Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:52

Narazı hüquqşünaslar etiraz aksiyalarına başlamaq qərarı verib


Vəkillər "Nardaran işi" məhkəməsində
Vəkillər "Nardaran işi" məhkəməsində

Məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünaslar Milli Məclisin oktyabrın 31-də qanunvericiliyə etdiyi dəyişikliklə əlaqədar etiraz aksiyalarına başlamaq qərarı verib. İlk addım isə Bakıda mitinq keçirmək olacaq.

Praktik Hüquqşünaslar Qrupu noyabrın 3-də bu haqda qərar verib.

Parlament “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Buna da bax:​ 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Praktik Hüquqşünasların İşçi Qrupunun üzvü Xalid Bağırov bildirib ki, qanunun təsir etdiyi hüquqşünaslarla yanaşı, faktiki müdafiəsiz vəziyyətdə qoyulan bəzi vətəndaşlar da bundan narazı qalıb.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsini, vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonrada bəzi düzəlişlərlə qəbul edib.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının təqribən 900-dən bir qədər çox üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

XS
SM
MD
LG