Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:23

'Nə olsun? Hakimiyyətin Venesiya Komissiyası vecinə də deyil'


Azərbaycanda referendum. Karikatura. Gündüz Ağayev.
Azərbaycanda referendum. Karikatura. Gündüz Ağayev.

«Təklif olunan dəyişikliklərin çoxu prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər», - Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı rəyində belə deyilir.

«Təklif olunan dəyişikliklərin çoxu prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər»

Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevsə bildirib ki, Azərbaycan prezidentinə əlavə səlahiyyətlər verilməsindən deyil, “idarəetmənin təkmilləşdirilməsindən”, “islahatların sürətlə həyata keçirilməsindən” söhbət gedir.

Deputatlar rəylə tanış deyillər

“Referenduma bir həftədən az qalmış bir vaxtda rəyin açıqlanması qeyri-operativ yanaşmadır və bu, qəbuledilən deyil”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova, parlamentdə komitə sədri Səməd Seyidov, Yevda Abramov, Araz Əlizadə, Asim Mollazadə rəy açıqlanandan bir neçə saat sonra da onunla tanış olmadıqlarını söyləyiblər.

Buna da bax:​ Venesiya Komissiyası ilkin rəyini açıqladı

İsa Qəmbər: “Ölçülü-biçili yanaşmadır, amma...”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Venesiya Komissiyasının rəyini yetərincə “ölçü-biçili” sayır. O, qurumun referenduma çıxarılan təkliflərin Avropa dəyərlərinə, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə zidd olduğunu aydın göstərdiyini deyir: “Xüsusən hakimiyyətin qolları arasında balansın ciddi şəkildə pozulması və prezident hakimiyyətinin ciddi şəkildə artırılmasının yanlış olduğu qeyd edilir. Referendumun müzakirə mühiti olmadan keçirilməsi də tənqid olunur. Bütün bunlar prinsipial və doğru qiymətlərdir”.

"Maraqlı olan, bu sənədin, Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, referendumdan öncə açıqlanmasıdır".

Amma İsa Qəmbərin Venesiya Komissiyasının rəyinə deyil, “rəyi bu qədər gec ortaya çıxarmasına” etirazı var.

“Daha operativ, daha məsuliyyətli olmalıydılar”

O, hakimiyyətin referendum mövzusunu iyulun 3-cü ongünlüyündə - yayda, tətil dönəmində gündəmə gətirdiyini yada salır. İsa Qəmbər, buna baxmayaraq, “demokratik düşərgənin toparlandığını, Müsavat Partiyasının 40 min imza toplayaraq təşəbbüs qrupu yaratmaq istədiyini, kütləvi aksiyalar keçirildiyini” qeyd edir. Ancaq həmin dönəmdə beynəlxalq qurumların “uzun müddət susduğunu”, yalnız bir ay sonra Avropa Şurası rəhbərliyinin Venesiya Komissiyasına müraciət edərək rəy istədiyini bildirir:

“Referenduma bir həftədən az qalmış bir vaxtda rəyin açıqlanması qeyri-operativ yanaşmadır və bu, qəbuledilən deyil. Beynəlxalq təşkilatlar bu işə daha operativ, daha ciddi və daha məsuliyyətli yanaşmalıydılar. Axı söhbət təkcə bir dövlətin Konstitusiyaya dəyişiklik etməsindən deyil, Avropa Şurası və başqa beynəlxalq təşkilatların üzvü olan dövlətdə beynəlxalq öhdəliklərə, demokratiya normalarına zidd dəyişikliklərdən gedir”.

Buna da bax:​ Prezident Administrasiyasından Venesiya Komissiyasının rəyinə cavab gəldi

"Nə olsun? Hakimiyyətin Venesiya Komissiyası vecinə də deyil"

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli məsələyə fərqli bucaqdan baxaraq, öz “Facebook” səhifəsində yazır: “Avropa Şurası Venesiya Komissiyasının ilkin rəyinin referenduma 6 gün qalmış ictimaiyyətə açıqlanması mənim üçün gözlənilməz oldu. Məsələ rəyin mətnində deyil və Venesiya Komissiyası indiyədək bundan da sərt rəy və tövsiyələrlə çıxış edib. Maraqlı olan, bu sənədin, Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, referendumdan öncə açıqlanmasıdır. Bununla da Venesiya Komissiyası obyektiv və operativ çalışan qurum kimi öz nüfuzunu qaldırdı”.

“Hakimiyyətin Venesiya Komissiyası vecinə də deyil”

Politoloq Zərdüşt Əlizadə Azərbaycan hökumətinin heç bir rəyi nəzərə almadığını bildirərək deyir: “Venesiya Komissiyası nə edə bilər? Bu Komissiya yüz dəfə bizim seçki qanunvericiliyi haqqında rəy verib. Kimdir onu sayan? Bircə bizim aciz, gücsüz müxalifət bu cür rəyləri şişirdərək, “Gördünüzmü, Venesiya Komissiyası hakimiyyətin təklif etdiyi dəyişiklikləri məhv etdi”, - deyir. Nə olsun? Hakimiyyətin Venesiya Komissiyası vecinə də deyil”.

XS
SM
MD
LG