səkkiz texnologiya şirkətini, o cümlədən DJI Technology Co Ltd dron istehsalçısını investisiya qara siyahısına əlavə edib.

Çinin reaksiyası

Çinin Xarici İşlər Nazirliyi dekabrın 17-də yeni sanksiyalarına cavabında bildirib ki, “Şin qurumları və müəssisələrinin legitim hüquq və maraqlarının qətiyyətlə qorunmasından ötrü gərəkən bütün addımlar atılacaq”.

Nazirliyin sözçüsü Vanq Venbinin sözlərinə görə, ABŞ-ın addımları onun “Çini istənilən vasitə ilə qaralamaqdan çəkinmədiyini” göstərir.

Çin Sintzaynda 1 milyondan artıq uyğuru və digər azlıqları xüsusi düşərgələrdə yerləşdirməsinə görə beynəlxalq qınaq altındadır, sanksiyalarla üzləşir.

Çin bu düşərgələri “könüllü təlim mərkəzləri” adlandırır, niyyətinin adamları terrorçuluqdan çəkindirmək olduğunu bildirir.

Uyğur Tribunalı Çin hökumətini ittiham edən qərar qəbul edib
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

ABŞ kəşfiyyatının təsbiti

Anonimlik şərtilə danışan ABŞ administrasiyası rəsmisinin sözlərinə görə, ABŞ kəşfiyyatı Sintzyanda yüksək texnologiyalı videomüşahidə sistemi quraşdırıldığını təsbit edib. Biometrik üztanıma tətbiq olunur, uyğurların sistematik sıxışdırılması üçün regionun 12-65 yaşlı sakinlərinin DNT nümunələri yığılır.

Senatın dekabrın 16-da təsdiqlədiyi sənəd isə Sintzyandan bütün idxalı yasaqlayır. Şirkətlər məcburi əməkdən istifadə olunmadığını sübut etməlidirlər.

Uyğur İcbari Əməyinin Önlənməsi aktını iki gün öncə Nümayəndələr Palatası təsdiqləyib.

İndi aktı Prezident Co Bayden imzalamalıdır.

Ağ ev ötən həftə bəyan etdi ki, “Sintzyanda kobud insan haqları pozuntuları və vəhşiliklər” səbəbindən Pekində keçiriləcək Qış Olimpiya oyunları diplomatik səviyyədə boykot olunacaq.

XS
SM
MD
LG