Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:35

Vəkil: 'Bankın sağlamlaşdırılmasına 12 milyard ayrılıb, o da ortada yoxdur...'


Beynəlxalq Bank
Beynəlxalq Bank

"Cahangir Hacıyev özü də bildirir ki, bu ittihamlar ona siyasi sifarişlə verilib”, – Beynəlxalq Bankı keçmiş rəhbəri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev belə deyir.

Həbsdə olan bankirin vəkilləri mayın 18-də Bakı Apellyasiya Məhkəməsində çıxış edib.

Fəxrəddin Mehdiyev deyir ki, C.Hacıyev haqqında hökm qanunsuz və əsassızdır, ortada sübut yoxdur: "Bu iş Beynəlxalq Bankdan götürülmüş kreditlərlə bağlıdır və sırf mülki məsələdir. Bu işə cinayət qanunvericiliyi müstəvisində baxıla bilməz. Sübutetmə vəzifəsi ittiham tərəfinin üzərində olsa da, ortaya heç bir sübut qoyulmayıb".

Buna da bax:​ 'Beynəlxalq Bankdan Qazaxıstan pensiyaçıları da ziyan çəkə bilər'

Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

“MƏNİMSƏMƏK FİKİRLƏRİ VARDISA...”

F.Mehdiyev deyir ki, mediada və ictimaiyyətdə Beynəlxalq Bankın milyardlarla vəsaitinin mənimsənilməsindən söhbət getsə də, istintaq banka 211 milyon manat ziyan vurulduğu qənaətinə gəlib. Vəkilin sözlərinə görə, dəymiş ziyanla bağlı hesablamalarda da problemlər var və məhkəmə bunu araşdırmadı:

"Götürülmüş kreditlərin çox hissəsi ödənilibsə, hansı mənimsəmə cinayətindən söhbət gedə bilər? Mənimsəmək fikirləri vardısa, kreditlərin bir hissəsi niyə ödənilirdi? Təqsirləndirilən şəxslər bildirirdilər ki, digər vəsaitlər də layihələrə sərf edilib və kredit şəklində ödəniləcək. Buna baxmayaraq, onların hamısını həbs elədilər, nəticədə məbləği tam ödəmək mümkün olmadı. İstintaq da, məhkəmə də obyektiv araşdırma üçün lazımi sənədləri əldə etməkdən imtina elədi. Cahangir Hacıyev və digərləri qərəz nəticəsində həbs olundu. Ondan sonra Beynəlxalq Banka təyin olunan rəhbər şəxs isə “qara bazar” yaratdığına görə vəzifəsindən azad edildi və bildiyimə görə, hazırda istintaq gedir. Halbuki Cahangir Hacıyevin dövründə illər üzrə gəlir dinamikası daim artan xətlə müsbətə doğru olub. Onun həbsindən sonra isə bank zərərlə işləməyə başlayıb. Zərərdən əlavə, bankın sağlamlaşdırılması üçün 12 milyard manat ayrılıb, o məbləğ də ortada yoxdur. Hazırda isə Beynəlxalq Bank iflas mərhələsindədir”.

Buna da bax:​ Deputat: 'Beynəlxalq Bank ilə bağlı qarşıda iki məsələ var'

Fəxrəddin Mehdiyev deyir ki, C.Hacıyevin yaxınlarına da təzyiqlər edilir, onların ölkədən çıxışına qadağalar qoyulub, işləyən qohumları vəzifələrini itiriblər.

“HÖKM İTTİHAM AKTINDAN KÖÇÜRÜLÜB”

Digər vəkil Aqil Layıcov da istintaq və məhkəmənin qərəzli olmasından gileylənib. Deyib ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən 33 vəsatət qaldırıblar, heç biri təmin olunmayıb.

Aqil Layıcov
Aqil Layıcov

"Məhkəmənin hökmünə diqqət yetirsəniz, görəcəksiniz ki, ittiham aktından olduğu kimi “kopya” edilib. Hətta vergül səhvlərinə qədər eynidir. Bizim xaricdən aldığımız apostol möhürlü sənədləri “mötəbər sübut” kimi tanımayan məhkəmə ittihamın kağız parçalarını, mülahizəyə söykənən qənaətini sübut kimi qəbul edərək hökm çıxarıb. İttiham tərəfinin 83 şahidi dindirildi, müdafiə tərəfinə isə bir şahidi də dindirməyə şərait yaradılmadı. Kim bu işə bu qədər müdaxilə edir, “gizli əl” haradan idarə edir?”, - Aqil Layıcov bildirib.

Buna da bax: Cahangir Hacıyev: ‘Vəziyyətimə görə gələ bilmirdim...’

Vəkil əlavə edib ki, C. Hacıyevin işi ilə bağlı dörd məsələ üzrə artıq Avropa Məhkəməsinə müraciət edilib.

Vəkillərin çıxışından sonra hakim Cahangir Hacıyevə söz versə də, bankir vaxt istəyib. Ona mayın 25-nə qədər vaxt verilib.

XATIRLATMA

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ Cahangir Hacıyev: 'Mən siyasi məhbus kimi tanınmaq istiqamətində...'

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də haqqındakı hökmdən apellyasiya şikayəti verib.

XS
SM
MD
LG